ANA SƏHİFƏ » 2014-12-01 Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Monteneqroda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqro Konstitusiya Məhkəməsinin sədri D.Lopiçiçin dəvəti ilə bu ölkənin Konstitusiya Məhkəməsinin yaradılmasının 50 illiyinə həsr edilmiş beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün noyabrın 26-dan 29-dək Budva şəhərində səfərdə olub.
Konfransın açılışında iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviç tədbir iştirakçılarını salamlayıb.
Daha sonra açılış nitqləri ilə Monteneqro Konstitusiya Məhkəməsinin sədri D.Lopiçiç və Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Ş.Dyurr çıxış ediblər.
Konfransın praktiki işində konstitusiya şikayəti vasitəsilə insan hüquq və azadlıqlarının müdafiəsi, Konstitusiya Məhkəməsinin məhkəmə sistemində yeri, ədalətli məhkəmə baxışı, vətəndaşların şikayətlərinə Konstitusiya Məhkəməsi tərəfindən diqqət yetirilməsinin vacibliyi və digər hüquqi məsələlər ətrafında məruzələr səslənib, müzakirələr aparılıb.
Səfər çərçivəsində Monteneqro Konstitusiya Məhkəməsinin sədri, hakimləri və aparatın rəhbərliyi ilə görüşlər keçirilib, konstitusiya ədalət mühakiməsi sahəsində məhkəmə praktikası məsələləri müzakirə edilib.