ANA SƏHİFƏ » 2013-04-17 Konstitusiya məhkəməsinin sədr müavini Sona Salmanova Slovakiyada keçirilən beynəlxalq konfransda iştirak etmişdir

 
 
09-10 aprel 2013-cü ildə Slovakiya Respublikasının Koşitse şəhərində Konstitusiya Məhkəməsinin yaranmasının 20 illiyinə həsr olunmuş “Konstitusiya Məhkəmələrinin hüquqi mövqeləri və onların dövlətin hüquq quruluşuna təsiri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
 
Tədbirdə Azərbaycanı Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanova təmsil edirdi.
 
Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkova çıxış edərək qonaqları salamlamış və Konfransın təntənəli açılışını elan etmişdir.
 
Konfransda Avropa Şurasının Venesiya Komissiyasının sədri Canni Bukikkio, Avropa Birliyi Məhkəməsinin hakimi Yuraj Şvarts, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Yan Şikuta, bir çox xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr, sədr müavinləri və hakimləri iştirak etmişlər.
 
Xanım Sona Salmanova “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və onların Azərbaycanda qanunvericilik  prosesə təsiri” mövzusunda çıxış etmişdir.
 
Konfransda konstitusiya nəzarətinin hədləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri, bu mövqelərin milli qanunvericilik prosesinə təsiri, milli konstitusiya məhkəmələri ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qarşılıqlı əlaqəsi və s. məsələlər müzakirə edilmişdir.
 
Koşitse şəhərinin Dövlət teatrında Slovakiya Respublikasının Prezidenti  İvan Qaşparoviç, Milli Məclisin sədri Pavol Paşkanın və digərlərinin iştirakı ilə  Slovakiya Konstitusiya Məhkəməsinin poçt markasının rəsmi təqdimat mərasimi keçirilmiş və sədr müavini S.Salmanova həmin tədbirdə iştirak etmişdir.
 
Səfər çərçivəsində Slovakiya Respublikası Konstitusiya Məhkəməsi və tədbirdə iştirak edən ölkələrin yüksək məhkəmə orqanlarının bir sıra nümayəndələri ilə görüşlər keçirilmiş, qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
 
Xanım S.Salmanova 10 aprel 2013-cü il tarixdə  Avropa Şurasının Venesiya Komissiyasının sədri Canni Bukikkioya “doktor honoris kauza” adının verilməsi ilə bağlı Pavel Yozef Şafarik adına Universitetində keçirilən rəsmi mərasimdə iştirak etmişdir.