ANA SƏHİFƏ » 2005-10-10 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Almaniyanın Karlsruhe İnzibati Məhkəməsinin sədri xanım Qudrun Şraft-Huberi qəbul etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oktyabrın 9-da Almaniyanın Karlsruhe İnzibati Məhkəməsinin sədri xanım Qudrun Şraft-Huberi qəbul etmişdir. 


Görüşdə ölkələrimizin konstitusiya nəzarəti orqanları arasında mövcud əlaqələr və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır. 

Sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə «Konstitusiya Məhkəməsi və kütləvi informasiya vasitələri arasında qarşılıqlı münasibətlər» mövzusunda dəyirmi masa təşkil etmişdir.

Dəyirmi masanı açan Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, bu tədbirin məhkəmələrin, xüsusilə də Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunduğunu qeyd etdi. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinə və xüsusilə də Almaniyanın Karlsruhe İnzibati Məhkəməsinin sədri xanım Qudrun Şraft-Huberə Konstitusiya Məhkəməsinin kollektivi və şəxsən öz adından minnətdarlığını bildirən sədr bu tədbirin mətbuatla məhkəmələrin əməkdaşlığına töhfələr verəcəyini xüsusi vurğuladı. 

Tədbirdə əvvəllər Almaniya Federal Konstitusiya Məhkəməsinin mətbuat katibi işləmiş xanım Qudrun Şraft-Huber «Konstitusiya Məhkəməsində mətbuat xidmətinin fəaliyyətinin məqsədi və əhəmiyyəti» mövzusunda məruzə ilə çıxış etdi. Xanım Qudrun Şraft-Huber çıxışında bu sahədə böyük təcrübəyə malik bir mütəxəssis kimi Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri ilə əlaqələri, mətbuat xidmətinin fəallığının vacibliyi, bunun praktiki əhəmiyyəti barədə danışdı.

Eyni zamanda, tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri, şöbə müdirləri, Ali Məhkəmənin və Apellyasiya Məhkəməsinin, Mətbuat Şurasının, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.