ANA SƏHİFƏ » 2006-05-27 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Çin Xalq Respublikası Hüquq Cəmiyyətinin nümayəndə heyəti ilə görüşmüşdür

2006-cı il may ayının 27-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Çin Xalq Respublikası Hüquq Cəmiyyətinin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və məhkəmə-hüquq sistemi haqqında qonaqlara ətraflı məlumat verən F.Abdullayev ölkəmizin Çin Xalq Respublikası ilə hüquqi sahədə əməkdaşlığını yüksək qiymətləndirmiş, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. O, məhkəmə-hüquq sistemində mütəmadi təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olmasını bildirmişdir.

Çin Hüquq Cəmiyyətinin nümayəndə heyətinin rəhbəri, bu qurumun baş katibinin müavini Qu Caomin təmsil etdiyi təşkilatın fəaliyyətindən danışmış, F.Abdullayevi bu ilin avqust ayında Urumçi şəhərində MDB ölkələrinin konstitusiya məhkəmələri rəhbərlərinin iştirakı ilə keçiriləcək konfransa dəvət etmişdir. Qonaq demişdir ki, Çin Hüquq Cəmiyyəti tərəfindən təşkil olunacaq konfransda ədalət mühakiməsi sahəsində iştirakçı ölkələrin təcrübəsi öyrəniləcək, məhkəmə-hüquq işinə dair bir sıra aktual məsələlər müzakirə ediləcəkdir. 

Dəvətə görə təşəkkür edən sədr F.Abdullayev Çin Hüquq Cəmiyyəti ilə əlaqələrin inkişafından məmnunluğunu bildirmiş, əməkdaşlığın daha da genişləndirilməsi yollarından danışmışdır. 

Görüşdən sonra qonaqlar Konstitusiya Məhkəməsinin binasını gəzmiş, hakimlərin və əməkdaşların iş şəraiti ilə tanış olmuşlar.