ANA SƏHİFƏ » 2015-02-20 Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 20-də Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə ilə bağlı AzərTAc tərəfindən hazırlanmış film nümayiş olunub.
Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə bir gecədə azərbaycanlılara qarşı törətdiyi dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb.
Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev bu qətliamın beynəlxalq ictimaiyyətə çatdırılmasını və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin, yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır.
Qeyd edilib ki, son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır.
Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən xaricdə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, 2008-ci ildən başlayaraq həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu soyqırımın dünyada tanıdılmasında mühüm rol oynayıb. Məhz bu ardıcıl tədbirlər nəticəsində artıq bir neçə ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.
Hüquqda “Cinayət olan yerdə cəza da olmalıdır” prinsipini diqqətə çatdıran Fərhad Abdullayev bu qanlı soyqırımı törədənlərin layiqli cəzalarını almalarının vacibliyini vurğulayıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Azərbaycan hüquqşünaslarının da üzərinə düşən vəzifələrdən danışan Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımını törədənlərin layiqli cəzalarını almaq istiqamətində səylərimizi artırmalıyıq. Buna görə də dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməli, ölkəmizin haqq səsini dünyaya yaymaq istiqamətində var gücümüzlə çalışmalıyıq.
Tədbirdə, həmçinin Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları məruzələrlə çıxış ediblər.