ANA SƏHİFƏ » 2012-05-25 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Asiya Konstitusiya Məhkəmələrinin Assosiasiyasında müşahidəçi statusu əldə etmişdir

Mayın 19-dan 24-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə “Asiyada Konstitusiya Ədalət Mühakiməsi” mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konqresində iştirak etmişdir.

Tədbirdə demokratiya və konstitusiya ədalət mühakiməsi, Konstitusiya məhkəmələrində icraat növləri, Ombudsman təsisatı ilə Konstitusiya məhkəmələri arasında əlaqələr, hakimlərin müstəqilliyi kimi mövzularla bağlı məruzələr təqdim edilmişdir.

Səfər çərçivəsində Koreya Respublikasının Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi arasında ikitərəfli məhkəmə-hüquq əməkdaşlıq məsələləri müzakirə edilmiş, məhkəmə praktikası ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Mayın 21-də Koreya Respublikasının Prezidenti Çonq Va De konqres iştirakçılarını qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi konqresin sonunda yaradılmış Asiya Konstitusiya Məhkəmələrinin Assosiasiyasına tamhüquqlu üzv kimi qəbul olunmağa dəvət edilərək, həmin təşkilatın müşahidəçi statusunu əldə etmişdir.