16-01-2020 Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Xəbərlər

2020 Jan

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il ötür. Yanvarın 16-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla yad olunub.

Anım mərasimində Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabrın 13-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Sərəncam imzaladığını, bununla bağlı ölkəmizdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. Fərhad Abdullayev 20 Yanvar faciəsinin müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı olduğunu qeyd edib.

Bildirib ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilən və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən soyqırımları və azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı daha da güclənərək dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyə qovuşmasında görüb.

Fərhad Abdullayev xüsusi vurğulayıb ki, 1980-ci illərin sonunda Azərbaycanda alovlanan milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Bakıda imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrini şəhərə yeridərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməklə SSRİ konstitusiyasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrin bir sıra maddələrini kobudcasına pozub. Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz edildiyi, günahsız insanların qətlə yetirildiyi həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və qanunsuz olaraq həbs edilib. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.

Qeyd olunub ki, o zaman ümummilli lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, ovaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edib.

Bildirilib ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaradıb. Bu qanlı hadisəni törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. 1994-cü ilin martında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis ilk dəfə 20 Yanvar faciəsi barədə qərar qəbul edib. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Ulu öndər Heydər Əliyevin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan Konstitusiya Məhkəməsinin Sədri deyib ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub, şəhidlərin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərib, bu istiqamətdə mühüm qərarlar qəbul edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və dövlətimiz tərəfindən onlara daim yardımlar göstərilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksləri yaradılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır, onların sosial təminatı istiqamətində mühüm işlər görülür.

Konstitusiya Məhkəməsində keçirilən tədbirdə, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov müasir Azərbaycan tarixində Qanlı 20 yanvar hadisələri, həmin faciənin tarixi və siyasi məqamlarının təhlilinə dair məruzə ilə çıxış edib. Bildirib ki, Qanlı Yanvar faciəsi ermənilərin sovet imperiyası rəhbərliyinin xeyir-duası və köməyi ilə azərbaycanlılara qarşı yönəldilmiş kütləvi qırğın ssenarilərinin növbəti mərhələsi olub. Qanlı Yanvar hadisələrinin mahiyyətindən danışan Xəqani Məmmədov bildirib ki, bu hadisə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, SSRİ rəhbərliyinin Dağlıq Qarabağla bağlı qərəzli və ədalətsiz siyasətinə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə törədilib.

Faciənin Azərbaycan tarixində rolundan danışan professor qeyd edib ki, müasir tariximizdə baş verən 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəticədə çox keçmədən Azərbaycan müstəqilliyini bərpa etdi. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Anım mərasiminə yekun vuran Fərhad Abdullayev qeyd edib ki, 20 Yanvar faciəsi yaddaşımızdan heç vaxt silinməyəcək, insanlığa qarşı törədilmiş ən dəhşətli və qanlı cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaq. Diqqətə çatdırılıb ki, xalqımız azadlıq uğrunda canlarını qurban verən cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük ehtiramla yad edir, onların igidliyini yüksək qiymətləndirir. Biz şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qorumalı, onu əbədi və dönməz etməliyik. Bunun üçün gənclərimiz xalqımızın milli birliyinə mühüm təkan verən bu faciələri unutmamalı, onlardan nəticə çıxarmalı, Azərbaycanın tarixi keçmişi haqqında məlumatlı olmalıdırlar.

Konstitusiya Məhkəməsinin Sədri deyib: “Azərbaycanın dinamik inkişafı, hərbi və iqtisadi qüdrətinin artması, müstəqil siyasət yürütməsi qonşu Ermənistan və onun havadarları tərəfindən birmənalı qəbul edilmir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi Konstitusiyamızda göstərildiyi kimi, müasir, sivil Azərbaycan dövlətinin inkişaf etməsidir. Hazırda Azərbaycan uğurla həyata keçirilən sosial-siyasət nəticəsində hər bir sahədə inkişaf edir, bütün parametrlərdə Ermənistanı üstələyir. İnanırıq ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni işğalçılarından azad edəcək. Hazırda Azərbaycan bu istiqamətdə qətiyyətli addımlarla irəliləyir”.

Sonda AZƏRTAC-ın hazırladığı “20 Yanvar: Tarixin qan yaddaşı” sənədli filmi nümayiş etdirilib.