ANA SƏHİFƏ » 2013-01-30 Konstitusiya Məhkəməsi Aparatının 2012-ci ilin yekunlarına dair hesabat iclası olmuşdur

Yanvarın 30-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Fərhad Abdullayevin sədrliyi ilə 2012-ci ilin yekunlarına dair hesabat iclası keçirilmişdir.

Iclasda Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları,  Aparat rəhbərliyinin çıxışları dinlənilmişdir.  Konstitusiya Məhkəməsinə daxil olan sorğu,  müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, arayışlar, rəylər və digər mühüm məsələlərlə bağlı məruzələr dinlənilmiş, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülmüşdür.

Məlumat verilmişdir ki, 2012-ci ildə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 23 qərar və 11 qərardad qəbul edilmişdir. Qərarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunmuşdur.

Qeyd edilmişdir ki, 2012-ci ildə Konstitusiya Məhkəməsinə 1605 müxtəlif xarakterli şikayət ərizəsi daxil olmuşdur. Bunların  582-ni məhkəmə aktlarından verilən şikayətlər təşkil etmişdir. Şikayətlərin 395-i Konstitusiya Məhkəməsi palatalarının müzakirəsinə verilmiş, həmin şikayətlərin 347-nin icraata qəbulundan imtina edilmişdir. Şikayətlərdən 14-ü mahiyyəti üzrə baxılması üçün Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul olunmuş, hazırda 34 şikayət Konstitusiya Məhkəməsinin hakimləri tərəfindən öyrənilməkdədir.

Bununla yanaşı, məhkəmə aktlarından verilən şikayətlərlə bağlı 187 ərizəçiyə "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 34.1-ci, 34.6-cı, 34.7-ci və 35-ci maddələrinin tələblərinə uyğun olaraq ərizələrin qanuna müvafiq şəkildə tərtib edilməsi barədə Konstitusiya Məhkəməsi Aparatı tərəfindən məlumatlar verilmiş və təkrar müraciət edilməsi hüququ izah olunmuşdur.

Daxil olan 479 şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə müvafiq tapşırıqlarla aidiyyəti üzrə dövlət orqanlarına göndərilmişdir. Şikayətlərdən 544-ü üzrə isə vətəndaşlara izah məktubları çatdırılmışdır. 

Konstitusiya Məhkəməsinin sədri 2012-ci ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəsini artırmaq üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, 2013-cü ildə görüləcək işlərdən danışmış, hakimlərin icraatında olan işlərlə bağlı daha dolğun, keyfiyyətli və müasir hüquqi təcrübəyə əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulamışdır.

Fərhad Abdullayev bildirmişdir ki, Azərbaycanın məhkəmə və digər hüquq-mühafizə orqanlarının inkişafı, müasirləşdirilməsi, qanunun aliliyinin, insan hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi islahatlar aparılaraq ölkəmizin qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Konstitusiya Məhkəməsinin sədri iclasa yekun vuraraq əmin olduğunu bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfəsini verir. Bu isə öz növbəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.

Bu il fəaliyyətə başlanmasının 15 illiyini qeyd edəcək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyinin qorunması üçün qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəkdir.