15-01-2020 Konstitusiya Məhkəməsində MDB-də demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun nümayəndə heyəti ilə görüş keçirilib

Xəbərlər

2020 Jan

Yanvarın 15-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun direktoru Yekaterina Qoloulinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Sədr Fərhad Abdullayev bildirib ki, ulu öndərin təşəbbüsü və müəllifliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib. Qeyd edilib ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi formalaşdırılıb və bu sahədə mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətə başlayıb.

Sədr bildirdi ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş, Rusiya Federasiyası Konstitusiya Məhkəməsi ilə yanaşı digər xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşdur.

Həmçinin, vurğulanıb ki, Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda şəffaf şəkildə fəaliyyət göstərən müstəqil və mütərəqqi texnologiyaları tətbiq edən məhkəmə sistemi yaradılıb. Bu prosesdə beynəlxalq təcrübəyə xüsusi diqqət yetirilib.

Söhbət zamanı Azərbaycanda qarşıdakı parlament seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qanunvericilikdə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə toxunulmuşdur.

Qeyd edilib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir. Azərbaycanda da bu prosesin inkişafı müşahidə edilir və seçki təcrübəsi ildən-ilə müasirləşir.

Qonaqlar ətraflı məlumata və qəbula görə Fərhad Abdullayevə minnətdarlığını bildiriblər.

Nümayəndə heyətinin sədri Yekaterina Qoloulina Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, ölkələrimizin Konstitusiya sistemlərində oxşarlığın olduğunu bildirib.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.