ANA SƏHİFƏ » 2014-02-04 Konstitusiya Məhkəməsinin sədri Strasburqda keçirilmiş “dəyirmi masa”da iştirak etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmannın dəvəti ilə yanvarın 29-dan fevralın 1-dək Strasburq şəhərində səfərdə olmuşdur.
Səfər zamanı Fərhad Abdullayev və rəhbərlik etdiyi nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin növbəti məhkəmə ilinin açılışına həsr olunmuş, Avropa Şurasına üzv ölkələrin Konstitusiya məhkəmələrinin və digər yüksək məhkəmə orqanları sədrlərinin iştirakı ilə “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının həyata keçirilməsi: məhkəmələrin vəzifəsi” mövzusunda keçirilmiş “dəyirmi masa”da iştirak etmişdir.
Tədbirdə Avropa Məhkəməsi ilə milli məhkəmələr arasında qarşılıqlı əlaqələr, Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 16-cı Protokolundan irəli gələn hüquqi aspektlər və digər məsələlər müzakirə edilmişdir.
Tədbirdə iştirak edən bir sıra Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri ilə görüşlər keçirilmiş və ikitərəfli məhkəmə təcrübəsi ilə bağlı məsələlərə dair fikir mübadilələri aparılmışdır.