ANA SƏHİFƏ » 2013-09-04 Konstitusiya Məhkəməsində MDB Parlament Assambleyasının ekspert qrupunun üzvləri ilə görüş olmuşdur

Sentyabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində qarşıdakı prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının (MDB PA) ekspert qrupunun üzvləri ilə görüş keçirilmişdir.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ekspert qrupunun prezident seçkiləri ərəfəsində Azərbaycana səfərinin vacib olduğunu qeyd etmişdir. O bildirmişdir ki, MDB Parlament Assambleyasının seçkilərin monitorinqi ilə bağlı həyata keçirdiyi missiya böyük əhəmiyyətə malikdir. F.Abdullayev qeyd etmişdir ki, müasir dövrdə vətəndaşlar seçki hüququna daha çox önəm verirlər: “Çünki insanlar anlayırlar ki, seçkilərdə iştirak ölkənin gələcəyinin müəyyən olunmasında böyük rol oynayır”.
Sədr Konstitusiya Məhkəməsinin tarixi haqda qonaqlara məlumat verərək bildirmişdir ki, bu il 15 illiyini qeyd etmiş Konstitusiya Məhkəməsinin əsas vəzifəsi ölkədə qəbul olunan qanunların və normativ hüquqi aktların Konstitusiyaya uyğunluğuna nəzarət etməkdir. Dövlət strukturları ilə yanaşı, vətəndaşların da birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin mühüm funksiyalarından biri də qanunlara rəsmi şərhlərin verilməsidir. Hazırda Konstitusiya Məhkəməsinin dünyanın bir çox müvafiq hüquq institutları ilə əlaqələrinin yarandığını deyən F.Abdullayev ölkə konstitusiyasına dürüst əməl olunmasının, habelə Avropa Konvensiyasına riayət edilməsinin əsas prioritet olduğunu və Avropa Məhkəməsinin təcrübəsinə istinad edildiyini diqqətə çatdırmışdır.
MDB Parlament Assambleyası Şurasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov qeyd etmişdir ki, ekspert qrupu bu il missiyasını daha geniş ərazidə həyata keçirməyi qərara almışdır. “Əgər əvvəlki illərdə seçkilərə hazırlıq işlərinin müşahidəsi Bakı və Sumqayıt şəhərlərində keçirilirdisə, bu il biz bu işi regionlarda da aparmaq qərarına gəldik”,- deyə A.Cəfərov missiyanın artıq Gəncə, Samux, Şəmkir şəhərlərində olduğunu, tezliklə Azərbaycanın cənub bölgəsinə səfər ediləcəyini bildirmişdir. Onun sözlərinə görə, ekspert qrupu eyni zamanda seçki hüququ sahəsində fikir və təcrübə mübadiləsinə də xüsusi əhəmiyyət verir.
MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun direktoru Dmitri Qladey məlumat vermişdir ki, missiya Gəncə və digər şəhərlərdə dairə və məntəqə seçki komissiyalarının formalaşması, təqvim planlarının tərtib edilməsi və digər proseslərlə tanış olmuşdur. Bütün bunlar geniş faktiki materialların toplanmasına şərait yaratmışdır.
Sonra görüş müzakirələrlə davam etmişdir.