ANA SƏHİFƏ » 2013-10-11 “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabı çapdan çıxmışdır

 
11 fəsildən ibarət olan 664 səhifəlik kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova, rəyçiləri hüquq üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, hüquq elmləri doktoru Xanlar Hacıyev, hüquq üzrə fəlsəfə doktoru İntiqam Eyvazovdur.
Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxucuya təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır.
Kitabda həm elmi-nəzəri məsələlərə dair məlumatlar verilmiş, həm də mövcud hüquq qaydalarının praktiki tətbiqini nəzərdə tutan Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında əksini tapmış hüquqi mövqelər sistemləşdirilərək təqdim edilmişdir.
Oxucuların onları maraqlandıran konkret hüquqi mövqelərlə tanış olmalarını asanlaşdırmaq üçün həmin mövqelər qərar və qərardadların qəbul edildiyi tarix ardıcıllığı ilə deyil, müvafiq hüquq sahələrinə uyğun başlıqlara və fəsillərə bölünərək təqdim olunmuşdur. Hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilmiş, həmçinin mümkün olmadığı hallarda müvafiq prosessual məcəllənin mündəricatına uyğun ardıcıllıqla alt başlıqlara bölünmüşdür.
Nəşr oxucular üçün konstitusiya nəzarətinin anlayışı, formaları, təşkilati modelləri, konstitusiya nəzarəti orqanlarının funksiyaları və qərarlarının hüquqi təbiəti, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə və fəaliyyətinə, şəxsiyyətin konstitusiya-hüquqi statusuna, ədalətli məhkəmə müdafiəsi hüququna, mülki hüquq, cinayət hüququ məsələlərinə, inzibati, ailə, əmək, vergi hüquq münasibətlərinə, hüquqi tənzimləmənin prinsiplərinə dair geniş məlumat bazasıdır.
Kitabda, həmçinin məna yükü baxımından oxucular üçün əhəmiyyəti nəzərə alınmaqla bir sıra əsas anlayışlar fərqləndirilərək onların ayrıca siyahısı tərtib edilmişdir.
Kitab hakimlər, hüquq mühafizə orqanlarının işçiləri, vəkillər, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların, dövlət orqanlarının nümayəndələri, həmçinin elmi işçilər və tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.