ANA SƏHİFƏ » 2011-11-14 Konstitusiya Gününə həsr edilmiş tədbir


Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun növbəti ildönümünün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirmişdir.

Fərhad Abdullayev demişdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. 
Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırmışdır ki, Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.
Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir. Qeyd olunmuşdur ki, dövlətin Əsas Qanununun qəbulundan ötən 16 il Azərbaycanın yeni tarixində xüsusi yer tutur. Həmin müddətdə ölkə demokratik dövlət quruculuğu sahəsində, iqtisadiyyatın və sosial-siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olunmuşdur. Konstitusiyanın qəbul edilməsi müasir, dünyəvi və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət sisteminin formalaşmasında və möhkəm hüquqi bazanın yaradılması sahəsində mühüm addım olmuşdur. Əsas Qanun dövlətimizin, onun ərazi bütövlüyünün və cəmiyyətin hüquqi baxımdan legitimləşdirilməsini təmin etmişdir. Konstitusiyada təsbit olunmuş hüquqi baza isə Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafının sabitliyinə və dinamikliyinə imkan yaratmışdır. 
F.Abdullayev bildirmişdir ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur. İndi Azərbaycan regionda həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də əsas təşəbbüskarıdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə xüsusi diqqətinin bariz nümunəsidir.
Konstitusiya Məhkəməsinin sədri əminliklə söyləmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və düşünülmüş siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi də Konstitusiya çərçivəsində öz həllini tapacaqdır. 
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edən F.Abdullayev bildirmişdir ki, 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır. Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əməkdaşlığa, xarici ölkələrin konstitusiya məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.
Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində qarşıya qoyduğu öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.