ANA SƏHİFƏ » 2008-06-07 Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIV Konqresində iştirak etmişdir

"2008-ci ilin iyun ayının 2-dən 6-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Litva Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Kestutis Lapinskasın dəvəti ilə Vilnyus şəhərində Avropanın 39 dövlətinin Konstitusiya Məhkəməsinin iştirakı ilə keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIV Konqresində iştirak etmişdir.Konfransın açılışında Litva Respublikasının Prezidenti Valdas Adamkus çıxış etmişdir. O, tədbirdə iştirak edən bütün Avropa ölkələri Konstitusiya Məhkəmələrinin nümayəndələrini salamlayaraq, dövlətlər arasında məhkəmə əməkdaşlığının mühümlüyünü və Avropada hüquq inteqrasiyası prosesinin inkişaf edilməsini qeyd etmişdir.

Daha sonra Konqresin praktiki işi çərçivəsində Konstitusiya Məhkəməsinin qərarları vasitəsilə qanunvericilik boşluqlarının aradan qaldırılması, konstitusiya nəzarət orqanları ilə digər ali dövlət orqanları arasında qarşılıqlı əlaqələr, məhkəmələr tərəfindən ümumi Avropa sazişlərinin normalarının tətbiq olunması, qanunvericiliyin şərh edilməsi üsulları və digər məsələlərə toxunulmuşdur. 

İyunun 4-də Litva Respublikasının Prezidenti Konqresin bütün iştirakçılarını Prezident Sarayında qəbul etmişdir.Səfər zamanı Sədr Fərhad Abdullayev Litva Respublikası Konstitusiya Məhkəməsinin Sədri Kestutis Lapinskasla danışıqlar aparmış və iki dövlətin Konstitusiya Məhkəmələri arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdir.Tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Litvadakı səfirliyində də görüş keçirilmişdir.