ANA SƏHİFƏ » 2012-12-12 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilmişdir

Dekabrın 12-də Konstitusiya Məhkəməsində test üsulu ilə hakimliyə yeni qəbul olunmuş namizədlərlə görüş olmuşdur.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açıq elan etdikdən sonra müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, ilk milli Konstitusiyanın müəllifi olan ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. 

Sonra Fərhad Abdullayev çıxış etmiş, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ulu öndər istər SSRİ dövründə, istərsə də müstəqillik illərində daim xalqının gələcəyini, taleyini, inkişafını düşünmüşdür. Sovetlər dövrünün bir sıra məhrumiyyətlərinə baxmayaraq, Azərbaycanın bu gününü düşünmüş, Bakıda və respublikamızın regionlarında yeni müəssisələr, sənaye obyektləri tikdirmiş, gənclərin təhsilinə xüsusi diqqət yetirmişdir.

Müstəqil Azərbaycanın dövlətçilik tarixi də Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyinin ilk illərində xalqının üzləşdiyi çətinlikləri dərindən təhlil edən ulu öndər, öz siyasi bacarığına, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq milləti parçalanmaqdan, dövləti məhv olmaqdan qurtarmış, tez bir zamanda Azərbaycanı dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olmuşdur. Azərbaycanın ilk milli Konstitusiyası da Heydər Əliyevin dərin zəkası, zəngin təcrübəsi nəticəsində hazırlanmışdır. Bu Konstitusiya Azərbaycanın gələcəyini, hüquqi inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etmişdir.

Ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq Konstitusiya Məhkəməsi bu gün Azərbaycan dövlətinin, Konstitusiyasının aliliyini qoruyur, onun keşiyində durur. 
Konstitusiya Məhkəməsinin sədri ölkəmizdə həyata keçirilən irimiqyaslı sosial-iqtisadi layihələr, məhkəmə hüquq islahatları barədə də məlumat vermişdir.

Sədr vurğulamışdır ki, ulu öndərin siyasi kursunu inamla davam etdirən, onun ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük qələbələr qazanır. Artıq Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasındadır və regionun lider dövləti adını qazanmışdır. Buna isə ölkəmizdə həyata keçirilən hüquqi, demokratik islahatlar nəticəsində nail olunmuşdur. Son dövrlər insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması istiqamətində atılan addımlar, qəbul olunmuş dövlət proqramları, məhkəmə-hüquq islahatları, eləcə də hakimliyə test üsulu ilə qəbul buna parlaq misaldır.

Sonra F.Abdullayev Konstitusiya Məhkəməsinin strukturu, səlahiyyətləri, fəaliyyəti, beynəlxalq əlaqələri, bir sözlə yarandığı gündən bəri keçdiyi şərəfli yol barədə gənc hüquqşünaslara ətraflı məlumat vermişdir.

Gələcək hakimlərə qarşıdakı fəaliyyətlərində uğurlar arzulayan F.Abdullayev demişdir: “Hakimlik çox çətin və şərəfli bir peşədir. Hər bir hakimin qəbul etdiyi qərar və qətnamələr ədalətli, inandırıcı, hüquqi cəhətdən əsaslandırılmış olmalıdır. İnanırıq ki, gələcək hakimlər və hüquqşünaslar öz qərarlarında bu prinsipləri rəhbər tutacaqlar. Onlar bununla ulu öndərimizdən bizə miras qalmış demokratik, dünyəvi və sivil dövlətimizin hüquqi əsaslarını möhkəmləndirəcək, daha da inkişaf etdirəcəklər”. 

Sonra Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğun, digər instansiya məhkəmələrinin qanunların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət qaydaları barədə məlumat vermiş, hakimliyə namizədlərin suallarını cavablandırmışlar.