ANA SƏHİFƏ » 2011-12-13 Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndərin zəngin həyat yolu və fəaliyyətindən danışmışdır.
Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir, - deyən Konstitusiya Məhkəməsinin sədri bildirmişdir ki, Azərbaycanın 1969-cu ildən etibarən 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində gənc müstəqil dövlətimizin əldə etdiyi nailiyyətlər görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin güclənməsi, ölkəmizin bütün sahələrdəki uğurlu inkişafı istiqamətindəki misilsiz xidmətləri qədirbilən Azərbaycan xalqı tərəfindən hər zaman öyrənilir, onun xatirəsi ən yüksək hörmət və ehtiramla yad edilir.
Fərhad Abdullayev diqqətə çatdırmışdır ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP-nin rəhbəri seçilənədək ölkəmiz keçmiş ittifaq respublikaları arasında ən aşağı yerlərdə dayanırdı. Heydər Əliyev rəhbərliyə gəldikdən sonra bütün sahələrdə irimiqyaslı tədbirlər həyata keçirilmiş, nəticədə Azərbaycan qısa müddətdə SSRİ-nin aparıcı respublikalarından birinə çevrilmişdi. Bütün bu nailiyyətlər yalnız onun dövlətçilik təcrübəsinin deyil, eyni zamanda, SSRİ rəhbərliyindəki böyük şəxsi nüfuzunun nəticəsində mümkün olmuşdur. Məhz bu dövrdə Azərbaycanda ittifaq əhəmiyyətli böyük müəssisələr yaradılmış, minlərlə gənc azərbaycanlı SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına oxumağa göndərilmişdi. Ulu öndərin birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illər Azərbaycan xalqının tarixinə ən parlaq quruculuq illəri kimi yazılmışdır.
Vurğulanmışdır ki, 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılsa da, bu dahi şəxsiyyətin qəlbi hər zaman xalqı ilə bir olmuşdur. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıda dəhşətli cinayətlər törətdikdə bu qanlı hadisəyə ilk etiraz səsini ucaldan məhz ulu öndər Heydər Əliyev olmuşdur.
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyəti, cəbhədəki özbaşınalığı, torpaqlarımızın ermənilər tərəfindən işğalını, hakimiyyət böhranını xatırladan natiq bildirmişdir ki, Azərbaycan xalqı belə bir ağır gündə ulu öndər Heydər Əliyevə üz tutaraq onu təkidlə hakimiyyətə dəvət etmişdir.
Məhz ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti, müdrik siyasi zəkası sayəsində qısa müddətdə ölkə müstəqilliyin itirilməsi təhlükəsindən xilas olmuş, cəbhədəki özbaşınalığa son qoyulmuş, mərkəzi hakimiyyət gücləndirilmiş, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmış, bütün sahələrdə dinamik inkişafa səbəb olan mühüm islahatlar, o cümlədən gələcəyə hesablanmış neft strategiyası həyata keçirilməyə başlanmışdır. Onun uzaqgörən siyasəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi” bütün dünyanın diqqətini Azərbaycana yönəltmiş, bu layihənin reallaşması nəticəsində əldə olunan gəlirlər ölkəmizin dinamik inkişafının əsasını təşkil etmişdir.
Fərhad Abdullayev bildirmişdir ki, ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə yaradılmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynamışdır.
Müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir, -deyən Fərhad Abdullayev vurğulamışdır ki, bu gün ölkədəki sağlam ictimai-siyasi mühit, bütün sahələrdə uğurlu inkişaf, qazanılmış nailiyyətlər, ölkəmizin artan nüfuzu ulu öndərin uzaqgörən siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Buna görə də hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu sürətlə inkişaf edən Azərbaycan dövlətini qorumalı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasəti dəstəkləməlidir