ANA SƏHİFƏ » 2014-01-30 Konstitusiya Məhkəməsi Aparatının 2013-cü il üzrə hesabat iclası keçirilmişdir

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
İclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilmişdir. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilmiş, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülmüşdür.
Məlumat verilmişdir ki, 2013-cü ildə Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunmuşdur.
Bildirilmişdir ki, 2013-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 1893 ərizə və şikayət daxil olmuşdur. Şikayətlərin 447-si Konstitusiya Məhkəməsi palatalarının müzakirəsinə verilmiş, daxil olan 538 şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə müvafiq tapşırıqlarla aidiyyəti üzrə dövlət orqanlarına göndərilmişdir. Şikayətlərdən 760-ı üzrə vətəndaşlara izahedici məktublar çatdırılmışdır. Bununla yanaşı, məhkəmə aktlarından verilən şikayətlərlə bağlı 148 ərizəçiyə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq ərizələrin qanuna müvafiq şəkildə tərtib edilməsi barədə Konstitusiya Məhkəməsi Aparatı tərəfindən məlumatlar verilmiş və təkrar müraciət olunması hüququ izah edilmişdir.
Fərhad Abdullayev çıxışında qeyd etmişdir ki, 2013-cü ildə respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlər, o cümlədən Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi və Konstitusiya Məhkəməsi tərəfindən nəticələrin təsdiq və rəsmən elan edilməsi, həmçinin Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr edilmiş beynəlxalq konfrans təşkil olunmuşdur. Məhkəmənin yubileyi, habelə dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşı orden və medallarla təltif edilmişdir. Bu, məhkəmənin bütün kollektivi üçün şərəf olmaqla yanaşı, eyni zamanda, hər bir əməkdaşın üzərinə böyük məsuliyyət qoyur.
Fərhad Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikrini vurğulayaraq, bununla bağlı Aparatın müvafiq şöbələrinə vətəndaşların göndərdikləri şikayətlərin diqqətlə araşdırılması üçün tapşırıqlar verildiyini bildirmişdir.
Konstitusiya Məhkəməsinin sədri 2013-cü ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, 2014-cü ildə görüləcək işlərdən danışmış, hakimlərin icraatında olan işlərlə bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulamışdır.
Konstitusiya Məhkəməsinin sədri iclasa yekun vuraraq əmin olduğunu bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.
İclasın sonunda iş planlarına əsasən 2014-cü ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilmişdir.