ANA SƏHİFƏ » 2015-02-19 Azərbaycan ilə Serbiya arasında məhkəmə-hüquq əməkdaşlığının perspektivləri müzakirə olunub

Fevralın 19-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti və praktikası barədə qonağa məlumat verib. Qeyd edilib ki, yarandığı ilk günlərdən başlayaraq Məhkəmə beynəlxalq hüquq əməkdaşlığına diqqət yetirir, Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini izləyir. Dünya və Avropa Konstitusiya Məhkəmələrinin Konfransı təşkilatlarının tamhüquqlu üzvü olan Azərbaycanın Konstitusiya Məhkəməsi bir çox xarici konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq edir.
Sədr F.Abdullayev Avropada konstitusiya ədalət mühakiməsi sahəsində formalaşan vahid məhkəmə praktikasının əhəmiyyətini vurğulayaraq, konstitusiya prinsiplərinin qorunmasında Konstitusiya Məhkəməsinin mühüm rolunu qeyd edib.
Səfir N.Rodiç qəbula görə təşəkkürünü bildirərək Serbiya Respublikası və Azərbaycan Respublikası Konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Avropada müşahidə edilən hüquqi inteqrasiyaya toxunub.
Diplomat təmsil etdiyi ölkənin Konstitusiya Məhkəməsinin sədri adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrini Belqrada rəsmi səfərə dəvət edib.

Görüşdə, həmçinin Azərbaycan ilə Serbiya arasında məhkəmə-hüquq əməkdaşlığının perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.