ANA SƏHİFƏ » 2010-11-29 Azərbaycan Respublikasının Milli Məclisinə keçiririlmiş seçkilərin nəticələrinə dair iclas

Noyabrın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxmışdır.

İclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan etdi. Hakimlər Fikrət Babayev və Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənildi.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Şaitdin Əliyev və MSK katibi Natiq Məmmədov çıxış etdilər. Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov ekspert rəyi ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Ulduzə Həmidova çıxış etdilər. Çıxış edənlər hakimlərin suallarını da cavablandırdılar. 
Məruzələrdə və çıxışlarda vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il sentyabrın 3-də "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında" Sərəncam imzalanmışdır. Bu Sərəncama müvafiq olaraq 4-cü çağırış Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-də keçirilmişdir. 
Bildirilmişdir ki, parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilmişdir. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılmışdır. Qeyd olunmuşdur ki, 50 minə yaxın yerli, 1000-dən çox xarici müşahidəçi seçki prosesini izləmişdir. Hər bir seçiciyə seçki vəsiqəsi təqdim olunmuş, yerli qeyri-hökumət təşkilatlarına seçkini müşahidə etmək üçün icazə verilmiş, barmaqların rəngsiz mürəkkəblə işarələnməsi və "exit-poll" həyata keçirilmişdir. 
Bildirildi ki, Mərkəzi Seçki Komissiyasının sənədləri Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə onların yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb etmiş, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 54.4-cü maddəsinə uyğun olaraq, Bakı, Sumqayıt, Gəncə, Şirvan Apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Respublika Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir. Müəyyən edilmişdir ki, bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.
Vurğulanmışdır ki, 4-cü çağırış Milli Məclisə seçkilərlə bağlı qanun pozuntusuna yol verilməsi barədə Respublika Prokurorluğuna 89 müraciət daxil olmuşdur. Həmin müraciətlərin araşdırılması nəticəsində 89 saylı Göyçay-Ağdaş seçki dairəsində namizədliyi qeydiyyata alınmış şəxs tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə edilməsi, səsvermənin gedişinə maneə törədilməsi, seçki bülletenlərinin zor tətbiq edilməklə götürülməsi ilə bağlı 1 cinayət işi başlanmış, qalan müraciətlər üzrə müvafiq qərarlar qəbul edilmişdir. 
MSK-nın sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat vermişdir. O, xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyevin sentyabrın 3-də imzaladığı "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında" Sərəncama müvafiq olaraq 4-cü çağırış Milli Məclisə seçkilərin noyabrın 7-də ədalətli, şəffaf, azad və demokratik təşkili üçün MSK tərəfindən bütün addımlar atılmışdır. MSK tərəfindən işlərin əsasən üç istiqamətdə qurulduğunu bildirən M.Pənahov qeyd etmişdir ki, birinci olaraq baş verə biləcək əyintilərin və qanun pozuntularının qarşısını almaq, seçkiləri Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin olunması məqsədi ilə geniş təbliğat və maarifləndirmə işi təşkil edilmişdir. Bu tədbirlərə beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndələri, müvafiq dövlət qurumlarının rəsmiləri cəlb edilmişlər ki, bu da onların yüksək səviyyəsini təmin etmişdir. 
Növbəti mərhələdə namizədlərin qanuna müvafiq qaydada irəli sürülməsi və qeydiyyata alınması üçün hər cür şərait yaradılmışdır. Bütün dairələrdə alternativliyin təmin edildiyi, hər bir dairə üzrə ən azı 4, ən çoxu 14 namizədin qeydiyyata alındığı vurğulanmışdır. 
Nəhayət, səsvermə prosesinin yüksək səviyyədə təşkili məqsədilə məntəqə seçki komissiyalarının yaşayış ərazilərinə müvafiq təşkili və lazımi avadanlıqla tam təmin edilməsi üçün bütün işlər görülmüşdür. 
Milli Məclisə seçkilərdə 23 siyasi partiya tərəfindən namizədlərin irəli sürüldüyü, bunlardan 10-nun müstəqil, 13-nün isə 5 blokda birləşərək iştirak etdiyi qeyd edilmişdir. Vurğulanmışdır ki, seçkilər ölkənin bütün seçki dairələrində təşkil edilmişdir. Ölkə üzrə fəaliyyət göstərən 5314 seçki məntəqəsi lazımi avadanlıqla tam təmin olunmuş, 500 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçki marafonunda iştirak etmək üçün dairə seçki komissiyalarına 1043 vətəndaş müraciət etmiş, onlardan 743-ü qeydiyyata alınmış, 690 namizədin adı seçki bülletenlərinə daxil edilmişdir. 
MSK sədri qeyd etmişdir ki, bununla belə, səsvermənin gedişində bəzi qanun pozuntularına da yol verilmişdir. Mərkəzi Seçki Komissiyası 46 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab etmişdir. Bunun seçkilərin ümumi nəticələrinə heç bir təsiri olmamışdır. M.Pənahov bildirmişdir ki, seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsinə təqdim olunmuş protokolu MSK-nın 17 üzvü imzalamışdır. 

Noyabrın 29-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev plenumun qərarını elan etmişdir. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etmişdir.