2010-07-15 Bakıda Azərbaycan və Moldova Konstitusiya Məhkəmələri arasinda qarşılıqlı əməkdaşliq haqqında Memorandum imzalanmışdır

News

2010 Jul

İyulun 14-də Bakıda Azərbaycan Respublikası və Moldova Respublikası Konstitusiya məhkəmələri arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Mərasimdən əvvəl Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri və Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür. 

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə gül çələngi qoymuşlar. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurum üçün əlamətdar bir vaxtda dəvəti qəbul etdikləri üçün Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulbereyə minnətdarlığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, on iki il əvvəl – 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimləri təyin edilmiş, iyulun 18-də isə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmanla bu qurum rəsmi fəaliyyətə başlamışdır. 

Azərbaycan Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrindən danışan F.Abdullayev demişdir ki, fəaliyyətimiz dövründə kifayət qədər əməkdaşlıq əlaqələri qura bilmişik. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası və xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə əlaqələrimiz mövcuddur. Türkiyə, Belarus, Rusiya, Ukrayna, Almaniya və s. ölkələrin müvafiq qurumları ilə ikitərəfli əlaqələrimiz təcrübə mübadiləsinə, qəbul olunan qərarlarda hüquqi ideyaları tətbiq etməyə yaxından kömək edir. 

F.Abdullayev Azərbaycan və Moldova arasında dostluq, tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamış, iki ölkənin Konstitusiya məhkəmələri arasında imzalanacaq qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun hüquqi sahədə əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini nəzərə çarpdırmışdır. 

Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulbere xoş sözlərə görə təşəkkür etmiş, Azərbaycanın və Moldovanın rəsmiləri arasında keçirilən görüşlərin, qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəsinin Konstitusiya Məhkəməsi cari ilin fevralında fəaliyyətinin 15 illiyini qeyd etmişdir. Biz Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndələri ilə beynəlxalq tədbirlərdə görüşür, əməkdaşlıq edir, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparırıq. İmzalanacaq sənəd isə əməkdaşlığımızı, münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. 

Sonra Memorandumun imzalanması mərasimi olmuşdur. Sənədi Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulbere imzalamışlar. 

Sonda hər iki ölkənin görüşdə iştirak edən hakimləri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.