Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 26 il ötür

News

2021 Nov

11.11.2020

“Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

             Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri


İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

           İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 26 ili tamam olur. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumda xalqımız tərəfindən qəbul edilmişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu. Lakin respublikamız müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik, xaos və anarxiya yeni konstitusiyanın qəbul edilməsini mümkünsüz edirdi. Azərbaycan vətəndaş qarşıdurması astanasına sürüklənmiş, milli dövlətçiliyimiz isə məhv olmaq təhlükəsi altında idi.

Mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.

Məhz belə bir çətin məqamda, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyimizin tarixi səhifələrini yazdı.

Ümummilli Liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılmışdır.

Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan sonra, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Yeni qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkan yaratdı.

Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyanın demokratik dəyərlərini əks etdirir.

Bu tarixi hadisə dövlətçilik tariximizdə şanlı bir səhifə yazdı və dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyətin həyatının bütün sahələrini əhatə etmişdir.

26 il öncə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində birbaşa ali hüquqi qüvvəyə malik olan, həyatımızın bütün sahələrinə təsir göstərən canlı bir sənəddir.

Konstitusiya hüquq sisteminin təməlini təşkil edir. Hüquq sisteminin nüvəsini, bünövrəsini təşkil etməklə, konstitusiya bu sistemdən təcrid olunmuş şəkildə deyil, həmin sistem daxilində fəaliyyət göstərir. Konstitusiya hüquq sisteminin başlıca yaradıcı elementi, onun əsas hüquqi mənbəyidir.

Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşdirilmişdir.

Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunmuşdur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilmişdir. Hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması ölkədə həyata keçirilən hüquqi islahatların əsas istiqamətini müəyyən etmişdir.

Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla məhkəmə-hüquq islahatları həyata keçirilmiş, bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerli özünüidarəetmə orqanları olan bələdiyyələr yaradılmış və fəaliyyətə başlamış, xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mükəmməl təminat sistemi formalaşmışdır.

Mahiyyət etibarilə, hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir.

1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsa da, ötən zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Konstitusiyanın stabilliyi heç də onun tamamilə dəyişilməzliyi demək deyildir, ictimai münasibətlərin inkişafı prosesi konstitusiyaların zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsini labüd edir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişə bilər.

Bu baxımdan hüququn müasir inkişaf tendensiyaları və ölkəmizin inkişaf etmiş və müasir ölkələrin ailəsinə fəal inteqrasiyası Azərbaycanda konstitusiya islahatlarının aparılmasını, Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdi. Bu zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq əlavə və dəyişikliklər edilmiş, bu dəyişikliklər Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi məqsədlərinə xidmət etmişdir.

Konstitusiyanın normalarından irəli gələrək, respublikamızda beynəlxalq hüququn norma və prinsipləri əsasında yeni normativ hüquqi baza yaradılmış, milli qanunvericiliyimiz təkmilləşdirilmiş, ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq hüquq müqavilələrinə qoşulmuşdur. Həmin hüquqların səmərəli təminatı üçün mövcud qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, beynəlxalq müqavilələrin müddəalarının milli səviyyədə implementasiyası təmin olunmuşdur.

Bütün fəaliyyəti dövründə xalqımızın və dövlətimizin maraqlarını qorumuş, Azərbaycanın hərtərəfli inkişafı uğrunda mübarizə aparmış, fədakarlıq nümayiş etdirmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, milli birliyimizin təmini, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün çalışan Əsas Qanunun müəllifi ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. O, bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmasını təkidlə vurğulamış, beynəlxalq ictimaiyyətin diqqətini bu problemin həllinə cəlb etməyə çalışmışdır.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən andiçmə mərasimindəki tarixi çıxışında Heydər Əliyev demişdi: “İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai - siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib, Azərbaycan xalqının istədiyinə nail olacağam”.

Ulu öndər Heydər Əliyevin işğal altındakı torpaqlarımızın azad olunması üçün göstərdiyi səylər təkcə diplomatiya ilə məhdudlaşmırdı. Ümummilli Lider danışıqların aparılması ilə yanaşı, Azərbaycan Ordusunun formalaşması və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Yeni ordu quruculuğu prosesi daha sonra ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və qısa müddət ərzində müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli Azərbaycan Ordusu yaradılmışdır. Bu, həmin rəşadətli ordudur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda Zəfər bayrağımızı qaldırdı.

2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Torpaqlarımızın işğaldan azad olunması ilə tarixə qızıl hərflərlə həkk olunmuş 44 günlük zəfər yürüşümüz alınmaz qala, mədəniyyət paytaxtımız Şuşanın noyabrın 8-də düşmən tapdağından qurtulması ilə başa çatmışdır.

Döyüş meydanında məğlubiyyətə uğrayan işğalçı Ermənistan xüsusilə dinc rayon və şəhərləri hədəfə alaraq qadağan edilmiş kasset və fosfor mərmilərindən və ballistik raketlərdən istifadə etməklə mülki əhaliyə qarşı artilleriya zərbələri endirmişdir. Hərbi əməliyyatların aparıldığı yerdən xeyli aralıda yerləşən dinc insanların yaşadığı şəhərlərimiz – Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhər və kəndlər erməni terror və təxribatlarına məruz qalmış, nəticədə uşaqlar, qadınlar, ahıllar daxil olmaqla 100-ə yaxın mülki şəxs həlak olmuş, 400-dən çox insan yaralanmış, minlərlə mülki obyektə və infrastruktura ziyan dəymişdir. Mənfur düşmənin bu çirkin əməlləri insanlarda qorxu və ruh düşkünlüyü yaratmağa yönəlsə də, xalqımız ordumuzla həmrəyliyini nümayiş etdirərək, Ali Baş Komandanın ətrafında böyük inamla sıx birləşmişdir.

Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün 1949-cu il Cenevrə Konvensiyalarının və ona əlavə Protokolların pozuntuları olmaqla müharibə cinayəti hesab edilir. Bu terror hadisələri Azərbaycan xalqının əzmi və iradəsini sındıra bilmədi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-dövlət birliyi ölkəmizin qələbəsini təmin edən amillərdən oldu.

Bu Qələbə təkcə 44 günlük müharibənin nəticəsi deyil. Son 18 ildə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadiyyatımızın daha da gücləndirilməsi, qazanılan beynəlxalq nüfuz, gənclərimizin vətənpərvər ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin təbliğ edilməsi kimi mühüm addımlar böyük qələbəmizə zəmin yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu BMT və vasitəçi dövlətlərin əvəzinə pozulmuş beynəlxalq hüquq normalarını bərpa edərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi.

Müzəffər Ali Baş Komandan həm də güclü, iradəli, uzaqgörən siyasətçi kimi bu Qələbəyə imza atdı. Son illər beynəlxalq informasiya məkanında ölkəmiz üstünlüyü ilə seçilmişdir. Bu sahədə üstünlüyümüzün ən mühüm amili isə Prezident İlham Əliyevin bu illər ərzində tamamilə haqlı, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan, beynəlxalq hüquqa söykənən bir mövqe nümayiş etdirərək ali tribunalardan çıxışları, beynəlxalq aparıcı kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətlərini düzgün əks etdirən fikirləri oldu.

Dövlət başçısının hərbçilərlə görüşündə vurğuladığı kimi, “Bu Qələbəni qazanan əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir”. Bu Qələbənin qazanılmasında Ali Baş Komandanımıza və qəhrəman hərbçilərimizə, şəhidlərimizə borcluyuq. Bu gün dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı ilə yanaşır və onların ailələrinə daim hər cür dəstək göstərirlər.

Müharibədən sonrakı dövrdə dövlət başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə yüksək diqqət və qayğısını əsirgəmir. Ötən il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılması ilə bağlı Fərman imzalamışdır. “YAŞAT” Fondunun yaradılması, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşılması xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır.

Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərərək düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamlar qısa müddətə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi döyüş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, 2003-cü ildə cənab Prezident İlham Əliyev hakimiyyətə gələndə uşaq olan insanlar Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olanlardır. Bu gənc nəsil vətənpərvər ruhda yetişmiş, fədakarlıq göstərərək canlarından keçmiş və qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın rəşadətli ordusunun öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda apardığı əməliyyatların başladığı gündən qardaş Türkiyə daim öz siyasi və mənəvi dəstəyini əsirgəməmişdir. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsi zamanı qardaş Türkiyənin dövlət rəhbərliyi Azərbaycanın yanında olduğunu dəfələrlə açıq şəkildə bəyan etmişdir.

Bu mənəvi dəstəyin davamı olaraq cari ilin iyunun 15-də ölkəmizin mədəniyyət paytaxtı - Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsi zamanı Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan dəfələrlə əlaqə yaradaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləmiş, Türkiyə Konstitusiya Məhkəməsinin kollektivi adından qardaş Azərbaycanın Vətən uğrunda şəhid olmuş əsgərlərinin, dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsindən kədərləndiyini bildirərək xalqımıza dərin hüznlə başsağlığı vermiş və Türkiyənin daim Azərbaycan xalqının yanında olduğunu vurğulamışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutacaq. Ölkə başçısı cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı düşmənin darmadağın etdiyi ərazilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirmişdir. Artıq torpaqların bərpası prosesi başlanmışdır. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır, həmin ərazilərdə həyatın bərpası, müasir infrastruktur layihələrinin reallaşdırılması istiqamətində işlərə hazırlıq görülür.

Hazırda azad olunmuş ərazilərdə iri tikinti işləri aparılır. Eyni zamanda, yaşayış binalarının tikintisi layihələrinə başlanılması ilə uzun müddət işğal altında qalan torpaqlar yenidən öz sahibləri tərəfindən dirçəlməkdədir. Otuz ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimiz yenidən bərpa olunur. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır.

Azərbaycan və Türkiyə prezidentlərinin ən müasir tələblərə cavab verən, qısa müddətdə və yüksək keyfiyyətdə inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışını etmələri Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Eyni zamanda, Zəngəzur dəhlizinin bir hissəsi olan böyük avtomobil yolunun təməlinin qoyulması, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq və bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.

Azərbaycanın əldə etdiyi inamlı Qələbə sayəsində regionda yeni reallıqlar formalaşdı. Belə ki, üçtərəfli Bəyanatda əksini tapan ən əsas məsələlərdən biri də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu vacib kommunikasiya təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın iqtisadi maraqlarının reallaşdırılması baxımından əhəmiyyətlidir. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxış etmiş dövlət başçısı cənab İlham Əliyev bildirmişdir ki, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər: “Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır”.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə səfəri çərçivəsində dövlətimizin başçısı burada Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında vurğulamışdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan 14 iqtisadi rayonun sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yer alması dövlət başçısının da qeyd etdiyi kimi, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar, Şərqi Zəngəzur iqtisadi rayonunda isə Şərqi Zəngəzura aid olan rayonlar birləşmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan mühüm qərar, inqilabi addımdır.

Vətən müharibəsində qazanılan inamlı Qələbədən sonra Azərbaycan beynəlxalq arenada münasibətlərini daha da möhkəmləndirməkdədir. Belə ki, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan qısa zamanda beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır. Hərəkata üzv ölkələrin Azərbaycanın sədrliyinin uzadılması barədə yekdil qərar qəbul etmələri ölkəmizə olan inamın və etimadın təzahürü idi. Azərbaycanın bu quruma sədrlik müddətinin daha bir il uzadılması isə ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisi kimi böyük əhəmiyyət kəsb edir. Bu qərarı Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymət əlaməti kimi yüksək dəyərləndiririk.

Azərbaycanın beynəlxalq çərçivədə qurulan və inkişaf etdirilən münasibətləri fonunda 44 günlük Vətən müharibəsində qazanılan Qələbəsindən narahat olan ölkələr də olmaqdadır. Dövlət başçısı cənab İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın xarici siyasəti açıq, şəffaf, sabit və müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu Konstitusiyaya əsaslanaraq həm daxili, həm xarici münasibətlərini tənzimləyir. Belə ki, Konstitusiyanın 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Eyni zamanda, işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpası həm də soydaşlarımızın konstitusion hüquqlarının bərpasını təmin edir.

Konstitusiyamıza əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu.

Eyni zamanda, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilərək BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət etnik təmizləmə siyasətinin aparılmasını sübut edən faktlar təsbit olunub.

Bildiyimiz kimi, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təmin olunmasını və ali ədalət mühakiməsini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müəllifi ulu öndər Heydər Əliyev olduğu 1995-ci il Konstitusiyasının milli hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biridir və Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin, dövlətin hüquqa bağlılığının təmin edilməsinin mühüm vasitələrindəndir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Əsas Qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Konstitusiya nəzarəti Konstitusiya ilə təsbit olunmuş norma və prinsiplərin qorunması, o cümlədən insan və vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi məqsədini daşıyır və bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Başqa sözlə desək, konstitusiya nəzarəti Konstitusiyanın aliliyinin təmin edilməsi və Konstitusiyada əks olunmuş insan hüquq və azadlıqlarının müdafiə olunması, qanunvericilik normalarının təfsiri vasitəsilə hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.

Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb.

Ötən illər ərzində Məhkəmə ümumilikdə 476 qərar və 130 qərardad qəbul etmiş və bu qərarların böyük bir hissəsi məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında əks etdirdiyi hüquqi mövqeləri ilə milli hüquq sisteminin formalaşmasına və inkişafına töhfə verməkdədir.

Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə ictimaiyyətin etimadını qazanmışdır.

Müasir dövrün tələblərini, ölkəmizin beynəlxalq birliyə sürətli inteqrasiyasını nəzərə alaraq, Konstitusiya Məhkəməsi də beynəlxalq hüquq əməkdaşlığına çox böyük önəm verir və bunu nəinki Konstitusiya Məhkəməsinin, ilk öncə ölkəmizin nüfuzunun və mövqelərinin möhkəmləndirilməsi mənafeyindən həyata keçirməyə çalışır. Fəaliyyətimiz dövründə Məhkəmə kifayət qədər geniş və çoxşaxəli beynəlxalq əlaqələr qura bilmişdir.

Konstitusiya Məhkəməsi yaranmasından sonra Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransının, Avropa Konstitusiya Məhkəmələrinin Konfransının, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının və Avrasiya Konstitusiya Nəzarəti Orqanlarının Assosiasiyasının üzvü olub. Məhkəmə, həmçinin Avropa Şurasının Venesiya Komissiyası tərəfindən yaradılmış Avropa ölkələrinin konstitusiya məhkəmələri arasındakı “Venice Forum” adlanan xüsusi operativ əlaqə sistemindən istifadə edir. 2018-ci ilin martından etibarən isə Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzdində fəaliyyət göstərən “Yüksək Məhkəmələr Şəbəkəsi”nə (SCN) daxil olmuşdur. Həmin şəbəkə Strasburq Məhkəməsinin, habelə Avropa konstitusiya məhkəmələrinin hüquqi materiallarından istifadə etməyə imkan yaradır.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə diqqət yetirilir və istinadlar olunur.

Bunlarla yanaşı, Konstitusiya Məhkəməsi digər dövlətlərin konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq edir. Türkiyə, Rusiya, Almaniya, İsrail, Avstriya, İtaliya, Polşa, Koreya Respublikası və bir sıra digər ölkələrin konstitusiya nəzarət orqanları ilə qurduğumuz ikitərəfli əlaqələr vasitəsilə öz təcrübəmizi zənginləşdirməyə və qəbul olunan qərarlarda müasir hüquqi ideyaları tətbiq etməyə çalışırıq. Artıq bir neçə ölkənin konstitusiya nəzarəti orqanı ilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanmışdır. Bunların sırasında Türkiyə, Moldova, Monteneqro, Belarus, İndoneziya və digər dövlətlər yer almaqdadır.

Əlavə edilməlidir ki, son zamanlar bir sıra ölkələrdə konstitusiya nəzarətini həyata keçirən orqanın yaradılması zərurəti artmaqdadır. Belə ki, Qırğızıstan Konstitusiyasında baş verən islahatlar nəticəsində Qırğızıstan Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatası ləğv edilərək daha geniş səlahiyyətlərə malik olan Konstitusiya Məhkəməsi yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz növbəsində beynəlxalq münasibətlərə böyük önəm verərək mütəmadi olaraq digər ölkələrin qanunvericiliyində baş verən mütərəqqi addımları izləməkdədir.

Yekunda qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətini daim şəffaf və ictimaiyyət üçün açıq şəkildə qurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müasirləşdirilməsinə yönəlmiş işlərdə məhkəmə-hüquq sisteminin cəmiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımlar atılmışdır. Konstitusiya Məhkəməsi də gənc və yeni nəsil hüquqşünasların Məhkəmənin fəaliyyəti ilə tanış olmaları və öz biliklərini konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq etmələri üçün daim yeni imkanlar yaradır.

Həmin prosesin davamı olaraq Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilmiş sorğu və müraciətləri Məhkəmənin rəsmi internet saytında yerləşdirərək hüquq sahəsində biliklərinə güvənən hər bir hüquqşünasa, o cümlədən hüquq üzrə təhsil alan tələbələrə həmin sorğu və müraciətlərə dair öz yazılı rəylərini Məhkəməyə təqdim etmək fürsəti yaradılmışdır.

Sonda qeyd etmək lazımdır ki, bu il Konstitusiyanın qəbul edilməsinin 26-cı ilində qürur və fəxrlə deyə bilirik ki, Konstitusiyanın müddəaları bütöv Azərbaycanın ərazisində ali qüvvəyə malikdir və 30 ilə yaxın müddətdən sonra vətəndaşlarımız pozulmuş hüquqlarını bərpa edərək öz yurdlarına geri dönmək prosesinə hazırlaşırlar. Böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş terror aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və Rəşadətli Ordumuzdur.

Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı tarixi nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcək. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, müstəqil Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.

Fürsətdən istifadə edərək, Azərbaycan xalqını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adından Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun bizə bəxş etdiyi 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt həyat və firavanlıq arzulayırıq. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və bu bayraq daim orada dalğalanacaqdır.

Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin Sədri