ANA SƏHİFƏ » 2010-11-11 Konstitusiya -15 il. Müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edə biləcək Əsas Qanun

 

«Bu sənədin hazırlamasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm».

Heydər Əliyev

Konstitusiya layihəsinin hazırlanması üzrə Komissiyanın sədri, Azərbaycan xalqının ümummilli lideri


 

Dünyanın siyasi xəritəsində görünməmiş dəyişikliklərlə yadda qalan XX əsrin sonları zəngin tarixi ənənələrə malik müstəqil Azərbaycan dövlətçiliyinin bərpası üçün əlverişli və əvəzedilməz şərait yaratdı. Lakin elə müstəqilliyimizin ilk illəri göstərdi ki, doğrudan da əldə olunmuş istiqlaliyyəti qoruyub saxlamaq, inkişaf etdirmək, ən azı, onu əldə etmək qədər çətin və şərəfli vəzifədir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra ölkəmiz milli təhlükəsizliyi təhdid edən hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və s. kimi böyük problemlərlə üzləşdi. Məhz belə bir tarixi məqamda qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsil edə biləcək ümummilli liderə, tarixi şəxsiyyətə olan ehtiyac özünü büruzə verdi. Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərin yaşandığı bir vaxtda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edərək, həmin dövrdən taleyini yenə də Heydər Əliyevə etibar etdi. Ulu öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra fenomenal bacarığı və zəngin dövlətçilik təcrübəsi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas edə bildi, xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşdirərək şərəfli tarixi missiyasını uğurla yerinə yetirdi.

Bütün ömrünü Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhfə olmuşdur.

Qeyd olunan mürəkkəb tarixi şəraitdə yeni Konstitusiyanın qəbul olunması bir çoxları üçün bəlkə də ikinci dərəcəli məsələ hesab edilirdi. Lakin Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərindən ölkənin hüquq sistemində mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılmasında, Azərbaycan Respublikasının xarici və daxili siyasi prioritetlərinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyət kəsb edən bu vacib məsələnin həllini zəruri hesab edirdi.

Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Ulu öndər yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edirdi: «Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun».
Beləliklə, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etdi.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini ehtiva edir.

Şübhəsiz ki, Konstitusiyanın qəbul edilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması, siyasi sistemdə və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuş, ictimai-siyasi, iqtisadi və mədəni həyatdakı inkişafa güclü təkan vermişdir.

Konstitusiya dövlətin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini, yəni hakimiyyətin hər bir qolunun səlahiyyət və vəzifələrini birinin digəri üzərində üstünlüyünə və funksiyalarını özündə mənimsəməsinə yol vermədən konstitusiya sistemi çərçivəsində həyata keçirilməsi qaydasını müəyyən etmişdir.

Ümumiyyətlə, hər bir ictimai mühitdə Əsas Qanunun əhəmiyyəti onun daşıdığı funksiyalar vasitəsilə reallaşır. Azərbaycan Respublikasının Konstitusiyası da hüquqi, siyasi və humanistlik kimi mühüm funksiyaları yerinə yetirməklə cəmiyyətin və dövlətin həyatında, ölkənin siyasi sistemində və hüquq sistemində əvəzedilməz rola malikdir.

Milli Konstitusiyamızın hüquqi funksiyası bu sənədin ölkənin hüquq sisteminin əsasını təşkil etməsində, milli hüquq sisteminin təməl prinsiplərini təsis etməsində, müxtəlif hüquq sahələri üçün əsas baza və istiqamətverici akt olmasında öz ifadəsini tapır. Yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya mövcud qanunvericiliyə vahid istiqamət verməklə onun ümumi sistem kimi formalaşmasına şərait yaradır, qarşılıqlı əlaqədə və müvafiq tabeçilikdə olan hüquq institutları və normativ aktlar vasitəsilə ictimai münasibətlərin nizamlayıcısı və hüquqi tənzimləyicisi kimi çıxış edir. Bütün qeyd olunanların əsasını isə şübhəsiz ki, dövlətin suverenliyi, insan hüquq və azadlıqları, dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi və s. kimi mühüm konstitusiya müddəları təşkil edir.

Konstitusiyamızın digər funksiyası, ilk növbədə, siyasi müxtəlifliyin, çoxpartiyalılığın, fikir plüralizminin elan edilməsindən və təsbit olunmasından ibarət olan siyasi funksiyadır. Siyasi proseslərdə iştirakda, siyasi fəaliyyəti həyata keçirməkdə, dövlət hakimiyyəti uğrunda qanunla yol verilən qaydada və üsullarla mübarizədə bütün siyasi qüvvələr üçün bərabər imkanlar yaradan, bütün birliklərin sərbəst fəaliyyətinə təminat verən Konstitusiya, eyni zamanda, irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqatı və təbliğatı, legitim quruluşa qarşı və dövlət hakimiyyətini zorla devirməyə yönəlmiş fəaliyyəti qadağan edir.

Əsas Qanunun mühüm təyinatlarından biri də onun humanizmə yönəlmiş funksiyasında təzahür edir. Belə ki, Konstitusiyada ümumbəşəri dəyərlər, sivil cəmiyyətlər üçün səciyyəvi olan hüquq və azadlıqlar təsbit edilib, dövlətin xarici əlaqələrinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri əsasında qurulduğu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin ölkənin qanunvericiliyinin tərkib hissəsi olduğu müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasında əks olunan, hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək prinsiplərdən biri onda insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu prinsip özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm müddəanı əks etdirir, ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir. Norma, eyni zamanda, insan hüquqlarının tətbiqi ilə bağlı milli qanunvericiliyin tənzimlənməsindən kənar qalmış hər hansı məsələyə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin birbaşa tətbiqini qanuniləşdirir.

Qeyd etmək lazımdır ki, iyirminci əsrin ortalarınadək beynəlxalq hüququn daxili hüquqa təsir mexanizmi çox mürəkkəb idi. Lakin zaman keçdikcə, milli hüquqla beynəlxalq hüquq arasında olan sədd aradan götürüldü, bu iki sistem arasında qarşılıqlı əlaqə və təsir güclənməyə başladı. Bugünkü reallıq isə ondan ibarətdir ki, hər bir dövlətin daxili hüququ özündə müxtəlif formalarda - inkorporasiya və ya transformasiya yolu ilə beynəlxalq hüquq normalarını əks etdirir, beynəlxalq münasibətlərin tənzimlənməsi məhz beynəlxalq hüququn primatı (üstünlüyü) üzərində qurulur.

Müasir dövrdə demokratiya hər bir dövlətin başlıca inkişaf göstəricisi, insan hüquq və azadlıqlarının müdafiəsi isə belə dövlətin əsas vəzifəsi kimi qəbul olunur. Konstitusiyanın ən böyük fəsli bütövlükdə insan hüquqları və azadlıqlarına, onların konstitusiya normalarında ifadəsinə və təmin olunmasına yönəlib. Bu fəsil özündə fundamental hüquq və azadlıqların bütöv bir sistemini əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edir.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi elan edən Konstitusiya şəxsiyyətin ləyaqətinin qorunmasını, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsini dövlətin əsas vəzifələri sırasına aid etməklə humanizm dəyərlərinə sadiqliyini bəyan edir. Əsas Qanunda konseptual baxımdan yeni, insan amilini önə çəkən ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Belə ki, ölkəmizin uzun illər daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyır, dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə sözsüz ki, liberal demokratiya üçün öncül amillərdən olan şəxsi hüquq və azadlıqların müdafiəsinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu baxımdan Konstitusiyada dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

İnsan hüquq və azadlıqlarının statusu və onlara yanaşmada müasir meyillərdən çıxış edən ölkə Konstitusiyası həmin hüquq və azadlıqları dövlətin öz vətəndaşlarına verdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edir və onları toxunulmaz, pozulmaz və ayrılmaz elan edir, hamının məhkəmə və qanun qarşısında bərabərliyini tanıyır.

Lakin bu o demək deyildir ki, hüquq və azadlıqlar heç bir məhdudiyyətə məruz qala bilməz. Konstitusiyanın özündə nəzərdə tutulur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Demokratik cəmiyyətdə zəruri, qanunla müəyyən edilmiş və ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olan məhdudiyyətlər məhz insan hüquqlarının daha səmərəli təminatına imkan verir, cəmiyyətin və millətin təhlükəsizliyinin, digər şəxslərin hüquq və azadlıqlarının qorunmasının təminatlarından biri kimi çıxış edir. Bu baxımdan Konstitusiyanın ayrılmaz hissəsi olan «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanunu da mühüm əhəmiyyətə malikdir.

İnsan hüquq və azadlıqlarının real həyata keçirilməsinin mühüm mexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca insan hüququ və ya təminat kimi nəzərdə tutulan «hüquq və azadlıqların məhkəmə təminatı» Əsas Qanunda kifayət qədər geniş mənada ifadə olunmuşdur: hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsi). Bu təminat kifayət qədər geniş olmaqla, bir sıra beynəlxalq sənədlərdə «ədalətli məhkəmə baxışı hüququ» kimi əks olunan insan hüququnun bütün zəruri elementlərini ehtiva edir. Həmin məqam Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarda xüsusi vurğulanmışdır. Konstitusiya Məhkəməsi 2004-cü il 12 aprel tarixli qərarında ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən və qanunla müəyyən edilmiş prosedurlar üzrə həyata keçirilməsinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olduğunu qeyd etmişdir. 2004-cü il 23 aprel tarixli qərarında isə, Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadla bu hüququn özündə aşağıdakı üç elementin vəhdətini nəzərdə tutduğunu bildirmişdir: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və ya imkanının) olması.
Aydındır ki, Konstitusiyanın siyasi mənası onun hüquqi məzmunundan daha əhatəlidir. O, dəyərlər, prinsiplər və mexanizmlər ətrafında ictimai razılıq və anlaşma yaradır, bununla da həmin mərhələdə cəmiyyətin inkişafına təkan verir. Bu mənada, yaradıcısı ümummilli liderimiz olan Konstitusiya xalqımızın tarixi nailiyyətlərinin və zəngin təcrübəsinin nəticəsi, milli dövlətçiliyimizin inkişafında və formalaşmasında istiqamətverici rol oynayan xüsusi əhəmiyyətli tarixi və hüquqi sənəddir. Azərbaycan dövlətinin və xalqının qarşısında duran və həyata keçirilməsi vacib olan tarixi vəzifələr Konstitusiyada müəyyənləşdirilmişdir. Konstitusiyamız Azərbaycanda demokratik-hüquqi dövlətin, cəmiyyətdə sabitliyin və inteqrasiyanın, bazar iqtisadiyyatının, vətəndaş cəmiyyətinin yaradılmasına və inkişaf etdirilməsinə xidmət edən dəyərləri özündə əks etdirir.

Konstitusiyanın əks etdirdiyi ideya, prinsip və funksiyalardan irəli gələrək onun qəbulundan ötən 15 il müddətində Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti, sosial dövlət quruculuğu məqsədlərinə yönəlmiş insan hüquq və azadlıqlarının təmin olunması və demokratik nailiyyətlərin möhkəmləndirilməsi yönündə mühüm addımlar atılmışdır. Həyata keçirilən əsas tədbirlərin bir hissəsi insan və vətəndaş hüquq və azadlıqlarının konkretləşdirilməsini və həyata keçirilməsini təmin edən qanunvercilik bazasının, hüquqi dövlət və vətəndaş cəmiyyəti institutlarının yaradılmasına, təkmilləşdirilməsinə və səmərəliyinin artırılmasına yönəlmiş tədbirlər olmuşdur. Bu dövr ərzində siyasi sistemdə ölçüyəgəlməyən dəyişikliklər baş verib: birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşıb və Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ hüquqi akt qəbul edilib; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşıb; dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu – bələdiyyə orqanları yaradılıb və fəaliyyətə başlayıb.

Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən biri xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar olmuşdur. Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin dairəsini xeyli genişləndirmiş, mülki dövriyyəni zənginləşdirmiş, əhalinin xüsusi mülkiyyətinin həcmini əhəmiyyətli dərəcədə artırmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən böyük vəzifələrdən biri isə yeni hüquq sisteminin formalaşması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Göstərilən istiqamətdə həyata keçirilmiş ciddi addımlar nəticəsində ölkədə müasir tələblərə cavab verən üçpilləli məhkəmə sistemi və yeni hakim korpusu formalaşdırılmışdır.

Bu gün hakimlərin və ümumiyyətlə məhkəmə sistemində çalışan dövlət qulluqçularının ən ümdə vəzifələrindən biri vətəndaşlarda ədalət mühakiməsinə olan etimadın yüksəldilməsidir. Çünki sovetlər rejiminin mövcud olduğu dövrdə məhkəmə hakimiyyətinin müstəqilliyinin formal xarakter daşıması və hakimlərin bir çox hallarda sifarişli fəaliyyət göstərməsi əhalinin məhkəmələrə olan inamını xeyli azaltmışdır. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətdə demokratiyanın inkişaf səviyyəsi ədalət mühakiməsinə olan inama, hakimlərin müstəqillik səviyyəsinə və sərbəst qərar qəbul edə bilmək imkanlarına əsasən müəyyən edilir. Bu gün insanlarda məhkəməyə hörmət, sözün yaxşı mənasında, məhkəmənin nüfuzundan çəkinmək hissi formalaşdırılmalıdır. Hər kəs başa düşməlidir ki, son anda müstəqil məhkəməyə müraciət etməklə öz hüquqlarının müdafiəsinə, ədalətin təntənəsinə nail olacaqdır. Məhkəmələrin maddi təminatının zəruriliyi ilə yanaşı hakimlərin, hətta məhkəmə aparatında işləyən işçilərin də insani keyfiyyətlərinin səviyyəsi mühüm amillərdəndir. Əgər öz hüquqlarının müdafiəsi üçün ədalət mühakiməsinə üz tutan vətəndaş bu orqanın kandarında lazımi insani münasibəti görmürsə, bu artıq onun məhkəməyə inamını, probleminin burada həll ediləcəyinə əminliyini şübhə altına alır.
Bu gün ölkəmizdə hüquqi dövlətin vacib atributu olan müstəqil məhkəmə hakimiyyətinin tam bərqərar edilməsinə yönəlmiş köklü islahatlar aparılır. Ölkədə hakimlərin nisbətən yüksək əmək haqqı almaları, peşə fəaliyyəti ilə əlaqədar zəruri vasitələrlə təchizatı, onların sosial təminatının gücləndirilməsi ilə bağlı normativ bazanın yaradılması belə mühüm elementlərdəndir.

Onu da əminliklə qeyd etmək olar ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi prosesində cəmiyyətin bütün təbəqələri iştirak etməlidir, çünki məhz cəmiyyətin özü məhkəmənin qərəzsizliyində maraqlı olmalıdır. Vətəndaşların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf səviyyəsi də hakimlərin müstəqilliklərinin təmin edilməsi və məhkəməyə etimadın formalaşması işində mühüm rola malikdir.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının beynəlxalq birliyə inteqrasiyasının gücləndiyi və hüququn müasir inkişafı şəraitində konstitusiya islahatlarının aparılması, Konstitusiyanın özünün də təkmilləşdirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsi zərurəti ortaya çıxdı. Bu tədbirlər ilk növbədə Konstitusiyanın özündə müəyyən edilmiş konsepsiyanın reallaşdırılması, Azərbaycan hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məqsədlərinə xidmət etmişdir. Sözsüz ki, əgər Əsas Qanuna dəyişiklik tarixi zərurətdən, ictimai tələbatdan irəli gəlməklə proqressiv nəticələrə imkan yaradırsa, yalnız onun sabitliyini və dəyişilməzliyini əsas gətirərək konstitusiya islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz.

Bu mənada 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında referendum aktlarına uyğun olaraq Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilməsi ciddi əhəmiyyətə malikdir. Bu əlavə və dəyişikliklər ilk növbədə cəmiyyətimizin inkişafından doğan və Konstitusiyanın, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlmişdir. Bütövlükdə isə dəyişikliklər ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və dövlət hakimiyyəti orqanları arasında fəaliyyətin və qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsi məqsədinə xidmət etmişdir.
Konstitusiyanın hüquqi dövlət quruculuğu meyillərinin tələblərindən irəli gələrək ötən dövr ərzində bir sıra yeni institutlar, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmış və fəaliyyətə başlamışdır.

Məlum olduğu kimi, konstitusiya nəzarəti orqanları ayrı-ayrı dövlətlərin hüquq sistemində xüsusi mövqeyə, spesifik təyinata və funksiyalara malik olurlar.
Qanunvericilikdə Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyinin təmin edilməsi və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilmişdir. Məhkəmə müstəsna olaraq, Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və milli hüquq sisteminə öz töhfəsini verir.

1998-ci ildən yaranmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır.

Ötən müddət ərzində Konstitusiya Məhkəməsi ümumilikdə, 186 qərar və 40 qərardad qəbul etmiş və bu qərarların böyük bir hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olmuşdur. Qərarlardan 74-ü isə fərdi şikayətlər əsasında qəbul edilmişdir. Qeyd etmək istərdim ki, fərdi şikayət institutunun yeni yaranmasına baxmayaraq, vətəndaşlar bu hüquqlarından fəal istifadə edirlər.

Konstitusiya Məhkəməsinin insan hüquq və azadlıqlarının pozuntusu ilə bağlı konkret işlər üzrə çıxardığı qərarlar hüquq tətbiqedici orqanlar, o cümlədən, məhkəmələr üçün hüququn mənbəyi qismində çıxış edir. Fərdi şikayətlər əsasında çıxarılmış qərarlar, həmçinin onlarda ifadə olunan hüquqi mövqelər baxımından çox böyük praktiki əhəmiyyətə malikdir. Belə ki, Məhkəmənin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yarandığı gündən xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, o cümlədən Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə xüsusi diqqət yetirir.

Konstitusiya Məhkəməsinin dəvəti ilə Rusiya, Almaniya, ABŞ, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Türkiyə, Norveç, İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Qırğızıstan və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təmsilçiləri dəfələrlə ölkəmizə işgüzar səfərlər etmişlər.

Konstitusiya ədalət mühakiməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyətin yaranması və s. məsələlərə həsr olunmuş beynəlxalq səviyyəli birgə seminar və konfransların təşkili ilə yanaşı, həmçinin xarici ölkələrin konstitusiya məhkəmələrinə təlim və tanışlıq səfərləri də təşkil edilmişdir.

Yaxın bir neçə il ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Türkiyə, Belarus və Moldova konstitusiya məhkəmələri arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzanlanmışdır.

Son vaxtlar beynəlxalq fəaliyyət çərçivəsində Avropa Şurası və Hüquq Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) ilə əməkdaşlığa mühüm yer verilir. Azərbaycan tərəfinin dəvətinə əsasən Komissiyanın ekspert qrupu dəfələrlə ölkəmizdə səfərdə olmuş, qanun və hüquq islahatları sahəsində, o cümlədən «Konstitusiya Məhkəməsi haqqında» Qanun və Məhkəmənin Daxili Nizamnaməsinin layihələrinə dair öz rəy və təkliflərini vermişlər.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 15-ci ilinin tamam olması ilə əlaqədar bu günlərdə Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və ATƏT-in Bakı ofisi ilə birgə «İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmi» mövzusunda beynəlxalq konfrans keçirir. Tədbirdə Almaniya, Belarus, Türkiyə, Gürcüstan, Litva, Rusiya, Qazaxıstan, Latviya, Ukrayna, Estoniya konstitusiya məhkəmələrindən və İnsan hüquqları üzrə Avropa Məhkəməsindən nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Nəhayət yekun olaraq qeyd etmək istərdim ki, hüquqi dövlət quruculuğunun təməli olan Konstitusiyanın mövcudluğu özlüyündə hələ demokratik dəyərlərin bərqərar olması demək deyildir. Bunun üçün ilk növbədə Konstitusiya müddəalarının şərtsiz icrasına nail olmaq zəruridir. Konstitusiyaya ciddi riayət dövlətçiliyin uğurlu inkişafının və cəmiyyətdə vətəndaş həmrəylinin əsasıdır. Əsas Qanunumuzun potensialı o vaxt tam reallaşacaq ki, həm dövlət orqanları, həm qeyri-hökumət təşkilatları, həm də ayrı-ayrı şəxslər, bir sözlə, bütün cəmiyyət onun normalarına sadiq olacaq və gündəlik həyatda rəhbər tutacaqdır. Odur ki, ölkəmizin bu gününü əks etdirməklə yanaşı, həm də gələcəyini istiqamətləndirən Konstitusiyamızın təbliğinə və izahına böyük ehtiyac vardır.

Sözsüz ki, hər bir vətəndaşın qarşısında duran əsas vəzifələrdən biri də dövlətimizin konstitusiyalı quruluşunun qorunması və gücləndirilməsi, insan hüquq və azadlıqlarının hamı tərəfindən dönmədən və ardıcıl müdafiəsi, hüququn aliliyinin, cəmiyyətdə sülhün və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsindən ibarətdir. Unutmamalıyıq ki, Azərbaycan dövlətinin müstəqilliyi, onun istiqlaliyyəti və suveren ölkə olaraq mövcudluğu xalqımızın ən qiymətli və əvəzedilməz nailiyyətidir. İstiqlaliyyətimizin qorunması və möhkəmləndirilməsi, dövlətimizin daha xoşbəxt gələcəyi işində isə Konstitusiyanın rolu inkaredilməzdir. Müstəqil Azərbaycan dövlətinin inkişafı və gücləndirilməsində, Əsas Qanunun qəbulunda müstəsna xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyevin sərf etdiyi böyük zəhmət artıq öz real töhfələrini verir. Bu gün isə ümummilli liderin başladığı şərəfli missiya bu siyasi kursun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə yaranmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit Azərbaycanın parlaq gələcəyinə olan inamı bir daha artırır. Dövlətimizin başçısının fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulmuşdur.

Dövlətçiliyin və iqtisadiyyatın gücləndiyi, demokratik və müasir dəyərlərin inkişaf etdiyi indiki dövrdə Konstitusiya Günü, sözün həqiqi mənasında, hər birimizə yaxın olan ümumxalq bayramına çevrilmişdir. Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsi, xalqımızın rifahının yüksəldilməsi üçün hər birimiz ilk növbədə Konstitusiyada bəyan edilmiş milli və ümumbəşəri dəyərləri qorumalı və inkişaf etdirməliyik.

Fürsətdən istifadə edərək, xalqımızı bu ümummilli bayram – Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, xalqımıza xoşbəxt həyat, əmin-amanlıq diləyir və Konstitusiyamızın müəyyənləşdirdiyi inkişaf yolunda hər kəsə uğurlar arzu edirəm.


Fərhad Abdullayev

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri