ANA SƏHİFƏ » 2012-11-22 Konstitusiya Məhkəməsinin sədri Milli Aviasiya Akademiyasında tələbələrlə görüşmüşdür

Milli Aviasiya Akademiyasında Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, Əməkdar Hüquqşünas Fərhad Abdullayevin akademiyanın tələbələri ilə görüşü keçirilmişdir.

Görüşdə akademiyanın tədris işləri üzrə prorektoru Ədalət Səmədov və bu ali təhsil ocağının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev F.Abdullayevin həyat və fəaliyyətindən, rəhbərlik etdiyi Konstitusiya Məhkəməsinin gördüyü işlərdən söz açmışlar.

Bildirilmişdir ki, respublikamızın hüquqi dövlət quruculuğu yolunu tutması ölkəmizin sosial və mənəvi həyatının yüksək zirvələrə doğru irəliləməsindən xəbər verir. Onun hüquq sistemi kompleks sosioloji tədqiqatların və digər işlərin həyata keçirilməsini, iqtisadi və siyasi sistemin normal fəaliyyətinin hüquqi əsasının analizini, bütövlükdə qanunvericilik prosesinin öyrənilməsini, insan hüquqları və vətəndaş azadlıqlarının real müdafiəsi üçün əsaslandırılmış tövsiyələrin işlənib hazırlanmasını nəzərdə tutur.

Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. 

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, qurumun fəaliyyətində ayrı-ayrı ölkələrlə yanaşı, beynəlxalq məhkəmələrin təcrübəsinin də nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının tamhüquqlu üzvü olduğu, bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir.

Fərhad Abdullayev Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsi presedentlərinin tam şəkildə qəbul olunduğu və qərarlarda istifadə edildiyi barədə tələbələrə məlumat vermişdir.

Sonda Fərhad Abdullayev tələbələri maraqlandıran sualları cavablandırmış və qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.