ANA SƏHİFƏ » 2011-11-15 Konstitusiya Gününə həsr olunmuş hüquq olimpiadası

Noyabr ayının 12-də Gəncə Dövlət Universitetinin binasında  Konstitusiya günü və keçirilmiş olimpiadanın nəticələrinin açıqlanması ilə əlaqədar böyük tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən hakim Kamran Şəfiyev və hakim Ceyhun Qaracayev, Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məsul əməkdaşları iştirak etmişlər. Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan və demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Əsas Qanunun qəbulunun növbəti il dönümünün böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunduğunu bildirmişlər.
Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış edərək, iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, Əsas Qanunun hazırlanmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi ilə vurğulayaraq qeyd etmişdir ki, müasir dövlətimizin hüquqi və siyasi təməlini qoymuş Kostitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin  demokratik ənənələrə sadiqliyini təsdiq etmişdir. Habelə, hüquq olimpiadasında yüksək potensiala malik olan gənclərin iştirakı, onların yüksək səviyyədə hüquqi biliyə sahib olması üçün münbit şəraitin yaradılması qeyd edilmişdir.
Tədbirdə Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin hüquq olimpiadasının iştirakçılarına olan müraciətini oxumuşdur. Müraciətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli sərəncamına uyğun olaraq keçirilən olimpiadanın məqsədi ali və orta ümümtəhsil müəssisələrinin Konstitusyada təsbit olunmuş insan hüquq  və azadlıqlarının təmin edilməsinə aid maddələri daha da dərindən öyrənilmələrinin təmin olunmasından ibarətdir. Olimpiadada Konstitusiyanın maddələri əsasında hazırlanmış testlər vasitəsi ilə 4 ali təhsil müəssisəsinin – Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının, Azərbaycan Texnologiya Universitetinin, 4 orta ixtisas təhsili müəssisəsinin – Gəncə Texniki Kollecinin, Gəncə Humanitar Kollecinin, Gəncə Musiqi Texnikumunun, Gəncə Tibb Məktəbinin tələbələri və 6 orta təhsil müəssisəsinin – 26 №-li litseyin, 4, 5, 29, 39 və 44 saylı orta məktəblərin şagirdləri arasından qaliblər müəyyən edilmişdir.
Ali təhsil müəssisələri arasında I yerə Azərbaycan Dövlət Aqrar Universiteti, II yeri Gəncə Dövlət Universiteti, III yeri Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı layiq görülmüşdür.
Orta ixtisas təhsili müəssisələri arasında I yeri Gəncə Musiqi Texnikumu, II yeri Gəncə Humanitar Kolleci, III yeri Gəncə Texniki Kolleci tutmuşdur.
Orta ixtisas təhsili müəssisələri arasında isə I yerə 26 №-li litsey, II yerə 5 №-li orta məktəb, III yerə 44 №-li orta məktəb çıxmışdır.
Olimpiadanın iştirakçısı, Gəncə Musiqi Texnikumunun tələbəsi Rəhimli Şahanənin  suallara çox qısa müddətdə cavab verərək ən yüksək bal toplaması xüsusilə vurğulanmışdır. 

Sonda Konstitisiya Məhkəməsinin hakimləri Ceyhun Qaracayev və Kamran Şəfiyev tədbirdə iştirak edən olimpiadanın qaliblərinə və habelə yüksək bal toplayaraq fərqlənənlərə kubok və diplomlar vermiş, hüquqa aid kitablar və hədiyyələr təqdim etmişdir.