ANA SƏHİFƏ » 2014-05-07 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir

Mayın 6-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni meylləri” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin ölkəmizdə demokratik dövlət quruculuğu sahəsindəki xidmətlərindən geniş söhbət açmışdır.

Bildirilmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi azərbaycanlı, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olunmaqdadır.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.

Fərhad Abdullayev demişdir ki, bu gün ölkədəki sağlam ictimai-siyasi mühit, bütün sahələrdə uğurlu inkişaf, qazanılmış nailiyyətlər, dövlətimizin artan nüfuzu Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən danışan Fərhad Abdullayev ilk milli Konstitusiyanın ulu öndər Heydər Əliyevin dərin zəkası, zəngin təcrübəsi nəticəsində hazırlandığını diqqətə çatdırmışdır.

Konstitusiya Məhkəməsinin sədri Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə yaradılmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynadığını demişdir.

Fərhad Abdullayev Konstitusiyanın Azərbaycanın hüquqi inkişaf strategiyasının əsas prioritetlərini və gələcəyini müəyyən etdiyini vurğulamışdır. Sədr bildirmişdir ki, ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq Konstitusiya Məhkəməsi bu gün Azərbaycan Konstitusiyasının aliliyini qoruyur, hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişafına töhfələr verərək onun keşiyində durur.

Diqqətə çatdırılmışdır ki, Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.

Konstitusiya Məhkəməsinin sədri son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması istiqamətində atılan addımlar, qəbul olunmuş dövlət proqramları, məhkəmə-hüquq islahatları barədə iştirakçılara geniş məlumat vermişdir.

Konfransın mövzusunun aktuallığından söz açan Konstitusiya Məhkəməsinin sədri demişdir ki, burada dinləniləcək məruzələr hüquq elminin müasir problemlərinin araşdırılmasına və öyrənilməsinə öz dəyərli töhfəsini verəcəkdir.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Teleqraf Agentliyi – ın hazırladığı videoçarxa baxmışlar.

Konfransda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman), professor Elmira Süleymanova çıxış edərək demişdir ki, ölkəmizin qazandığı bütün uğurlarda ümummilli lider Heydər Əliyevin imzası vardır.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev qanunun aliliyini, insan hüquqları və demokratiyanı ölkəmizdə həyata keçirilən dövlət quruculuğu proseslərinin təməl prinsipləri olaraq müəyyənləşdirmişdir. Azərbaycanda Ombudsman institutunun yaradılması insan hüquqlarının məhkəmə sistemindən kənarda qorunmasına böyük təkan vermişdir.

E.Süleymanova müstəqillik dövründə ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində qəbul olunmuş qanunlar, imzalanmış Fərman və sərəncamlar barədə ətraflı məlumat vermişdir.

Tədbirdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə Ulu Öndərin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfransı yüksək qiymətləndirmiş, belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. İ.Məmmədzadə ölkənin inkişafında hüquqi-elmi təcrübənin mühüm əhəmiyyəti barədə də konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

İnstitutun direktoru ulu öndər Heydər Əliyevin elm, təhsil və mədəniyyətin inkişafına göstərdiyi qayğıdan, azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açmışdır.

Konfransda iştirak edən Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları, Ombudsman Aparatının nümayəndələri, tanınmış alimlər müxtəlif hüquqi mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparmışlar.

Tədbirin sonunda F.Abdullayev dinlənilmiş məruzə və çıxışları yüksək qiymətləndirmiş və ulu öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycanın çiçəklənməsi yolunda hər bir kəsi yorulmadan, əzmlə fəaliyyət göstərməyə çağırmışdır.