ANA SƏHİFƏ » 2012-06-23 Avropa hüquqşünas tələbələr Asossiasiyasının (ELSA) Azərbaycandakı nümayəndələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə görüş keçirmişlər.

 

2011-ci il 21 iyun tarixində Avropa hüquqşünas tələbələr Asossiasiyasının (ELSA) Azərbaycandakı nümayəndələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə görüş keçirmişlər.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev İnsan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının (Avropa Konvensiyası) mövcud mexanizmi, inkişafı, müasir tendensiyaları haqqında məlumat verərək qeyd etmişdir ki, Avropa Konvensiyası ilə qorunan hüquqlara müdaxilə yolverilməzdir və hər bir üzv dövlət bununla bağlı öhdəlik daşıyır. Bu hüquqlara müdaxilə dövlətlərin məsuliyyətini yaradır. Ceyhun Qaracayev habelə bildirmişdir ki, insan hüquqlarının təminatı Azərbaycanda ali dəyərdir və bu sahədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti xüsusi ilə önəmlidir.

“Ədalətli məhkəmə araşdırması hüququnun əsas standartları” mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev qeyd etmişdir ki, Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 7-ci (qanunsuz cəzalandırılmamaq hüququ) maddələrinin tələbləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə tam implementasiya olunmuşdur. Bununla belə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi insan hüquqlarının təminatı baxımından təcrübədə yaranan ziddiyyətləri Avropa Konvensiyasının tələblərinə müvafiq həll edir.

Səmimi görüşə görə təşəkkürünü bildirən ELSA Azərbaycanın Prezidenti Kamal Cəfərov rəhbərlik etdiyi qurumun fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, gəncləri maraqlandıran suallara cavab verilmişdir.