ANA SƏHİFƏ » 2013-11-08 Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan 18 il ötür

“Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri

 

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 18 il bundan əvvəl qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd sözün əsl mənasında ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.

Bir qayda olaraq, yeni müstəqillik əldə edən və demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yeni konstitusiyaların qəbulu zərurətə çevrilir. Belə ki, müasir demokratik dövlətlərdə konstitusiyalar dövlətin bütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə və hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Ölkədə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, şəxsiyyətin statusunu, insan hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, konstitusiyalar həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.

Bu və ya digər dövlətin inkişafının başlıca məqsəd və vəzifələrini müəyyən edən konstitusiyalar hüquqi xarakter daşımaqla yanaşı, siyasi aspektə də malik olur, cəmiyyətdə gedən siyasi proseslərə və siyasi münasibətlərə tənzimləyici təsir göstərən akt rolunu oynayır.

Qeyd edilməlidir ki, demokratik dövlətlərdə konstitusiyalar dövlət hakimiyyətinin təşkilinin konseptual əsaslarını müəyyənləşdirərək, siyasi plüralizm, insan hüquqları, hakimiyyətlərin bölgüsü, hakimiyyətin qanuni məhdudlaşdırılması və digər hamılıqla qəbul olunmuş demokratik dəyərləri özlərində cəmləşdirir. Bu mənada, konstitusiyalar dövlətdə mühüm ideoloji funksiyanı da həyata keçirmiş olurlar.

Bu baxımdan, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qarşısında hüquqi dövlət quruculuğu üçün zəruri olan tədbirləri həyata keçirmək, o cümlədən demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi vəzifəsi dururdu. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və hərc-mərclik, Azərbaycan xalqının mənafelərinə cavab verən siyasi iradənin olmaması bu vəzifənin reallaşdırılmasını qeyri-mümkün edirdi. Məlum olduğu kimi, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi milli təhlükəsizliyi təhdid edən ciddi problemlərlə qarşılaşmışdı.

Məhz belə bir tarixi məqamda, Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir dönəmdə ölkənin milli maraqlarını təmin edə biləcək ümummilli liderə, tarixi şəxsiyyətə olan ehtiyac özünü daha güclü büruzə verdi. Şübhəsiz ki, irimiqyaslı siyasi dəyişikliklərin müşayiət olunduğu tarixi dönəmlərdə xalqın mənafelərinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan böyük şəxsiyyətlərə ehtiyac daha ciddi hiss olunur.

Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra ulu öndər Heydər Əliyev uzaqgörən və məqsədyönlü fəaliyyəti, qətiyyəti və siyasi bacarığı sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etdi, xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirərək öz tarixi missiyasını yerinə yetirdi. Ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların başlanmasına, ilk növbədə isə yeni Konstitusiyanın qəbuluna imkan verən şərait formalaşdı, dövlət quruculuğu istiqamətində zəruri və təxirəsalınmaz addımlar atıldı. Azərbaycanda hüquqi dövlət quruculuğu naminə görülmüş işlər ölkənin siyasi, iqtisadi və hüquqi sisteminin demokratik dəyərlərə əsaslanaraq köklü dəyişdirilməsi istiqamətində getmiş və bu proses mahiyyət etibarilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.

Yeni Konstitusiya layihəsinin hazırlanması ilə məşğul olan komissiyaya dövlət başçısının sədrliyi ilə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”, – deyən ümummilli lider Heydər Əliyev Əsas Qanun hazırlanarkən ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların inkişaf meyillərinin də nəzərə alınmasına, onların milli dəyərlər və artıq təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirilməsinə xüsusi diqqət yetirmişdir.

Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bunun ardınca, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan xalqı Konstitusiyanın Preambulasında qeyd edildiyi kimi, “özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq” bu ümummilli əhəmiyyətli sənədi qəbul etdi.

Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri olmuşdur. O, Konstitusiya layihəsinin hazırlanması ilə məşğul olan Komissiyanın sonuncu iclasında demişdi: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.

Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilmişdir.

Ümumiyyətlə, ölkə Konstitusiyasında dövlətin cəmiyyətdə və ictimai münasibətlər sistemində rolu ilə əlaqədar yeni, Azərbaycanın əvvəlki Konstitusiyalarından tamamilə fərqli konseptual yanaşma əksini tapmışdır. Belə ki, Azərbaycanın da uzun illər ərzində daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyırdı və dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə liberal demokratiyalarda mühüm əhəmiyyət kəsb edən insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin arxa plana keçməsinə səbəb olurdu.

Ölkə Konstitusiyasının preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətləri bəyan edilmişdir.

Konstitusiyanın 147-ci maddəsi birmənalı şəkildə təsbit edir ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir.

Bu baxımdan, əgər ölkədə qüvvədə olan çoxsaylı hüquqi aktları müəyyən düzümə məxsus və bir-biri ilə əlaqəli vahid sistem kimi qəbul etsək, onda Konstitusiyanı bütün hüququn inkişafının əsası, mənbəyi adlandırmaq olar. Konstitusiya dövlət quruluşunu, seçki sistemini, dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən etməklə və qanunvericilik sisteminin əsasını təşkil etməklə yanaşı, vətəndaşların hüquqlarının və azadlıqlarının əsas təminatçısı qismində çıxış edir.

Ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına hörmətinin təzahürü olaraq Əsas Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir, həmin beynəlxalq müqavilələrin milli qanunvericilik (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) üzərində üstünlüyünü nəzərdə tutur.

Konstitusiyada Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqının tanınması, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyin Azərbaycan xalqının suveren hüququ olması təsbit edilmiş və göstərilmişdir ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir. Konstitusiya dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini müəyyən edir, həmçinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları barəsində prinsipi də əks etdirir.

Hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası Azərbaycanın Əsas Qanununda geniş əksini tapmışdır. Konstitusiya iqtisadiyyatın azad inkişafına təminat verməklə yanaşı, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmağı dövlətin üzərinə vəzifə olaraq qoyur.

İctimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşılaraq, Əsas Qanunda insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq təsbit edilməsi müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə desək, Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə xidmət etdiyini, dövlət siyasətinin əsasında məhz vətəndaşın durduğunu ən yüksək səviyyədə bəyan edir.

Hər bir demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür.

Bu mənada əminliklə deyə bilərik ki, bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərlərdən olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmlərinin geniş şəkildə təsbit olunması Konstitusiyamızın ən mühüm nailiyyətlərindən biridir. Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.

Azərbaycanın Əsas Qanunu hazırlanarkən insan hüquqlarının və azadlıqlarının statusu və onlara yanaşmada da müasir meyillərdən çıxış edilərək, əsas insan hüquq və azadlıqları dövlətin öz vətəndaşlarına verdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə olunmuş və toxunulmaz, pozulmaz və ayrılmaz elan edilmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının geniş siyahısını təsbit etməklə yanaşı, Konstitusiyada həmin hüquqları və azadlıqları gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olaraq müəyyənləşdirilir və qeyd edilir ki, bu hüquqların və azadlıqların həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Lakin bu heç də o demək deyildir ki, hüquq və azadlıqlar ümumiyyətlə heç bir məhdudiyyətə məruz qala bilməz. Belə ki, Konstitusiyanın özündə nəzərdə tutulmuşdur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, digər tərəfdən hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Şübhəsiz ki, demokratik cəmiyyətdə zəruri, qanunla müəyyən edilmiş və dövlətin beynəlxalq öhdəliklərinə uyğun tətbiq edilən məhdudiyyətlər insan hüquqlarının daha səmərəli təmin olunmasına, cəmiyyətin və millətin təhlükəsizliyinin qorunmasına xidmət edir.

Bununla yanaşı, Konstitusiyada təsbit olunmuş hüquqların real həyata keçirilməsinin mühüm mexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca hüquq və ya təminat kimi nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı Əsas Qanunda kifayət qədər geniş mənada ifadə olunmuşdur. Bu konstitusiya təminatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərində əks olunan “ədalətli məhkəmə araşdırılması hüququ”nun bütün zəruri elementlərini özündə ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Konstitusiyanın 60-cı maddəsində əksini tapan hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar qeyd etmişdir ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Yuxarıda göstərilənlərə əsasən əminliklə qeyd etmək olar ki, Azərbaycan Respublikası Konstitusiyasının, onun bütün normalarının və müddəalarının özəyini məhz demokratik dəyərlərə əsaslanan hüquqi, sosial dövlət konsepsiyası, insan şəxsiyyətinə hörmət amili təşkil edir. Bu mənada, ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hüquqi prinsipləri özündə ehtiva edən tarixi sənəd olaraq, Azərbaycan xalqının rifahına xidmət göstərən dövlət idarəetmə mexanizminin təməlinə çevrilmişdir.

Məlum olduğu kimi, konstitusiyaların başlıca hüquqi əlaməti onların stabilliyidir, başqa sözlə Konstitusiya – məzmununun sabitliyi olan, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş aktdır. Konstitusiyanın stabilliyi qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir.

Bununla belə, Konstitusiyanın stabilliyi heç də onun tamamilə dəyişilməzliyi demək deyildir, ictimai münasibətlərin inkişafı prosesi konstitusiyaların zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsini labüd edir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişə bilər.

Bu baxımdan, hüququn müasir inkişaf tendensiyaları və ölkəmizin Avropa ailəsinə fəal inteqrasiyası Azərbaycanda konstitusiya islahatlarının aparılmasını, Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdi. Bu zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq dəyişikliklər edilmiş, bu dəyişikliklər Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi məqsədlərinə xidmət etmişdir.

Məlum olduğu kimi, Konstitusiyanın Azərbaycanın dövlət və hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları keyfiyyətcə yeni funksiyalar əldə etmiş, məhkəmə hakimiyyətinin özü isə demokratik quruluşun təməli hesab olunan hakimiyyətlər bölgüsü prinsipini reallaşdıran “tarazlaşdırma və çəkindirmə” sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir.

Konstitusiya prinsiplərinin həyata keçirilməsini təmin etmək məqsədilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmiş, məhkəmə hakimiyyətinin müstəqilliyinin və hakimlərin statusunun əsasları qanunvericilikdə təsbit edilməklə onların fəaliyyəti üçün zəruri şərait yaradılmış, məhkəmə icraatında demokratik prinsiplərin həyata keçirilməsini təmin etmək mümkün olmuşdur.

Əsas Qanunda həmçinin dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni institutun – konstitusiya nəzarəti orqanının yaradılması nəzərdə tutulmuşdu. Qeyd edilməlidir ki, hüquqi mədəniyyətin mühüm ünsürü olan konstitusiya nəzarəti konstitusiyaların mövcudluğu ilə əlaqədar olub, konstitusiya ilə təsbit olunmuş norma və prinsiplərin qorunması, hakimiyyətin müxtəlif orqanları arasında müəyyən edilmiş səlahiyyət balansının təmin edilməsi, habelə insan və vətəndaşların konstitusiya hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıyır və bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Başqa sözlə desək, konstitusiya nəzarəti Konstitusiyanın aliliyinin təmin edilməsi və Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiə olunması, qanunvericilik normalarının təfsiri vasitəsilə hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.

Bu baxımdan, 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması olduqca mütərəqqi və əhəmiyyətli hadisə olmuşdur. Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək və hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Məhkəmə Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və milli hüquq sistemimizə öz töhfəsini verir. Bu mənada, konstitusiya ədalət mühakiməsi qanunun aliliyinin təmin edilməsinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin mühüm mexanizmlərindən biri qismində çıxış edir.

Ümumiyyətlə, konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi habelə bu institutun özünün təkamülünü nəzərdə tutur. Digər tərəfdən, XXI əsrdə ictimai inkişafın daim yeniləşən tendensiyaları bütövlükdə hüquq sisteminin daim təkmilləşdirilməsini şərtləndirir, insan və vətəndaş hüquqlarının və əsas azadlıqların tam təmin olunması və vətəndaşların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılmasına cavabdeh olan dövlət strukturlarına qarşı əlavə tələblər irəli sürür və bununla da cəmiyyətdə konstitusiya nəzarətinin rolunu və əhəmiyyətini daha da artırır.

Bu baxımdan, ölkəmizdə gedən demokratikləşmə prosesləri, məhkəmə islahatları, Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəticəsi olaraq 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın mətninə edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmiş, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər. Bu isə, öz növbəsində, konstitusiya ədalət mühakiməsinin dünyada gedən müasir inkişaf tendensiyalarına cavab verərək Məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuş, Konstitusiya Məhkəməsinin timsalında insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi baxımından əlverişli zəmin yaratmışdır.

Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsi ümumilikdə 259 qərar və 59 qərardad qəbul etmiş, onların böyük əksəriyyəti birbaşa və ya dolayısı ilə məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olmuşdur.

Ən son qərarlardan biri olan Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ ilə əlaqədar qeyd etmişdir ki, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

Ümumiyyətlə, mövcud normativ hüquqi aktlara əsaslanan fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə olunması ilə ayrılmaz və sıx əlaqədədir.

Beləliklə, bu gün əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik, hüquqi dövlətin ayrılmaz atributuna, Konstitusiyanın hüquqi müdafiəsi mexanizminin əsas elementinə çevrilmişdir.

Qeyd olunanlardan göründüyü kimi, Konstitusiyanın qəbul edilməsindən keçən 18 il ərzində dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar öz mənbəyini məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürmüş, Əsas Qanunda təsbit edilmiş ümumi prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə gedən davamlı inkişafın əldə olunmasına zəmin yaratmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan şərəfli dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, dövlət və cəmiyyət həyatının bütün sahələrində tərəqqi əldə olunur, genişmiqyaslı quruculuq işləri və sosial yönümlü layihələr uğurla həyata keçirilir, Azərbaycan dünya birliyində özünə layiqli yer tutaraq müstəqil siyasət yürüdür.

Bu kontekstdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz fəaliyyəti ilə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə öz töhfələrini verməkdə davam edir. Bu baxımdan, 2013-cü il iyun-iyul aylarında fəaliyyətə başlamasının 15-ci il dönümü ərəfəsində dövlət başçısı cənab İlham Əliyevin Sərəncamları ilə Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşının yüksək dövlət təltiflərinə layiq görülmələri Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyətimizə ən yüksək səviyyədə verilən qiymətin daha bir təzahürüdür.

Əminliyimi bildirmək istəyirəm ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş seçkilərdə müasir və təcrübəli siyasi lider kimi növbəti dəfə xalqın yüksək etimadını qazanmış cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi və qüdrəti daimi olacaq, xalqımızın rifahı günbəgün daha da yaxşılaşacaqdır. Fürsətdən istifadə edərək, əlamətdar bayram – Konstitusiya Günü münasibətilə Azərbaycan vətəndaşlarını təbrik edir, xalqımıza firavanlıq arzulayıram.

Fərhad Abdullayev

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri