ANA SƏHİFƏ » 2008-01-27 Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Strasburqda səfərdə olmuşdur

2008-ci il yanvarın 25-26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2008-ci ildə nəzərdə tutulmuş məhkəmə iclaslarının açılış tədbirlərinə həsr olunmuş «İnsan hüquqları haqqında Avropa Konvensiyası sistemində konsensusun rolu» movzusunda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün Strasburqda səfərdə olmuşdur.

Səfər zamanı F.Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Can-Pol Kosta ilə görüşmüşdür. Beynəlxalq konfransa dəvətə görə təşəkkürünü bildirən Fərhad Abdullayev Azərbaycanda keçən il məhkəmə sistemində yeniliklər və xüsusilə ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş ümumi yurisdiksiyalı məhkəmələrə hakim vəzifələrinə seçkilərlə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilmiş tədbirlər, yeni məhkəmələrin fəaliyyətə başlaması, Azərbaycan Respublikası məhkəmələrində Avropa Konvensiyasının və Avropa Məhkəməsinin təcrübəsinin tətbiq edilməsi ilə əlaqədar ətraflı məlumat vermişdir. Avropa Məhkəməsinin sədri ölkəmizin məhkəmə orqanlarının fəaliyyətində Avropa təcrübəsinə böyük diqqət yetirilməsinin mühüm əhəmiyyəti olduğunu qeyd etmiş, Strasburq Məhkəməsinin formalaşdırdığı presedent hüququnun Avropa ölkələrinin bütün instansiya məhkəmələri üçün milli qanunvericiliklə yanaşı, rəhbər prinsiplər kimi qəbul olunduğunu bildirmişdir.Danışıqlar zamanı digər hüquqi məsələlər də müzakirə edilmişdir. Sonda F.Abdullayev Can-Pol Kostanı Azərbaycan Konstitusiya Məhkəməsinin 10 illiyi ilə əlaqədar bu il iyulun 14-15-də keçiriləcək yubiley tədbirində iştirak etmək üçün Bakıya dəvət etmişdir.Səfər çərçivəsində Fərhad Abdullayev Avropa Şurası Venesiya Komissiyasının baş katibi Canni Bukikkio ilə də görüşmüşdür. Görüşdə Azərbaycanın konstitusiya ədalət mühakiməsi sahəsində yeni inkişaf layihələri müzakirə olunmuşdur.Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi səfir Arif Məmmədov görüşlərdə iştirak etmişdir.