2007-05-10 Azərbaycan və Türkiyənin Konstitusiya Məhkəmələri arasinda qarşiliqli anlaşma memorandumu imzalanmişdir

News

2007 May

Mayın 10-da Azərbaycanın Konstitusiya Məhkəməsi və Türkiyənin Konstitusiya (Ana Yasa) Məhkəməsi arasında ikitərəfli əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi olmuşdur.

Memorandumu iki ölkənin Konstitusiya Məhkəmələrinin sədrləri Fərhad Abdullayev və xanım Tülay Tuğcu imzaladılar.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni imzalanan sənədi iki dost, qardaş ölkə arasında bütün sahələrdə inkişaf edən mehriban münasibətlərin yeni, parlaq təzahürü olduğunu vurğuladı. O dedi ki, sənəd insan hüquq və azadlıqlarının qorunması, hüquqi, demokratik dövlət quruculuğu sahəsində əməkdaşlığı, qarşılıqlı nəzəri-təcrübə mübadiləsini, birgə tədbirlərin hazırlanıb keçirilməsini, hüquqşünaslar üçün birgə kursların təşkilini və sairi nəzərdə tutur. Ötən il Ankara və Vilnüsdə keçirilən tədbirlərdə xanım Tuğcu ilə işgüzar söhbət, məsləhətləşmələr apardıqlarını, Türkiyə Konstitusiyasının 45 illiyi münasibətilə keçirilən tədbirlərdə ölkəmizin də nümayəndəsinin iştirak etdiyini xatırladan F.Abdullayev, imzalanan sənədi iki ölkənin ən yüksək dövlət qurumları arasında münasibətlərin səviyyəsinin göstəricisi kimi səciyyələndirdi. O, bu memorandumun məhz xalqımızın ümummilli lideri, Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlığın ən böyük carçısı, qurucusu olan Heydər Əliyevin doğum günü imzalanmasını xüsusilə əlamətdar hadisə kimi dəyərləndirdi.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Tülay Tuğcu ilk dəfə gəldiyi Bakıda görkəmli siyasi xadim Heydər Əliyevin doğum günü mərasimlərində iştirak etməkdən xüsusi məmnunluq duyduğunu söylədi. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün xoş təəssürat yaratdığını, imzalanan memoranduma da ilk xeyir-duanın dövlətimizin başçısı tərəfindən verildiyini razılıq hissi ilə vurğuladı, bu sənədin hər iki tərəfin bütün dövlət, hüquq sistemi üçün əhəmiyyətli olacağına əminliyini bildirdi.

Sonra məhkəmələrin sədrləri mətbuat nümayəndələrinin suallarına cavab verdilər.

Mərasimdə Türkiyə və Azərbaycanın Konstitusiya Məhkəmələrinin hakimləri, qardaş ölkənin Bakıdakı səfiri Hüseyn Avni Qarslıoğlu iştirak edirdilər.

Çay süfrəsi arxasında davam edən işgüzar söhbət zamanı tərəflər bir-birinə hədiyyələr təqdim etdilər və xatirə şəkli çəkdirdilər.