ANA SƏHİFƏ » Qərarlar » 27.10.04 S.N.Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın aktlarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
27 oktyabr 2004-cü il                                                                                              Bakı şəhəri
 
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Ə.Sultanov (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov və S.Salmanovadan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçinin nümayəndəsi R.Orucovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Sona Niftulla qızı Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 oktyabr 2003-cü il tarixli qərardadının və 05 noyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr əvəzinin 11 avqust 2004-cü il tarixli, 8m-84 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin nümayəndəsi R.Orucovun çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN    ETDİ:
 
Konstitusiya işinin materiallarından göründüyü kimi 29 may 1998-ci il tarixdə 165 saylı kredit müqaviləsi əsasında E.T.Abdullayeva «Rossiyskiy Kredit» Kommersiya Bankından (hal-hazırda - «United Credit Bank») illik 40% şərti ilə 3 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit almışdır. Həmin gün o, kreditin qaytarılmasının təminatı kimi özünə məxsus olan Bakı şəhəri, Əliyarbəyov küçəsi 2 saylı evin 25 saylı mənzilinə dair «Rossiyskiy Kredit» Kommersiya Bankının (bundan sonra - Bank) işçisi F.R.Muradovla notariat qaydasında alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir.
Həmin ərəfədə müxtəlif şəxslərin ərizələri əsasında E.T.Abdullayevaya qarşı onun əməllərində dələduzluq əlamətlərinin mövcudluğu ilə bağlı iki cinayət işi başlanılmış, 29 yanvar 1999-cu il tarixdə Səbail rayon polis idarəsində bu işlər birləşdirilmiş, ibtidai istintaq aparılaraq başa çatdırılmış və bundan sonra iş baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə E.T.Abdullayevanın ibtidai istintaq zamanı ruhi xəstəliyə düçar olmasını nəzərə alaraq onun əvvəlcə güclü nəzarətli məcburi müalicəyə göndərilməsi, tədricən adi nəzarətli məcburi müalicəyə, sonradan isə ümumi əsaslarla müalicəyə keçirilməsi, habelə onun stasionar müalicədən keçməsi ilə bağlı məhkəmə ekspertizasının təyin olunması səbəbləri üzündən işin icraatını son günlərədək dayandırmışdır (konstitusiya icraatı başlandıqdan sonra E.T.Abdullayevanın xəstəxanada olmadığı aşkar edilmiş və Səbail rayon məhkəməsi cinayət işi üzrə icraatı təzələməklə onun axtarışına dair qərar qəbul etmişdir).
İbtidai istintaqın aparılması zamanı zərərlə bağlı tələbləri təmin etmək məqsədi ilə E.T.Abdullayevanın mənzilinə həbs qoyulmuşdur. Bu həbs istintaq orqanı tərəfindən götürüldükdən sonra 10 aprel 1999-cu il tarixdə həmin mənzilin qabaqcadan bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bankın işçisi F.R.Muradovun adına keçməsi sonadək rəsmiləşdirilmiş və Bakı şəhəri icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi (bundan sonra – BŞİHTİMHQİ) tərəfindən müvafiq qeydiyyat vəsiqəsi verilmişdir.
20 aprel 1999-cu il tarixdə isə göstərilən mənzil notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında S.N.Məmmədovaya satılmışdır. Bundan sonra onun mənzilə olan mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada BŞİHTİMHQİ tərəfindən rəsmiləşdirilmiş, mənzilin satılmasından əldə olunmuş pullardan 35.625 ABŞ dolları E.T.Abdullayevanın Banka olan kredit və faiz borclarının ödənilməsinə yönəldilmiş, 34.375 ABŞ dolları isə Səbail rayon polis idarəsinə təhvil verilmişdir.
Təxminən iki il sonra E.T.Abdullayeva ilə birlikdə yaşamış onun qızı K.A.Miriyeva anası tərəfindən mənzilin satılmasına razılıq vermədiyinə və bunun saxta sənədlər əsasında həyata keçirildiyinə görə alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair məhkəməyə iddia ərizəsi vermişdir.
Səbail rayon məhkəməsinin 25 oktyabr 2001-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. 18 fevral 2002-ci il tarixdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) qətnaməsi ilə Səbail rayon məhkəməsinin qətnaməsi ləğv olunaraq K.A.Miriyevanın iddiası təmin olunmuşdur. Qətnamədə həmçinin tərəflərə izah edilmişdir ki, onlardan hər biri etibarsız hesab olunmuş alqı-satqı müqavilələri üzrə verdiklərinin hamısının digər tərəfdən alınması tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Bu mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 17 iyul 2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin MİÜMK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Daha sonra S.N.Məmmədova məhkəməyə E.T. Abdullayevaya və F.R.Muradova qarşı məhkəmə qaydasında etibarsız hesab olunmuş mənzilin alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi vermişdir. Məhkəmə baxışı zamanı F.R.Muradov əqdin görünüş üçün bağlandığını və əslində bununla bağlı işlərə Bankın rəhbərliyi tərəfindən sərancam verildiyini bildirmişdir. Bu hal nəzərə alındıqdan sonra Bank məhkəmə baxışına iş üzrə yeni cavabdeh qismində cəlb olunmuşdur.
Yasamal rayon məhkəməsinin 17 mart 2003-cü il tarixli qətnaməsi ilə S.N.Məmmədovanın iddia tələbləri qismən təmin edilərək onun xeyrinə müqavilədə faktiki olaraq satıcı kimi çıxış etmiş Bankdan mənzilin alqı-satqısına ödənilmiş 92.500 ABŞ dolları və təmir-tikinti işlərinə xərclənmiş 48.500 ABŞ dolları, E.T.Abdullayevadan isə qanuni qazanc mənbəyinin itirilməsinə görə 18.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmuşdur.
Apellyasiya Məhkəməsinin MİÜMK-nın 29 avqust 2003-cü il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək S.N.Məmmədovanın xeyrinə Bankdan tutulacaq mənzilin təmir-tikinti işlərinə sərf olunmuş məbləğ 48.567 ABŞ dolları, qanuni qazanc mənbəyinin itirilməsi ilə bağlı E.Abdullayevadan tutulacaq məbləğ isə 17.225 ABŞ dolları həddində müəyyənləşdirilmişdir.
Bank və E.T.Abdullayeva bu qətnamədən kassasiya şikayətləri vermişlər.
Ali Məhkəmənin MİÜMK-nın 03 oktyabr 2003-cü il tarixli qərardadı ilə Bankın vəsatəti təmin olunmuş və kassasiya icraatı başa çatanadək Apellyasiya Məhkəməsi MİÜMK-nın 29 avqust 2003-cü il tarixli qətnaməsinin icrası dayandırılmışdır. 05 noyabr 2003-cü il tarixdə isə Ali Məhkəmənin MİÜMK həmin qətnamənin dəyişdirilməsi haqqında qərar çıxarmışdır.
Bu qərarla Ali Məhkəmənin MİÜMK: 1) mənzilin alqı-satqısına ödənilmiş məbləği 70.000 ABŞ dollara, təmir-tikinti işlərinə sərf olunmuş məbləği 35.443,6 ABŞ dollara azaltmaqla həmin pul vəsaitlərinin Bankdan S.N.Məmmədovanın xeyrinə tutulmasını; 2) Bank tərəfindən kredit və faiz hesabına ödənilmiş 35.625 ABŞ dolları, habelə S.N.Məmmədova tərəfindən mənzilin təmir-tikinti işlərinə sərf olunmuş və Bank tərəfindən onun xeyrinə ödənilməli olan 35.443,6 ABŞ dolları məbləğində pul vəsaitlərinin E.T.Abdullayevadan Bankın xeyrinə tutulmasını;  3) qanuni qazanc mənbəyinin itirilməsi ilə bağlı E.T.Abdullayevadan S.N.Məmmədovanın xeyrinə 17.225 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsinin müvafiq hissəsinin ləğv edilməsini; 4) öz qərarının isə eyni vaxtda icra edilməsini müəyyənləşdirmişdir.
S.N.Məmmədovanın əlavə kassasiya qaydasında verilmiş şikayətinə Ali Məhkəmə sədrinin 30 aprel 2004-cü il tarixli, 8m-84 saylı cavab məktubunda göstərilir ki, kassasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun çıxarıldığından və onun ləğv olunması üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 424-cü maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından işin Plenumun baxışına çıxarılması xahişi təmin edilmədən saxlanılmışdır.
Bundan sonra S.N.Məmmədova konstitusiya şikayəti verərək məhkəmə aktları ilə Konstitusiyada təsbit olunmuş mülkiyyət, zərərin ödənilməsini tələb etmək, hüquq və azadlıqların məhkəmə təminatı v.s. hüquqlarının pozulduğunu göstərmişdir. Buna görə də, o, mənzilin alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı müqavilə üzrə ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Ali Məhkəmənin MİÜMK-nın 03 oktyabr 2003-cü il tarixli qərardadının və 05 noyabr 2003-cü il tarixli qərarının Azərbaycan Republikasının Konstitusiyasına və qanunlarının bir sıra normalarına uyğun olmadığı üçün Konstitusiya Məhkəməsindən onların qüvvədən duşmüş hesab olunmasını xahiş etmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr).
Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.).
Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.
Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.
Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Bu zaman MM-in 21.1 və 21.2-ci maddələrinin müddəaları da nəzərə alınmalıdır. Həmin müddəalara görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Yuxarıdakıları göstərməklə Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
S.N.Məmmədovanın konstitusiya şikayətində mübahisələndirilən məhkəmə aktlarına da belə mövqe nöqteyi-nəzərindən yanaşılması, habelə müvafiq mülki məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən olunmuş qaydalara, xüsusən kassasiya icraatı üçün nəzərdə tutulmuş hədlərə və bu zaman Ali Məhkəmənin səlahiyyətlərinə riayət olunub-olunmaması məsələləri mühüm əhəmiyyət kəsb edir.
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416-cı maddəsi). Kassasiya instansiyası məhkəməsinin vəzifəsi yalnız bundan ibarətdir.
Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu məhkəmənin səlahiyyətlərinə apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik etmək də daxildir (MPM-in 407.2 və 417.0.2-ci maddələri).
Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya icraatının hüquqi təbiəti baxımından bu icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməsi işin mahiyyəti ilə bağlı olmayan halları əhatə etməlidir. Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya məhkəmə instansiyalarında müəyyən edilməmiş işin mahiyyətinə dair hallara istinadla apellyasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək səlahiyyətinə malik deyildir.
S.N.Məmmədovanın konstitusiya şikayətində mübahisələndirilən məhkəmə aktları ilə bağlı mülki iş üzrə isə Ali Məhkəmənin MİÜMK qanunvericiliklə müəyyən edilmiş səlahiyyət dairəsindən kənara çıxaraq mahiyyət etibarilə yeni qərar qəbul etmişdir.
Belə ki, Ali Məhkəmənin MİÜMK faktiki halların yenidən araşdırılması nəticəsində mənzilin alqı-satqısına ödənilmiş, təmir-tikinti işlərinə sərf olunmuş məbləğləri azaldaraq, habelə qanuni qazanc mənbəyinin itirilməsi ilə əlaqədar S.N.Məmmədovanın xeyrinə cavabdeh E.T.Abdullayevadan müəyyən məbləğin tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin müvafiq hissəsini ləğv edərək qətnamədə dəyişiklik edilməsi adı altında əslində mübahisəni mahiyyəti üzrə həll etmişdir.
Ali Məhkəmənin MİÜMK həmçinin birinci və apellyasiya instansiyası məhkəmələrində keçirilmiş məhkəmə baxışlarının predmeti olmayan və yalnız kassasiya icraatı zamanı irəli sürülmüş iddia tələbinə baxmaqla, digər mülki iş üzrə iddia predmetini təşkil etmiş və bununla bağlı müxtəlif instansiya məhkəmə icraatında olan məsələ üzrə (Bank tərəfindən kredit və faiz hesabına ödənilmiş və S.N.Məmmədovanın xeyrinə ödənilməli olan mənzilin təmir-tikinti işlərinə sərf olunmuş pul vəsaitlərinin E.T.Abdullayevadan tutulmasına dair) qərar qəbul etmişdir.
Bununla əlaqədar ilk növbədə göstərmək lazımdır ki, MPM-in 153.2.4-cü maddəsinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır.
Digər tərəfdən isə onu da nəzərə almaq vacibdir ki, iddianın verilməsinə dair müddəalar məhz birinci instansiya məhkəməsindəki icraatı tənzimləyən MPM-in 149 – 156-cı maddələrində öz əksini tapmışdır. Sözsüz ki, qanunvericinin belə mövqeyi təsadüf sayıla bilməz. Digər səbəblərlə yanaşı belə mövqenin əsasında məhkəmə aidiyyətinə riayət olunması və mülki məhkəmə icraatının iştirakçılarının hüquqlarını və qanuni mənafelərini təmin etmək istəyi çox əhəmiyyətli yer tutur.
Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən MPM-in 372-ci maddəsində verilmiş iddialara toxunulması dərəcəsinə də diqqət yetirmək zəruridir. Burada qeyd olunur ki, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsinə əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun (MPM-in 372.3 - 372.5-ci maddələri).
Mülki-prosessual qanunvericiliyin kassasiya icraatına həsr olunmuş normalarında, o cümlədən kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən MPM-in 416-cı maddəsində iddianın verilməsinə dair heç bir müddəa yoxdur. Həmin Məcəllənin 407.2-ci maddəsindən göründüyü kimi kassasiya instansiya məhkəməsində faktiki halların aydınlaşdırılmasına toxunmağı qadağan edən qanunvericinin belə mövqeyi təbii sayılmalıdır.
Bunları nəzərə almaqla, mülki icraat daxilində mübahisə üzrə əvvəlki instansiya məhkəmələrindəki baxışın predmeti olmayan iddia tələbinin Ali Məhkəmənin MİÜMK-da mahiyyəti üzrə baxılmaqla təmin edilməsi kassasiya instansiyası məhkəməsinin məhz səlahiyyət hədlərindən kənara çıxması kimi qiymətləndirilməlidir.
Onu da göstərmək lazımdır ki, Ali Məhkəmənin MİÜMK-nın qərarında mənzilin alınması üçün S.N.Məmmədovanın ödədiyi məbləğin müəyyən edilməsinə qiymət verilərkən daha əvvəl məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinə istinad edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, mübahisələndirilən hüquq münasibətləri yaranan zaman 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş MM-nin 55-ci maddəsinin tələblərinə əsasən etibarsız hesab olunan əqd bağlandığı andan etibarsız hesab olunur. Belə olan halda yalnız həmin müqavilənin əsas götürülməsi isə düzgün sayıla bilməz.
Yuxarıda qeyd olunmuş hallar Ali Məhkəmənin MİÜMK tərəfindən tutulmuş mövqenin MPM-in 88-ci maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya Məhkəməsinin MİÜMK-nın 29 avqust 2003-cü il tarixli qətnaməsinin icrasını kassasiya icraatı başa çatana kimi dayandıran Ali Məhkəmənin MİÜMK-nın 03 oktyabr 2003-cü il tarixli qərardadı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Mülki məhkəmə icraatı zamanı kassasiya instansiyası məhkəməsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin icrasının dayandırılması MPM-in 413-cü maddəsində müəyyən edilmiş qaydada və hallarda məhkəmə qərardadı ilə həyata keçirilə bilər. Bu maddəyə əsasən kassasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin vəsatəti əsasında yalnız aşağıdakı hallarda məhkəmə aktlarının icrasını dayandıra bilər: 1) işdə iştirak edən şəxslər çoxuşaqlı ailəyə malikdirlərsə; 2) işdə iştirak edən şəxslər əmək qabiliyyətinin, ailəni dolandıranın itirilməsi, xəstəlik, əlillik nəticəsində ağır maddi vəziyyətə düşmüşlərsə; 3) işdə iştirak edən şəxslər yaşayış sahəsini itirmişlərsə və digər yerdə yaşamağa imkanları yoxdursa.
Göründüyü kimi məhkəmə aktlarının icrasının dayandırılmasına əsas verən hallar qanunda dəqiq müəyyənləşdirilmişdir və onlar yalnız fiziki şəxslərə şamil edilə bilər. Məhz buna görə, Bankın vəsatəti ilə MPM-in 413-cü maddəsinə istinadən lakin bu maddədə nəzərdə tutulmuş əsaslardan heç birini göstərmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin icrasının dayandırılmasına dair Ali Məhkəmənin MİÜMK-nın 03 oktyabr 2003-cü il tarixli qərardadı qanuna uyğun hesab oluna bilməz.
Bütün yuxarıda qeyd edilənlər isə S.N.Məmmədovanın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən və qanunla müəyyən edilmiş prosedurlar üzrə həyata keçirilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.N.Məmmədovanın mənzil alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Ali Məhkəmənin MİÜMK-nın 03 oktyabr 2003-cü il tarixli qərardadı və 05 noyabr 2003-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə və müvafiq olaraq MPM-in 413-cü və həmin Məcəllənin 88, 407.2, 416 və 417.0.2-ci maddələrinə uyğun olmadığına görə qüvvədən duşmüş hesab olunmalı və işə Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA   ALDI:
 
1. S.N.Məmmədovanın mənzil alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 oktyabr 2003-cü il tarixli qərardadı və 05 noyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 413-cü və həmin Məcəllənin 88, 407.2, 416 və 417.0.2-ci maddələrinə uyğun olmadığına görə qüvvədən duşmüş hesab edilsin və işə Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                                                  Ələddin Sultanov