ANA SƏHİFƏ » 2006-09-15 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşanı qəbul etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 2006-cı il sentyabr ayının 15-də İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşanı qəbul etmişdir. 

Azərbaycan Konstitusiya Məhkəməsi ilə İtaliya Konstitusiya Məhkəməsi arasında yüksək əməkdaşlıq səviyyəsindən razı olduğunu qonağın diqqətinə çatdıran sədr F.Abdullayev, görüş zamanı aprel ayında İtaliyaya etdiyi səfəri xatırlayaraq, keçirdiyi görüşlər barədə öz xoş təəssüratını onunla bölüşmüşdür. Fərhad Abdullayev Azərbaycanda son illər ərzində həyata keçirilən məhkəmə islahatları barədə səfirə məlumat vermiş və bu islahatlar çərçivəsində vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ prosedurasını açıqlamışdır.

Daha sonra sədr Fərhad Abdullayev noyabr ayında Avropa Şurası Venesiya Komissiyası ilə birgə Bakıda keçiriləcək konfransda iştirak etmək üçün İtaliyanın Konstitusiya Məhkəməsinin sədrinə ünvanladığı rəsmi dəvət məktubunu səfirə təqdim etmişdir.Səfir Can Luici Maşa öz növbəsində vaxt tapıb onu qəbul etdiyinə görə məhkəmə sədrinə təşəkkür etmiş və iki ölkənin konstitusiya nəzarəti orqanları arasında mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Eyni zamanda səfir İtaliyanın yüksək məhkəmə orqanının rəhbərinin Bakı şəhərinə səfər etməsini dövlətlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.

Görüş zamanı noyabr ayında keçiriləcək konfransla bağlı digər məsələlər də müzakirə edilmişdir.