ANA SƏHİFƏ » 2010-05-12 Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasinin 87-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

Mayın 7-də Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. 

Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və Azərbaycan dövlətçiliyinin üzləşdiyi digər faciəvi hadisələri xatırlatmışdır. Qeyd edilmişdir kı, belə bir məqamda qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsil edə biləcək ümummilli liderə və tarixi şəxsiyyətə ehtiyac özünü büruzə vermişdir. Beləliklə, Azərbaycan xalqı öz taleyini yenə də Heydər Əliyevə etibar etməklə tarixi seçim etmişdir. Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsi, yenilməz iradəsi, müdrik siyasi məharəti ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas edə bilmiş, böyük şəxsiyyətin qüdrəti sayəsində xalqımızı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirərək möhtəşəm tarixi missiyanı uğurla yerinə yetirmişdir. Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümumilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun təşəbbüsü ilə başlanmış və bu gün də Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə uğurla davam edən hüquqi islahatlarla yanaşı, bu ilin noyabr ayında 15 illik yubileyi qeyd olunacaq müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhfə olmuşdur. 

Tədbirdə çıxış edən digər natiqlər də ümumilli liderimiz Heydər Əliyevin ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi sahəsindəki çoxşaxəli və yorulmaz fəaliyyətindən ətraflı danışmışlar. 

Sonda Konstitusiya Məhkəməsinin əməkdaşlarına dövlətimizin başçısı tərəfindən verilmiş fəxri adlar və təltiflər təqdim edilmişdir.