ANA SƏHİFƏ » 2005-05-10 Dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının doğum günü ərəfəsində Konstitusiya Məhkəməsində bir sıra tədbirlər keçirilmişdir.

Dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının doğum günü ərəfəsində Konstitusiya Məhkəməsində bir sıra tədbirlər keçirilmişdir. Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşları Fəxri Xiyabanı ziyarət edərək, ümummilli liderimizin xatirəsini ehtiramla anmış, abidə kompleksi üzərinə əklil və gül-çiçək dəstələri qoymuşlar. Mərasimdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü münasibətilə büstünün təntənəli açılış mərasimi olmuşdur.

Mərasimi Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev açaraq, qeyd etmişdir ki, "Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi və bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Milli dövlətçiliyimizin dağılmaq təhlükəsi qarşısında qaldığı və ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda Azərbaycan xalqı hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini Heydər Əliyevə etibar etmişdir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də, özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas edə bilmiş və Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdır". Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası və xalqı qarşısındakı böyük xidmətlərini xatırladan Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və Konstitusiya Məhkəməsinin yaradılmasında onun əvəzsiz xidmətini xüsusilə vurğulayaraq, bildirmişdir ki, həmin tarixi şəraitdə cəmiyyətdə sabitliyi bərpa edə biləcək yeni Konstitusiyanın əsasını təşkil edən ideya və dəyərlər üzərində razılıq əldə edilməsinə təminat verə biləcək siyasi iradə və müdrikliyə ehtiyac var idi. Bu müdriklik və siyasi iradə də ümummilli liderimiz Heydər Əliyevə məxsus olmuşdur. Çıxışının sonunda Konstitusiya Məhkəməsinin Sədri F.Abdullayev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin Azərbaycan Respublikasının siyasi, hüquqi və mədəni inkişafı istiqamətində mühüm nailiyyətlərini qeyd edərək, Respublikamızın yaxın zamanlarda ən qabaqcıl və inkişaf etmiş dövlətlərin sırasına qatılacağına əmin olduğunu bildirdi. Tədbirdə çıxış edən, Konstitutsiya Məhkəməsinin hakimi Ələddin Sultanov ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti haqqında məlumat verərək, dahi şəxsiyyət haqqında maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Konstitusiya Məhkəməsinin Sədri tədbiri yekunlaşdıraraq büstün müəlliflərinə, tanınmış heykəltaraş Arif Qazıyevə, arxitektor Cavanşir Əliyevə minnətdarlığını bildirmişdir.