ANA SƏHİFƏ » 2010-01-28 Konstitusiya Məhkəməsində ötən il görülmüş işlərə yekun vurulmuş, qarşida duran vəzifələr müzakirə edilmişdir

İclasda Aparatın struktur bölmələri rəhbərlərinin görülmüş işlərlə bağlı hesabatları dinlənilmişdir. Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin sayı, şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, icraata götürülmüş şikayətlərə dair şöbə və bölmələrin hazırladığı rəylər, məhkəmənin beynəlxalq əlaqələri və digər mühüm məsələlərlə bağlı məruzələr dinlənilmiş, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülmüşdür.
Məlumat verilmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 1792 şikayət ərizəsi daxil olmuşdur. Bunların əksəriyyətini, yəni 635-ni məhkəmə aktlarından verilən şikayətlər təşkil etmişdir. Şikayətlərin 425-i Konstitusiya Məhkəməsi palatalarının müzakirəsinə verilmiş, həmin şikayətlərin 358-nin icraata qəbulundan imtina edilmişdir. Şikayətlərdən 15-i mahiyyəti üzrə baxılması üçün Konstitusiya Məhkəməsinin Plenumunda icraata qəbul olunmuşdur.
Bununla yanaşı, məhkəmə aktlarından verilən şikayətlərlə bağlı 210 ərizəçiyə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.1-ci, 34.6-cı, 34.7-ci və 35-ci maddələrinin tələblərinə uyğun olaraq ərizələrin düzgün tərtib edilməsi barədə Konstitusiya Məhkəməsi Aparatı tərəfindən müvafiq məlumat verilmiş və təkrar müraciət edilməsi hüququ izah olunmuşdur.
Daxil olan 552 şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilmişdir. Şikayətlərdən 605-i üzrə isə vətəndaşlara Konstitusiya Məhkəməsinin səlahiyyətlərini izah etməklə cavab məktubu yazılmışdır.
Eyni zamanda, 2009-cu ildə Konstitusiya Məhkəməsinin Plenumunda 9 qərar və 7 qərardad qəbul edilmişdir. Qərarlardan biri Azərbaycan Respublikası Prokurorluğunun sorğusu, dördü məhkəmələrin müraciətləri, qalanları isə vətəndaşların şikayətləri əsasında qəbul olunmuşdur.
Konstitusiya Məhkəməsinin sədri 2009-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəsini artırmaq üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, 2010-cu ildə görüləcək işlərdən danışmış, hakimlərin icraatında olan işlərlə bağlı daha dolğun, keyfiyyətli və müasir hüquqi təcrübəyə əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulamışdır.
Fərhad Abdullayev bildirmişdir ki, həyatımızın bütün sahələrində geniş vüsət alan demokratik islahatlar ölkənin hüquq sistemini də əhatə etmiş, Azərbaycanın məhkəmə və digər hüquq mühafizə orqanlarının inkişafı, müasirləşdirilməsi, qanunun aliliyinin, insan hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi islahatlar aparılaraq ölkəmizin qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.
Konstitusiya Məhkəməsinin sədri iclasa yekun vuraraq əmin olduğunu bildirmişdir ki, müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan müasir məzmunlu dövlətçilik siyasəti ulu öndər Heydər Əliyev ideyalarının hərtərəfli həyata keçirilməsi, ölkəmizin iqtisadi inkişaf göstəricilərinə və islahatların sürətinə görə dünyanın aparıcı dövlətləri sırasında qərarlaşması, respublikamızın həyatının bütün sahələrini və hər bir regionu əhatə edən quruculuq işlərinin dönməz xarakter alması ilə nəticələnmişdir. Belə bir taleyüklü dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi bu siyasəti dəstəkləməklə və öz fəaliyyətini dövlət səviyyəsində göstərilən etimada layiq surətdə qurmaqla, bütün səylərini dövlətçiliyimizin maraqlarının qorunması, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsinin, vətəndaşların Konstitusiya hüquqlarının təmini üçün zəruri tədbirlərin görülməsinə istiqamətləndirəcəkdir.