ANA SƏHİFƏ » 2004-07-28 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Ukrayna Respublikası Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Nina Karpaçovanın rəhbərlik etdiyi nümayəndə heyətini


28 iyul 2004-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Ukrayna Respublikası Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Nina Karpaçovanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Sədri qonaqları salamlayaraq Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu qeyd etmişdir. Fərhad Abdullayev hər iki dövlətin Konstitusiya Məhkəmələri arasında yaranmış sıx münasibətləri qeyd etmişdir.

Konstitusiya Məhkəməsinin Sədri insan hüquqları sahəsində müxtəlif beynəlxalq təşkilatlarda, xüsusən də Avropa Şurasının Venesiya Kosmissiyasında Azərbaycanın və Ukraynanın əməkdaşlıtını yüksək qiymətləndirmişdir. Fərhad Abdullayev qeyd etmişdir ki, 24 avqust 2002-ci ildə referendum yolu ilə Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində hüquq və azadlıqları pozulmuş Azərbaycan Respublikasının vətəndaşları, eləcə də İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququnu əldə etdilər və hazırda bu hüquq onlar tərəfindən geniş tətbiq olunur. Konstitusiya Məhkəməsinin Sədri bildirdi ki, artıq Ombudsman tərəfindən göndərilmiş iki sorğu Məhkəmənin icraatına qəbul edilmiş və onlar üzrə qərardad qəbul edilmişdir. Söhbət zamanı Fərhad Abdullayev bir milyondan çox qaçqın və məcburi köçkünlərin konstitusiya hüquqlarının pozulması haqqında bildirmişdir. O, qeyd etmişdir ki, bu problem bütün Azərbaycan xalqının problemidir və ölkəmiz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Ukrayna Respublikası Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Nina Karpaçova görüşə görə minnətdarlığını bildirərək, Ukrayna Konstitusiya Məhkəməsi Sədrinin salamlarını çatdırdı. Qonaq Azərbaycanda Konstitusiya Məhkəməsinə fərdi şikayət institutunun daxil edilməsini yüksək qiymətləndirdi. Nina Karpaçova Ombudsman institutları arasında əməkdaşlığın əhəmiyyətini xüsusilə qeyd etdi.