ANA SƏHİFƏ » 2013-10-19 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan etmişdir

Oktyabrın 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir.
İclas dövlətimizin və xalqımızın gələcəyi üçün taleyüklü əhəmiyyətə malik hadisənin – Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilmişdi.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirmişdir ki, bu gün xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin rəsmən elan olunmasına dair işə baxılacaqdır.
Məhkəmə iclasının katibi Fəraid Əliyev demişdir ki, iclasda xüsusi konstitusiya icraatı üzrə maraqlı subyekt qismində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Natiq Məmmədov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov və komissiyanın digər üzvləri, habelə ekspert qismində Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, həmin kafedranın müəllimi, dosent, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev, Dövlət Statistika Komitəsinin əməkdaşları Sevda Süleymanova və Ulduzə Həmidova iştirak edirlər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin tərkibini elan etmiş və bildirmişdir ki, iclasda maraqlı subyekt qismində MSK-nın sədri, müavini, katibləri və üzvləri iştirak edirlər.
F.Abdullayev, “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında” Qanunun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin qanuni nümayəndələrinin hüquq və vəzifələrini izah etmişdir. Bildirilmişdir ki, bu Qanuna əsasən, onlar Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak və çıxış edə, sübutlar və digər materialları təqdim edə, vəsatət və təkliflər verə, sualları cavablandıra, şahid və ekspertlərin dəvət olunmasını xahiş edə və yekun sözlə çıxış edə bilərlər.
Sonra Konstitusiya Məhkəməsinin hakimi Sona Salmanova məruzə ilə çıxış edərək demişdir ki, bu gün Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə, “Konstitusiya Məhkəməsi haqqında” Qanuna uyğun olaraq 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair konstitusiya işinə baxır. Bildirilmişdir ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 40-cı maddəsində Konstitusiya Məhkəməsində icraatın keçirilməsi üsulları müəyyən edilmişdir.
Həmin Qanunun 40.3.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmi elan edilməsi ilə əlaqədar işlərə xüsusi konstitusiya icraatı qaydasında baxılır. Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Konstitusiyanın 102-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir.
Seçki Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq 2013-cü il oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir. MSK səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri barədə 2013-cü il oktyabrın 17-də protokol tərtib etmişdir.
Səsvermənin nəticələri haqqında MSK-nın protokolu, qərar və ona əlavə olunmuş sənədlər, səsvermənin nəticələrinin təsdiq və rəsmən elan olunması üçün oktyabrın 17-də Konstitusiya Məhkəməsinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına dair icraatın xüsusiyyətləri “Konstitusiya Məhkəməsi” haqqında Qanunun 56-cı maddəsində nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze məruzə ilə çıxış edərək, işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər barədə məlumat vermişdir. O demişdir ki, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarına dair Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş yekun protokolun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını yoxladıqdan sonra seçkilərin nəticələrini təsdiq edir. Təqdim olunmuş protokolun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının öyrənilməsi məqsədi ilə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 45-ci maddəsinə müvafiq olaraq Dövlət Statistika Komitəsinin və Bakı Dövlət Universitetinin əməkdaşları iş üzrə ekspert qismində cəlb edilmişlər.
Bundan başqa, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 56.3-cü maddəsinə uyğun olaraq seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələrin nəticələri barədə Apelyasiya məhkəmələrinə, Naxçıvan Muxtar Respublikasını və Azərbaycan Respublikasının Ali Məhkəmələrinə sorğular göndərilmişdir. Alınan cavablardan məlum olmuşdur ki, Bakı Apelyasiya Məhkəməsində seçki hüquqlarının müdafiəsi ilə bağlı 18 işə baxılmış, bütün işlər üzrə ərizələr əsassız olduğu üçün təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatına görə, Apelyasiya İnstansiya Məhkəməsinin aktlarından 13 kasasiya şikayəti verilmiş, son nəticədə şikayətlər təmin olunmadan saxlanılmışdır.
Sumqayıt, Gəncə, Şirvan və Şəki Apelyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi bildirmişlər ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı həmin məhkəmələrə şikayətlər daxil olmamışdır.
Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı açıq səsvermə yolu ilə komissiya üzvlərinin 18-nin iştirak etdiyi halda və azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir. Seçki Məcəlləsinin 100.12-ci maddəsində nəzərdə tutulmuşdur ki, protokollar komissiyanın həlledici səs hüquqlu üzvünün ümumi sayının ən azı üçdəikisi tərəfindən imzalanır. MSK-nın təqdim etdiyi protokoldan da göründüyü kimi, yekun protokolu və qərarı komissiyanın səsvermə hüququ olan 18 üzvündən 17-si imzalamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 2-ci hissəsinə və Seçki Məcəlləsinin 203.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Protokoldan göründüyü kimi, etibarlı hesab edilmiş 3 milyon 697 min 970 səsin 3 milyon 126 min 113-ü və ya 84,54 faizi Əliyev İlham Heydər oğluna verilmişdir.
Sonra maraqlı subyektin qanuni nümayəndəsi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış etmişdir. MSK sədri demişdir ki, bu il oktyabrın 9-da Azərbaycanda tarixi bir hadisə baş vermiş, prezident seçkiləri keçirilmişdir. MSK prezident seçkilərini elan etdikdən dərhal sonra Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təqvim planı hazırlamışdır. Əvvəlcə MSK-ya 22 iddiaçı müraciət etmişdir. Onlardan bir nəfəri Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə cavab vermədiyi, konkret olaraq ikili vətəndaşlığa malik olduğu üçün onun sənədləri geri qaytarılmışdır. Qalan 21 şəxsin hamısının namizədliyi təsdiq edilmiş və onlara imza vərəqələri verilmişdir. Onlardan da yalnız 14 nəfəri lazım olan sənədləri vaxtında MSK-ya təhvil verə bilmişdir. Onların sənədləri araşdırılmış və yalnız 10-nun qeydə alınması üçün əsaslar müəyyən olunmuşdur. Namizədliyi qeydə alınmış 10 nəfərin 8-nin namizədliyi siyasi partiyalar, 1-nin namizədliyi təşəbbüs qrupu, 1-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdür. Namizədlərin hamısına bərabər şəraitdə təşviqat aparmaq üçün bütün imkanlar yaradılmışdır. Qeydə alınmış namizədlərin seçicilərlə sərbəst görüşlər, toplantılar keçirmələri üçün respublikanın bütün ərazisində yerlər ayrılmış, hər bir namizədin xüsusi seçki hesabına dövlət büdcəsindən vəsait köçürülmüş, İctimai Teleradionun efirində və təsisçisi dövlət orqanları olan, yaxud büdcədən maliyyələşən dövri nəşrlərin səhifələrində pulsuz vaxt və yer ayrılmışdır.
Namizədlər tərəfindən təşviqat kampaniyası sivil, Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada aparılmışdır.
Seçkilərin şəffaflığını kifayət qədər təmin etmək üçün MSK və dairə seçki komissiyaları tərəfindən yerli və beynəlxalq müşahidəçilər qeydə alınmışdır. Yerli müşahidəçilərin sayı 52 minə, beynəlxalq müşahidəçilərin sayı isə beynəlxalq KİV-lərin 100-ə yaxın nümayəndələri də daxil olmaqla 1400-ə çatmışdır. Bu isə beynəlxalq təcrübədə çox böyük rəqəmdir. Beynəlxalq müşahidəçilər Avropanın və dünyanın çox nüfuzlu qurumlarının nümayəndələri idi.
Bundan başqa, seçki məntəqələrinin təxminən 20 faizində - 1000-ə yaxın məntəqədə quraşdırılmış veb-kameralar vasitəsi ilə də dünya ictimaiyyəti səsvermənin gedişini izləmişdir. Bu da seçkilərin tam şəffaf, azad və demokratik keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi.
MSK sədri qeyd etmişdir ki, səsvermə günü seçicilərin mütəşəkkil qaydada məntəqələrə gələrək öz istədikləri namizədlərə səs vermələri üçün hər cür şərait yaradılmışdır.
MSK-nın sədri daha sonra demişdir ki, seçkilərin aşkarlığını təmin etmək üçün qanunla müəyyən olunmuş bütün tədbirlər görülmüşdür.
Seçkilərdə şəffaflığı nümayiş etdirmək və səsvermənin nəticələrini operativ şəkildə dünyaya çatdırmaq üçün “Seçkilər” İnformasiya Mərkəzi çox səmərəli fəaliyyət göstərmiş, gün ərzində səsvermənin gedişi barədə ictimaiyyətə 5 dəfə məlumat vermişdir.
Bildirilmişdir ki, səsvermə gününə qədər MSK-ya 14 müraciət daxil olmuşdur. Səsvermə günü isə komissiyaya heç bir müraciət daxil olmamışdır. Səsvermədən sonra isə MSK-ya 4 müraciət daxil olmuşdur. MSK Seçki Məcəlləsinin tələbinə uyğun olaraq vaxtında bu 18 müraciətə baxmış və öz münasibətini bildirmişdir.
Səsvermə günü ilkin nəticələr ictimaiyyətə çatdırılmışdır.
Səsvermə başa çatdıqdan sonra səslərin sayılması prosesi də çox şəffaf şəraitdə həyata keçirilmişdir. Qısa müddət ərzində maraqlı tərəflərin, müşahidəçilərin və KİV nümayəndələrinin iştirakı ilə bu proses başa çatdırılaraq, məlumatlar dairə seçki komissiyalarına, oradan da müasir informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə operativ şəkildə Mərkəzi Seçki Komissiyasına ötürülmüş və komissiyanın internet səhifəsində yerləşdirilmişdir. Nəticələr ümumiləşdirilmiş və ümumi yekun protokolu hazırlanmışdır.
Bütün bu proseslər zamanı MSK Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müxtəlif dövlət qurumları, aşağı seçki komissiyalarının üzvləri ilə maarifləndirmə tədbirləri keçirmişdir.
Azərbaycan seçicilərinə hər hansı bir qurum tərəfindən təzyiqlə bağlı MSK-ya heç bir müraciət daxil olmamışdır.
Seçicilərin sərbəst, azad, demokratik və şəffaf səsverməsi zamanı heç bir problemin qeydə alınmadığı beynəlxalq qurumlar tərəfindən də xüsusi vurğulanmışdır. Xarici müşahidəçilərin əksəriyyəti seçkilərə yüksək qiymət vermiş və bunu demokratik cəmiyyət quruculuğu istiqamətində irəliləyiş kimi dəyərləndirmişdir.
Bütün proseslər başa çatdırıldıqdan sonra oktyabrın 17-də MSK-nın iclası çağırılmış və yekun protokolun təsdiq olunması barədə qərar qəbul edilmişdir.
Diqqətə çatdırılmışdır ki, əlavə seçici siyahıları üzrə səs vermiş 69195 seçici də nəzərə alınmaqla ümumi seçici siyahılarında seçicilərin sayı 5 milyon 214 min 787 olmuşdur. Seçicilərin 71,63 faizi səsvermədə iştirak etmişdir. Hesab edirəm ki, bu, çox yüksək rəqəmdir və Azərbaycan seçicilərinin seçkilərə yüksək marağı onların növbəti 5 ildə öz talelərinə olan çox dolğun münasibətinin göstəricisidir. Ümumi səslərin 3 milyon 697 min 970-i etibarlı hesab edilmişdir. Səslər hesablanarkən məlum olmuşdur ki, 10 namizəd arasında İlham Heydər oğlu Əliyev bu etibarlı səslərin 3 milyon 126 min 113-nü qazanmışdır.
Qanunun tələbinə uyğun olaraq, MSK seçkilərin nəticələrinə dair yekun protokolu təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərmişdir.
Sonra MSK sədri Konstitusiya Məhkəməsi hakimlərinin suallarını cavablandırmışdır.
Sonra Dövlət Statistika Komitəsinin baş məsləhətçisi Ulduzə Həmidova, Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov ekspert qismində çıxış edərək öz rəylərini açıqlamışlar.
Onlar bildirmişlər ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 17 oktyabr tarixli protokolunu yoxlamış, protokolun Seçki Məcəlləsinin müvafiq normalarına uyğunluğuna diqqət yetirmişlər. Müəyyən olunmuşdur ki, Seçki Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, Seçki Komissiyasının protokoluna seçicilər siyahısındakı seçicilərin ümumi sayı, səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı, məntəqə və dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı, səsvermə günü seçki bülleteni almış seçicilərin sayı və digər məlumatlar daxil edilmişdir. Mərkəzi Seçki Komissiyasının yekun protokolunda Seçki Məcəlləsinin bütün tələbləri öz əksini tapmışdır.
Protokolun hüquqi aspektlərinə toxunan ekspertlər bildirmişlər ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli protokolu Seçki Məcəlləsinin müvafiq 100-cü, 108-ci və 203-cü maddələrinin tələblərinə tam uyğun tərtib edilmişdir.
Sonra ekspertlər Konstitusiya Məhkəməsi hakimlərinin suallarını cavablandırmışlar.
Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olunmuşdur.
Məhkəmə araşdırmaları bitdikdən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı oxumuşdur.
X X X
Salona toplaşanlar qərarı sürəkli alqışlarla qarşılamışlar.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan olunmuşdur.
İclasda Milli Məclisin deputatları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.