ANA SƏHİFƏ » 2013-11-12 Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.
Konstitusiya Gününün ümumxalq bayramı olduğunu bildirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ümummilli lider Heydər Əliyevin Konstitusiyamızın yaranmasında əməyini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bu gün Konstitusiyamız bizim ən böyük sərvətimizdir. Bu mötəbər gündə biz ilk olaraq Konstitusiyamızın müəllifi olan Ulu Öndərin məzarını ziyarət etdik və onun xatirəsinə dərin ehtiramımızı bildirdik. Çünki dahi şəxsiyyətin müstəqil və müasir Azərbaycanın qarşısında xidmətləri çox böyükdür.
Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayının sabit rəqəmlərlə müşahidə olduğunu bildirən F.Abdullayev bəzi məqamlar – qış və yay mövsümü ilə əlaqədar bu sayın fərqli olduğunu qeyd etmişdir. Vurğulamışdır ki, son beş ili nəzərə alsaq rəqəmlər sabit olaraq qalır. Konstitusiya Məhkəməsinə ildə iki min ərizə daxil olur və bütün bu müraciətlər hamısı məhkəməmizin predmeti deyildir.
Müraciət edən hər bir kəs hesab edir ki, o haqlıdır. Biz çalışırıq ki, cəmiyyətdə insanların məhkəməyə qarşı hörməti, etibarı daha yüksək olsun və müraciət edən vətəndaşlarımız Konstitusiya Məhkəməsinin, o cümlədən digər məhkəmələrin qərarı ilə mübahisənin düzgün həll edildiyinə əmin olsunlar.