ANA SƏHİFƏ » 2005-04-20 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində qəbul

2005-ci il aprelin 20-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andreas Herkel, həmçinin Monitorinq Komitəsinin Katibliyinin əməkdaşı Bonni Teofilovanı qəbul etmişdir. F.Abdullayev qonaqları salamlayaraq 2005-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin hüquqi aspektləri, Konstitusiya Məhkəməsinə daxil olan sorğu və şikayətlər, habelə qəbul edilən qərarların mahiyyəti haqqında məlumat vermişdir. AŞPA-nın monitorinq komitəsinin üzvü A.Qross təqdim edilmiş məlumata görə öz təşəkkürünü bildirərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş söz azadlığı və azad toplaşmaq hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin icraatında olmuş işlərlə maraqlanmış və bu şikayətlərin baxılma qaydası ilə bağlı suallar vermişdir. Sədr F.Abdullayev qonaqları maraqlandıran suallara cavab verərək konstitusiya hüquqlarının müdafiəsinin əhəmiyyətini qeyd etmiş və bu sahədə dövlət tərəfindən vətəndaşlara verilən təminatlardan danışmışdır. Görüş zamanı qonaqları maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.