ANA SƏHİFƏ » 2012-04-05 Konstitusiya Məhkəməsində avropalı ekspertləri ilə görüş keçirilmişdir

Aprelin 4-də Konstitusiya Məhkəməsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verərək demişdir ki, Müstəqil Azərbaycanın ilk Konstitusiyası ümummilli lider  Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi isə 1998-ci ildə yaradılmışdır. Gənc təsisat olmasına baxmayaraq, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq təcrübədən istifadə edərək öz fəaliyyətini təkmilləşdirmişdir.

Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycanın Konstitusiyasının 130-cu maddəsində əks olunmuşdur. Azərbaycanın  Konstitusiya Məhkəməsi ölkədə qəbul olunan qanunların və normativ hüquqi aktların Konstitusiyaya uyğunluğuna nəzarət edir. Dövlət strukturları ilə yanaşı vətəndaşların da birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqları vardır. Konstitusiya Məhkəməsinin mühüm funksiyalarından biri də qanunlara rəsmi şərh verməsidir.

Nümayəndə heyətinin rəhbəri Qudrun Mosler-Törnström Azərbaycana səfərlərinin məqsədi haqqında danışaraq demişdir: “bir sıra bələdiyyələrin və qeyri hökumət təşkilatlarının fəaliyyətləri ilə tanış olduq. Azərbaycanda bələdiyyələrin fəaliyyətlərini tənzimləmək üçün çox demokratik qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli özünüidarəetmə orqanlarının formalaşmasına köməklik göstərirlər”.

Xanım Qudrun Mosler-Törnström Azərbaycanda bələdiyyələrin də gənc təsisat olduğunu bildirmiş, onlara hüquqi yardım göstərilməsinin vacibliyini qeyd etmişdir.

Sonra görüş səmimi şəraitdə davam etmişdir.