ANA SƏHİFƏ » 2012-07-03 Azərbaycanın və Bolqarıstanın Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

İyulun 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri, professor Yevgeni Tançevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın və Bolqarıstanın Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumu Fərhad Abdullayev və Yevgeni Tançev imzalamışlar.

Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsi ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirən F.Abdullayev qeyd etmişdir ki, sənəd ölkələrimizin müvafiq qurumları arasında münasibətlərdə yeni mərhələnin hüquqi əsasını təşkil edəcəkdir. İmzalanmış memorandum, eyni zamanda, Azərbaycan-Bolqarıstan əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışan F.Abdullayev ölkəmizin hərtərəfli inkişafını vurğulamış, Avropa Şurasının tamhüquqlu üzvü olduğunu diqqətə çatdırmışdır. 

Qonaqlara rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verən F.Abdullayev bildirmişdir ki, 1998-ci ildə yaradılan Konstitusiya Məhkəməsi nisbətən gənc təsisat olmasına baxmayaraq, ildən-ilə fəaliyyətini beynəlxalq təcrübəni nəzərə almaqla təkmilləşdirir.

Ölkələrimiz arasında imzalanmış memorandumun əhəmiyyətindən danışan Y.Tançev sənədin qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd etmişdir. Azərbaycanın və Bolqarıstanın Konstitusiya məhkəmələri arasında əməkdaşlığı yüksək qiymətləndirən qonaq bu ənənənin əsasının bir neçə illər əvvəl Avropa Məhkəməsi Konfransı Təşkilatı vasitəsi ilə, eləcə də Cənubi Afrika Respublikasında keçirilmiş Dünya Ölkələrinin Konstitusiya Məhkəmələrinin Beynəlxalq qurultayında qoyulduğunu diqqətə çatdırmışdır. Y.Tançev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini demiş, əlaqələrin inkişafından məmnunluğunu bildirmişdir. 

Azərbaycanda dəfələrlə səfərdə olduğunu qeyd edən Bolqarıstanın Konstitusiya Məhkəməsinin sədri ölkəmizin sürətlə inkişaf etdiyini, paytaxt Bakının daha da gözəlləşdiyini vurğulamışdır. Bildirmişdir ki, bir çox dövlətlərin məruz qaldığı iqtisadi böhran Bolqarıstanda az da olsa hiss olunur. Azərbaycanda isə bu çətin dövrdə iqtisadi artım müşahidə edilir. Bu baxımdan ölkənizə böyük marağımız vardır. 

Sonda görüş iştirakçılarının sualları cavablandırılmışdır.