ANA SƏHİFƏ » 2014-11-12 Azərbaycan Respublikasının Konstitusiyası mütərəqqi dəyərləri əks etdirən ali hüquqi sənəddir

Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna əhəmiyyətli hadisənin növbəti ildönümünü qeyd edirik. On doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə ölkəmizin müstəqilliyi dövründə ilk Konstitusiyasını qəbul etdi.
Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış yeni Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verdi.
Ümumiyyətlə, cəmiyyətdə siyasi və ictimai sabitliyin, ümumi razılığın, hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar müasir dövlətlərin hüquq sistemində mühüm yer tutur. Vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, demokratik, hüquqi dövlət və ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, bütövlükdə dövlətin fəaliyyət konsepsiyasını və gələcək prioritetlərini müəyyənləşdirən konstitusiyalar bütün dövlətlərin əsas qanunu kimi çıxış edir.
Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur. Konstitusiya, həmçinin ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik nailiyyətlərin qorunmasına xidmət edir. Təsadüfi deyildir ki, siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi və s. sahələrdə insan fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən konstitusiyalar bu və ya digər dövlətin hüquq sistemində ən ali yer tutur.
Müasir demokratik dövlətlərin qanunvericilik sistemlərinin əsası olan konstitusiyaları bütün digər hüquqi aktlardan fərqləndirən səciyyəvi xüsusiyyətlər mövcuddur. Bunların sırasında konstitusiyaların xalq tərəfindən qəbul edilməsi, təsisedici mahiyyət daşıması, cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi, aliliyi və ən yüksək hüquqi qüvvəsi, qəbul olunması və onlara əlavə və dəyişikliklərin edilməsinin xüsusi qaydasının nəzərdə tutulması kimi xüsusiyyətləri sadalamaq mümkündür.
Konstitusiya təsisedici mahiyyət daşıyır və konstitusiya tənzimləməsi ictimai münasibətlərin bütün sahələrini əhatə edir. Konstitusiyanın təsisedici mahiyyəti həm də onun dövlət, cəmiyyət və şəxsiyyət arasındakı münasibətlərin əsasını təşkil etməsində, dövlətin və cəmiyyətin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən etməsində özünü göstərir. Konstitusiya dövlət hakimiyyəti orqanlarının və konstitusiya hüququnun digər vacib subyektlərinin hüquq və vəzifələrini əks etdirir və bununla da, onların Əsas Qanunun ümumi konsepsiyasına müvafiq fəaliyyətini istiqamətləndirmiş olur.
Konstitusiyanın hazırlanması prosesinə çoxsaylı siyasi, iqtisadi, sosial, tarixi, beynəlxalq-hüquqi amillər, xalqın tarix boyu formalaşmış dövlətçilik ənənələri təsir göstərir. Qeyd edildiyi kimi, Konstitusiya bütün digər normativ hüquqi aktlardan fərqli olaraq, hərtərəfli xarakter daşıyır və cəmiyyət həyatının bütün sahələrini – siyasi, iqtisadi, sosial, mənəvi və digər sahələrini əhatə edərək, həmin sahələrdə ictimai münasibətlərin mühüm, fundamental əsaslarını tənzimləyir. Konstitusiya bütün digər qanunlardan daha çox cəmiyyətə, xalqa, sosial qruplara, ümumilikdə vətəndaşa ünvanlanır.
Yeni konstitusiyaların qəbul edilməsi bir çox halda bu və ya digər cəmiyyətin həyatında baş verən əhəmiyyətli, köklü dəyişikliklərlə birbaşa əlaqədar olur. Bu baxımdan, dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmiz qarşısında duran həyati əhəmiyyətli vəzifələrdən biri də Azərbaycanın gələcək inkişafının müasir dövrün tələblərinə uyğun əsas istiqamətlərinin müəyyən olunması, hüquqi dövlətin ümumqəbul olunmuş prinsiplərinin reallaşdırılması üçün zəruri olan tədbirlərin həyata keçirilməsi idi. Bu isə öz növbəsində, ölkənin gələcək inkişafının konseptual əsaslarını və təməl prinsiplərini əks etdirən Konstitusiyanın hazırlanmasını və qəbulunu zəruri edirdi. Lakin ölkəmizdə siyasi sabitliyin və xalqın mənafelərini əks etdirən siyasi iradənin olmaması qarşıda duran vəzifələrin reallaşdırılmasını qeyri-mümkün etmişdi. Məhz müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra dövlət və cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı islahatların başlanılmasına, o cümlədən Əsas Qanunun qəbuluna imkan verən zəruri ictimai-siyasi mühit formalaşdırıldı.
Bu gün əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyasının qəbulu ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısında tarixi xidmətlərindən biridir. Ümummilli Liderimiz Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etmiş, onun müasir dəyərləri özündə ehtiva edən formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Bu ümummilli əhəmiyyətli sənədin 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbulu Azərbaycan dövlətçiliyinin inkişafı tarixində yeni səhifənin başlanğıcını qoymuşdur.
Konstitusiyanın qəbul edilməsi sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də ölkəmizin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ siyasi sistemin mərkəzində insanın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. İnsanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər kimi qəbul olunması ölkə Konstitusiyasının əsas qayəsini təşkil edir.
Konstitusiyanın Preambulasında Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq və suveren hüququndan istifadə edərək bəyan etdiyi ülvi niyyətləri sadalanır. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək xalqımızın niyyətləri sırasında bəyan edilmişdir.
Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik akt olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir. Ölkə Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Bunların sırasında insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və digər prinsip və dəyərlər xüsusi əhəmiyyət kəsb edir.
Konstitusiya Azərbaycanın konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Konstitusiyada nəzərdə tutulur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edib, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit edib.
Dövlət hakimiyyətinin təşkilinin hakimiyyətlərin bölünməsi prinsipinə əsasən aparılması hüquqi dövlətin təməl prinsiplərindən biri olmaqla, Konstitusiyada təsbit edilib. Konstitusiyaya əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi plüralizm kimi mühüm prinsip də Əsas Qanunda öz əksini tapıb.
Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası ölkə Konstitusiyasında geniş əksini tapıb. Konstitusiya xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmağı dövlətin üzərinə vəzifə olaraq qoyur. Əsas Qanunda qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin tərəqqisinə yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.
Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, ölkə Konstitusiyası dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.
Şübhəsiz ki, müasir demokratik cəmiyyətdə insan hüquqlarının və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət daşıyır. İnsan və vətəndaş hüquqları və azadlıqları bəşəriyyətin çox əsrlər ərzində nail olduğu mütərəqqi dəyərlər sırasında xüsusi yer tutur. Nəzərə almaq lazımdır ki, cəmiyyətin inkişafı, onun çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquqlarının və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu baxımdan, əgər bu və ya digər dövlətin Konstitusiyasında dövlətin və vətəndaşın maraqları arasında tarazlıq gözlənilirsə, insan hüquqlarına və azadlıqlarına hörmətlə yanaşılır və onların müdafiəsinə təminat verilirsə, belə Konstitusiya bütövlükdə cəmiyyətin və insanların inkişafına xidmət etmiş olur.
Bu baxımdan, insan hüquqlarının və azadlıqlarının statusu və onlara yanaşmada müasir meyillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmləri geniş təsbit edilib. Xüsusi qeyd olunmalıdır ki, Əsas Qanunda həmin hüquqlar və azadlıqlar dövlətin öz vətəndaşlarına verdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması ilə bağlı konstitusiya müddəası müstəsna əhəmiyyət kəsb edir.
Lakin bu, o demək deyildir ki, insan hüquqları və azadlıqları heç bir məhdudiyyətə məruz qala bilməz. Konstitusiyanın özündə nəzərdə tutulur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Bu baxımdan, demokratik cəmiyyətdə zəruri, qanunla müəyyən edilmiş və ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olan məhdudiyyətlər məhz insan hüquqlarının daha səmərəli təminatına imkan verir, cəmiyyətin və millətin təhlükəsizliyinin, digər şəxslərin hüquq və azadlıqlarının qorunmasının təminatlarından biri kimi çıxış edir.
İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsinin ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi müasir dövrdə hər hansı dövlətin hüquq sistemini universal beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyil. Bu mənada, ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına hörmətinin təzahürü olaraq Əsas Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir, həmin beynəlxalq müqavilələrin milli qanunvericilik (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) üzərində üstünlüyünü nəzərdə tutur.
Konstitusiyamızda əksini tapan olduqca mütərəqqi prinsiplərdən biri də insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu prinsip özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm müddəanı əks etdirir, ölkəmizdə insan hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq məhdudlaşdırılmasına imkan vermir.
Şübhəsiz ki, Konstitusiyanın qeyd edilən müddəaları ölkəmizin dünya birliyinə fəal inteqrasiyasına geniş imkanlar açmaqla yanaşı, insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normaların ölkəmizdə maneəsiz tətbiqinə də şərait yaradır.
Məlum olduğu kimi, konstitusiyaların başlıca hüquqi əlamətlərindən biri də onların sabitliyidir, başqa sözlə ifadə etsək, Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş aktdır. Konstitusiyanın sabitliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir. Lakin Konstitusiyanın sabitliyi heç də onun tamamilə dəyişilməzliyi demək deyildir, ictimai münasibətlərin inkişafı prosesi konstitusiyaların da zərurət yarandıqda təkmilləşdirilməsini, onlara zamanın tələblərinə uyğun müəyyən əlavə və dəyişikliklərin olunmasını labüd edir.
Bu baxımdan, Azərbaycanda reallaşdırılmış hər iki konstitusiya islahatı ölkə həyatının müxtəlif sahələrində gedən sürətli müasirləşdirmə, hüququn müasir inkişaf meyilləri və ölkəmizin Avropa ailəsinə fəal inteqrasiyası ilə əlaqədar olub. 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər ölkəmizdə demokratikləşmə proseslərinin daha da dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədlərinə xidmət edib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət formulu, insan hüquqlarının və azadlıqlarının təmin olunması təşkil edir. Keçən dövr ərzində Azərbaycanın hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz əsasını, mənbəyini məhz 1995-ci il Konstitusiyasından götürüb. Orada müəyyən edilmiş ümumi prinsip və istiqamətlər ölkəmizdə hüquqi, iqtisadi və digər islahatların həyata keçirilməsinə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli müdafiə mexanizmlərinin təsisinə möhkəm zəmin yaradıb.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları həyata keçirilib, təkmil qanunvericilik bazası formalaşdırılıb, məhkəmə hakimiyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, hakimlərin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş konkret tədbirlər görülüb. Nəzərə almaq lazımdır ki, müasir sivil cəmiyyətlərdə güclü və müstəqil məhkəmə hakimiyyəti insanların dövlətə olan etimadının, vətəndaş cəmiyyəti quruculuğunun, hətta iqtisadi inkişafın vacib şərtlərindən biri kimi çıxış edir.
Konstitusiyanın Azərbaycanın dövlət və hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də ölkəmizdə konstitusiya nəzarəti orqanının yaradılması olub.
Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Məhkəməmiz Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və ölkəmizin milli hüquq sisteminə öz töhfəsini verir. Fəaliyyətə başladığı dövrdən Konstitusiya Məhkəməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, insan hüquqlarının və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanıb.
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri sırasında qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası və hökumətlərarası müqavilələrinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması, Konstitusiyanın və qanunların şərhi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi xüsusi yer tutur.
Göründüyü kimi, Məhkəməmiz tərəfindən həyata keçirilən konstitusiya nəzarətinin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların reallaşdırılması deməkdir.
Qeyd edilməlidir ki, normativ hüquqi aktların Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla da, həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilmir. Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılır.
Konstitusiya Məhkəməsinin başqa bir mühüm səlahiyyəti olan Konstitusiyanın və qanunların şərhi Məhkəməyə bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla, onun real konstitusiya-hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq norması müasir dəyərlər baxımından dolğunlaşdırılaraq daha təkmil forma alır və həmin normanın hər hansı digər qeyri-konstitusion formada tətbiqi mümkünsüz olur. Beləliklə də, normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir.
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bu günədək qəbul edilmiş 284 qərardan 123-ü Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur.
Məlum olduğu kimi, ölkəmizdə 2002-ci ildə həyata keçirilmiş konstitusiya islahatlarından və “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsinə fərdi şikayətlər institutu fəaliyyətə başlayıb. Fərdi şikayətlər əsasında məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üzrə Məhkəməmizin fəaliyyətindən danışarkən bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu səlahiyyət Konstitusiya Məhkəməsini heç bir halda növbəti məhkəmə instansiyasına çevirmir. Konstitusiya Məhkəməsi fərdi şikayətlər əsasında məhkəmə aktlarının qanuniliyini yoxlayarkən müstəsna hüquq müdafiə vasitəsi kimi çıxış edir və işlərə mahiyyəti üzrə baxmır. Bu halda Konstitusiya Məhkəməsinin vəzifəsi Konstitusiyanın aliliyini təmin etmək və pozulmuş insan hüquqlarının və azadlıqlarının bərpasına yol açmaqdan ibarətdir.
Bu gün demokratik dövlətlərin konstitusiya nəzarəti orqanları qarşısında duran mühüm vəzifələrdən biri də konstitusiya ədalət mühakiməsinin müasir meyllərinin davamlı olaraq izlənilməsi və bu orqanların fəaliyyətində tətbiq edilməsidir. Nəzərə alınmalıdır ki, insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq-hüquqi aktların məhz məhkəmə təcrübəsində geniş tətbiq edilməsi insan hüquqlarının müdafiəsinin mühüm mexanizmlərindən biri kimi çıxış edir.
Bu baxımdan, Məhkəməmiz beynəlxalq təcrübəyə böyük diqqət yetirməklə, öz qərarlarında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarının, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Bu, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiqinin zəruriliyindən irəli gəlir, digər tərəfdən isə Məhkəmənin mövqeyinin zənginləşdirilməsinə, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb.
Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının - bərabərlik hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, vərəsəlik hüququ, əmək hüququ, mənzil hüququ, hüquq və azadlıqların məhkəmə təminatının həyata keçirilməsi ilə bağlı olub.
Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından biri olan Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair” 2014-cü il 30 iyun tarixli Qərarında vurğulanıb ki, qanunvericilikdə hər hansı hüquqi məsələ, xüsusilə də Konstitusiyada təsbit olunmuş hüquqların həyata keçirilməsi məsələsi elə tənzimlənməlidir ki, konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında Konstitusiyada təsbit olunmuş təhsil hüququ ilə əlaqədar qeyd edib ki, dövlət hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində təhsil sahəsinin dövlət tənzimlənməsinin həyata keçirilməsində sərbəstdir. Lakin belə tənzimləmə o halda və tərzdə mümkündür ki, müvafiq ali təhsil istiqamətlərinin müəyyən edilməsi obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq üçün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun. Hüquq bərabərliyi konstitusiya prinsipi ali təhsil, o cümlədən ali hüquq təhsili sahəsində hüquq və azadlıqların həyata keçirilməsində fərqli yanaşmanın aradan qaldırılmasına təminat verərək, ali hüquq təhsilinin hər hansı ixtisaslaşdırılma meyarına görə fərqləndirilməməsini şərtləndirir. Əks halda dövlətin təhsil sahəsində müəyyən etdiyi tələblərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb olar.
Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlib ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ ilə əlaqədar qeyd edib ki, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu, konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, dövlətin konstitusiya əsasları olan mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Konstitusiyada təsbit olunmuş hüquqların real həyata keçirilməsinin mühüm mexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca hüquq və ya təminat kimi nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar qeyd edib ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Əminliklə qeyd edə bilərik ki, Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarları ilə Konstitusiyanın aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsi məqsədlərinə xidmət edir, Azərbaycanın milli hüquq sisteminin və qanunvericiliyinin inkişafına öz töhfəsini verir, onları konstitusiya ideyaları ilə zənginləşdirir.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi, siyasi, hüquqi, mədəni və digər sahələrdə mühüm nailiyyətlərlə müşayiət olunur. Hüquqi dövlət ideya və prinsiplərinin bərqərar edilməsi, əhalinin sosial rifahının günbəgün daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının dinamik inkişafı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə tərəqqi – bütün bunlar düşünülmüş milli strategiyanın tərkib hissəsi olaraq davamlı xarakter daşıyır. Əminik ki, bu kontekstdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz fəaliyyəti ilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının səmərəli müdafiəsi işinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcəkdir.

Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri