ANA SƏHİFƏ » Qərarlar » 19.10.04 «Rafzan» Kiçik Müəssisəsinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin İMDİÜMK-ın 28.02.02-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
«Rafzan» Kiçik Müəssisəsinin şikayəti ilə əlaqədar
Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi
mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 28 fevral
2002-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
 
19 oktyabr 2004-cü il                                                                                                             Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi «Rafzan» KM-nin direktoru R.N.Həsənov və onun nümayəndəsi R.B.Əhmədovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «Rafzan» Kiçik Müəssisəsinin şikayətinə əsasənAzərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 28 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Konstitusiya işinə cavabverən tərəfin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi R.Həsənovun çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad məhkəməsinin 22 avqust 2001-ci il tarixli qətnaməsi ilə «Trastbank» Kommersiya Bankının (KB) «Zirvə» mənzil tikinti kooperativinə (MTK) və «Rafzan» kiçik müəsissəsinə (KM) qarşı kredit üzrə borcun ödənilməsinə dair iddiası qismən təmin edilmiş:
-girov qoyulmuş əmlak hesabına 1.050.000.000 manat məbləğində əsas kredit borcunun;
-8.516.261 manat məbləğində kreditə hesablanmış faiz borcunun;
-10.000.000 manat məbləğində iş üzrə hüquqi xidmət göstərilməsi üçün ödənilmiş xərclərin;
-1000.000 manat məbləğində dövlət rüsumunun «Trastbank» KB-nın xeyrinə köçürülməsi qət edilmişdir.
İddianın kreditə hesablanmış əlavə faiz məbləğinin tutulması barədə hissəsi baxılmamış saxlanılmışdır.
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 27 noyabr 2001-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının (İMİÜMK) 28 fevral 2002-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
«Rafzan» KM-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ünvanlanmış şikayətində sərəncam əsasında ona inzibati və yaşayış binasının tikintisi üçün 0,23 ha torpaq sahəsi ayrılmasını, maliyyə çətinlikləri ilə əlaqədar tikintinin uzun müddət aparılmamasını, binanın inşa edilməsi üçün müqavilə əsasında «Zirvə» MTK-i təşkil edilməsini, podrat müqaviləsinə əsasən binanın tikintisini həmin mənzil tikinti kooperativinə həvalə olunmasını göstərmişdir. Şikayətdə daha sonra göstərilir ki, binanın üç mərtəbəsi tikildikdən sonra maliyyə vəsaiti çatışmadığından «Zirvə» MTK və «Trastbank» KB arasında bağlanmış kredit müqaviləsinə əsasən «Zirvə» MTK-nə 165 gün müddətinə 550 milyon manat kredit verilmiş, lakin bu məbləğ də tikintinin başa çatdırılması üçün kifayət etmədiyindən, «Zirvə» MTK-nın sədrinin təkidi ilə 03 aprel 2001-ci il tarixdə «Zirvə» MTK və «Trastbank» KB arasında 165 gün müddətinə 500 milyon manat məbləğində ikinci kredit müqaviləsi bağlanmışdır.
Hər iki kredit müqavilələri eyni şərtlər və qaydalarla bağlanmaqla, müqavilənin 4.4-cü bəndlərində borcalan tərəfindən kredit təyin edilmiş məqsədə uyğun xərclənmədikdə, kreditin faizləri vaxtında ödənilmədikdə və digər hallarda bankın kreditin vaxtından əvvəl geri qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur.
İkinci kredit müqaviləsi icra edilməmişdən əvvəl, yəni 05 apel 2001-ci il tarixdə «Zirvə» MTK-nin təsisçilərindən biri və girovqoyan kimi «Rafzan» KM kreditin məqsədyönlü istifadə olunmaması və israf edilməsinin aşkara çıxarılması ilə əlaqədar müvafiq auditor yoxlaması aparılanadək kreditin verilməsinin dayandırılması barədə məktubla banka müraciət etmişdir. «Trastbank» KB-ı isə kredit müqaviləsi üzrə əsas borcun və faizlərin qaytarılması müddətinin keçməsi ilə əlaqədar, girov qoyulmuş əmlaka ödənişin yönəldilməsi hüququnun yaranmasına baxmayaraq, nəinki belə bir tələblə məhkəməyə müraciət etməmiş, əksinə kreditin məqsədyönlü istifadə olunması barədə akt tərtib edərək, yeni kreditin verilməsinə başlamışdır. Lakin həmin aktın tərtib edilməsindən 3 ay sonra, «Trastbank» yuxarıda göstərilən müqavilələrin şərtlərinə əməl edilməməsinə istinad edərək, iddia ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmələr mübahisəni yuxarıda göstərilən qaydada həll etmişlər.
Ərizəçi şikayətdə həmin iş üzrə qəbul edilmiş məhkəmə aktlarını qanunsuz və əsassız hesab edərək «Kooperasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-nin) 213.3, 213.6, 213.7, 215.4, 215.5, 337.4, 338; 299.1, 431.1, 431.3, 444-cü maddələrinin tələblərinin pozulmasını, bununla da «Rafzan» KM-nin təsisçisi kimi mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının məhdudlaşdırılmasını göstərərək, çıxarılmış məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və mülki qanunvericiliyinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsinə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 77-ci maddəsinin birinci və ikinci hissələrinə, Mülki Prosessual Məcəllənin müddəalarına və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 34.4.1-ci maddəsinə uyğun olaraq «Rafzan» KM-nin şikayətini öz icraatına qəbul olunmasını mümkün hesab etmişdir.
1. R.Həsənovun şikayətinin mahiyyəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi 17.06.01-ci il tarixdə məhkəməyə daxil olmuş «Trastbank» KB-nın «Zirvə» MTK-nə qarşı iddiasına baxılarkən 1 saylı Yerli iqtisad məhkəməsi 24.07.01-ci il tarixli qərardadı ilə «Rafzan» KM-ni cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. 15.08.01-ci il tarixdə «Rafzan» KM-si tərəfindən iddiaçıya və cavabdehə qarşı qarşılıqlı iddia verilmiş, lakin məhkəmə onun üçüncü şəxs kimi qarşılıqlı iddia vermək hüququnun olmadığını əsas gətirərək, 15.08.01-ci il tarixli qərardadı ilə qarşılıqlı iddianı qəbul etməkdən imtina etmiş və işə baxılmasını 21.08.01-ci il tarixə təxirə salmışdır.
Məhkəmə 21.08.01-ci il tarixdə «Rafzan» KM-nin ikinci cavabdeh qismində cəlb olunduğunu elan etmişdir. «Rafzan» KM-nin nümayəndəsi vəsatət verərək müvafiq qərardadın surətinin verilməsini və ikinci cavabdeh qismində cəlb edilməklə əlaqədar qarşılıqlı iddia ərizəsinin hazırlanıb məhkəməyə təqdim edilməsi üçün məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsinin verilməsinin məhkəmə prosesini əsassız olaraq uzatmaq və məhkəmə baxışına maneə törətmək məqsədi daşıdığını əsas gətirərək vəsatəti rədd etmiş və işə mahiyyəti üzrə baxılmasını davam etdirərək qətnamə çıxarmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insanın əsas ayrılmaz hüquqlarından biri olmaqla, həmin hüququn Azərbaycan Respublikasında tanınmasına və həyata keçirilməsinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Konstitusiyaya müvafiq olaraq təminat verilir. Məhkəmə müdafiəsi hüququnun isə öz növbəsində Konstitusiyanın 12-ci maddəsinə əsasən tanınması, təmin və müdafiə edilməsi Azərbaycan dövlətinin ali məqsədi olan bütün digər hüquq və azadlıqların həyata keçirilməsinin zəruri təminatı kimi çıxış edir.
Beləliklə, məhkəmə icraatı iştirakçılarının məhkəmə müdafiəsini tam həcmdə həyata keçirmələrinə, yəni ədalət tələblərinə cavab verən məhkəmə vasitəsilə hüquqlarının effektiv bərpasına təminat verilir.
MPM-nin 2-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu isə, insan hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yalnız məhkəməyə müraciət etmək hüququnu deyil, həm də qanunvericiliklə nəzərdə tutulmuş digər prosessual vasitələrdən istifadə hüququnu da nəzərdə tutur. Belə prosessual vasitələrdən biri də MPM-nin 155-ci maddəsində nəzərdə tutulmuş cavabdehin iddiaçıya qarşılıqlı iddia vermək hüququdur.
Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi də göstərilən konstitusiya müddəalarına uyğun olmaqla, həmin maddələrdəki müddəalar hamının qanun və məhkəmə qarşısında bərabərliyinə, hər kəsin onun mülki hüquq və vəzifələrinə dair mübahisənin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən həll edilməsi hüququna təminat verir. Həmin ümumi prinsip və normalar Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn yuxarıda göstərilən normalarının məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu isə o deməkdir ki, iddiaçı ilə yanaşı cavabdeh də bərabərhüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanı ilə təmin edilməlidir. Buna görə də, MPM-nin 9.1-ci maddəsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə həqiqətə nail olmaq üçün bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi (MPM m.14.1) qoyulur ki, belə prosessual hüquqlardan biri də qarşılıqlı iddia vermək hüququdur. Qarşılıqlı iddia cavabdehin məhkəmədə ona qarşı irəli sürülmüş iddiadan prosessual müdafiə vasitəsidir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, 1 saylı Yerli iqtisad məhkəməsinin «Rafzan» KM-nin qarşılıqlı iddia ərizəsini qəbul etməkdən imtina etməsi sonuncunun məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.
2. Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar digər qanunvericilik aktlarının məzmununu və tətbiqi qaydasını müəyyənləşdirir. Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə və 29-cu maddəsinin II hissəsinə əsasən mülkiyyət hüququ toxunulmazdır, qanun və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya iqtisadi fəaliyyət azadlığına, hər kəsin öz qabiliyyətindən, əmlakından sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü üçün istifadə etməsinə təminat verir (59-cu maddə).
Mülki Məcəllənin mülki hüquq münasibəti iştirakçılarının hüquq bərabərliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, şəxsi işlərə qarışmanın yolverilməzliyi, mülki hüquq münasibəti iştirakçılarının onlara məxsus hüquqları öz mülahizələri ilə həyata keçirmələri, pozulmuş mülki hüquqların bərpasının təmin edilməsi barədə tələbləri yuxarıda göstərilən konstitusiya müddəalarına əsaslanmışdır.
Məhkəmə aktlarından göründüyü kimi, «Trastbank» KB, «Zirvə» MTK və «Rafzan» KM arasında 04.12.00-ci il tarixli 20 saylı və 03.04.01-ci il tarixli 6 saylı kredit müqavilələri bağlanaraq həmin müqavilələrin təminatı kimi bağlanmış birinci girov müqaviləsi ilə «Zirvə» MTK tərəfindən tikilən və tikintisi tamamlanmamış 9 mərtəbəli yaşayış binasının üç mərtəbəsi və ikinci girov müqaviləsi ilə tamamlanmamış tikintinin qalan hissəsi girov qoyulmuşdur.
«Kooperasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsində göstərilir ki, kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir.
Ümumi mülkiyyət hüququnun anlayışını nəzərdə tutan MM-nin 213.1-ci maddəsində qeyd edilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
MM-nin 215.4-cü maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əmlakın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur.
Məcəllənin 215.5-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
Göründüyü kimi, girov qoyulmuş yaşayış binası «Zirvə» MTK-nın üzvlərinin ümumi paylı mülkiyyətində olduğundan həmin əşyaya sərəncamla bağlı istənilən əqdlər, o cümlədən həmin əşyanın girovu haqqında müqavilə bütün kooperativ üzvlərinin razılığı ilə bağlana bilərdi.
MM-nin 338-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyən edilmiş qayda və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa, etibarsızdır.
MM-nin 337.2-ci maddəsinə əsasən mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bütün məhkəmə instansiyalarında mübahisələrin maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir.
Yuxarıda göstərildiyi kimi, «Rafzan» KM-nin qarşılıqlı iddiasının 1 saylı Yerli iqtisad məhkəməsi tərəfindən prosessual qanunvericilik normalarına zidd olaraq qəbul edilməsindən imtina edilməsilə «Rafzan» KM maraqlı şəxs kimi həmin müqavilələrin qanuniliyini mübahisələndirmək hüququndan məhrum edilmiş, məhkəmə isə yuxarıda göstərilən normaları tətbiq etməməklə qətnamə çıxarmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bununla «Zirvə» MTK üzvlərinin Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququ və «Rafzan» KM-nin Konstitusiyasının 59-cu maddəsində nəzərdə tutulmuş azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ pozulmuşdur.
3. Mülki qanunvericiliyin mülki hüquq münasibəti iştirakçılarının iradə sərbəstliyi, müqavilə azadlığı (MM-nin 6.1.2, 6.1.3-cü maddələri) prinsiplərinə müvafiq olaraq, tərəflər müqavilə bağlayarkən onun kontragentlərin hüquq və vəzifələrini müəyyən edən şərtlərini razılaşdırmalıdırlar.
Bununla belə, qanunla (MM-nin 421, 422, 423-cü maddələri) həm tərəflərin razılığına əsasən, həm də onlardan birinin tələbinə əsasən artıq bağlanmış müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası, həmçinin müqavilənin icrasından tam və ya qismən imtina edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
Müqavilənin dəyişdirilməsi və ya xitam edilməsi, yuxarıda göstərilən normalara müvafiq olaraq, bu barədə razılıq əldə edilməmişdirsə, maraqlı tərəfin tələbi ilə məhkəmə qaydasında və yalnız MM-nin 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələrində nəzərdə tutulmuş şərtlər olduqda mümkündür.
MM-nin 444.1-ci maddəsinə əsasən əgər müqavilənin bağlanması üçün əsas olmuş şərait müqavilə bağlandıqdan sonra açıq-aşkar dəyişmişsə və tərəflər həmin dəyişiklikləri nəzərdə tutsaydılar, müqaviləni bağlamazdılarsa və ya başqa məzmunlu müqavilə bağlayardılarsa, müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması tələb edilə bilər. Əks təqdirdə ayrı-ayrı hallar nəzərə alınmaqla müqavilənin tərəfindən dəyişdirilməmiş müqaviləyə ciddi riayət etmək tələb oluna bilməz. MM-nin 444.2-ci maddəsində isə qanunverici müqavilənin əsasında durmuş təsəvvürlərin yanlış çıxmasını şəraitin dəyişməsinə bərabər tutur.
Məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, ikinci kredit müqaviləsi bağlandıqdan sonra, «Rafzan» KM «Trastbank» KB-na və Azərbaycan Respublikasının Milli Bankına həmin müqavilənin icra edilməməsi xahişi ilə məktub göndərərək bunu onunla əsaslandırmışdır ki, «Zirvə» MTK tərəfindən yaşayış binasının tikilməsi üçün alınmış kreditdən məqsədyönlü istifadə olunmamış, bu da yaşayış binasının tikintisinin smeta dəyərinin artmasına səbəb olmuş, əlavə xərclər, o cümlədən kredit müqavilələri üzrə banka ödənilməli olan və artan faizlər isə «Rafzan» KM-nin maraqlarına əhəmiyyətli dərəcədə toxunmaqla, onu nəzərdə tutulmuş gəliri əldə etməkdən məhrum edir.
«Rafzan» KM ikinci kredit müqaviləsi bağlandıqdan sonra alınmış kreditin qaytarılmasını çətinləşdirə bilən halların ona məlum olduğu barədə 05.04.01-ci il tarixdə rəsmi məktubla «Trastbank» KB-na məlumat verərək, müvafiq auditor rəyi alınanadək ikinci kredit müqaviləsi üzrə kreditin verilməsinin dayandırılmasını təklif etmiş, xəbərdarlığa reaksiya verilmədiyi təqdirdə, məsuliyyəti öz üzərindən götürdüyünü və bağlanmış müqavilədən imtina etdiyini bildirmişdir. Lakin «Trastbank» KB dəyişmiş şəraiti nəzərə almadan 09.04.01-ci il tarixdən «Zirvə» MTK-nə ikinci krediti verməyə başlamışdır.
Mülki Məcəllənin 444.3-cü maddəsinə əsasən tərəflər ilk növbədə müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması üçün səy göstərməlidirlər. Əgər müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması mümkün deyildirsə və ya digər tərəf buna razı deyildirsə, mənafeləri pozulmuş tərəf müqavilədən imtina edə bilər.
Beləliklə, yuxarıda göstərilən norma (maddə 444.3) «Rafzan» KM-nə müqavilənin icrasından birtərəfli qaydada (tam və ya qismən) imtina etmək hüququ verir. Həm də həmin imtina MM-nin 422 və 423-cü maddələrindən fərqli olaraq, məhkəməyə müraciət etmədən mümkündür. Cavabdeh «Rafzan» KM-si qanunun bu tələbinə əməl etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mövcud mübahisənin həlli zamanı birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən MM-nin yuxarıda göstərilən müddəalarına əhəmiyyət verilməmiş, yəni məhkəmələr tərəfindən tətbiq edilməli olan qanun tətbiq edilməmişdir.
4. Mülki qanunvericilik müqavilənin icrasına zəmin yaratmaq üçün tərəflərin öhdəliklərin icrası zamanı birgə hərəkət etmək və müqavilənin məqsədinə nail olmağa maneçilik törədə biləcək və ya öhdəliyin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinmək vəzifəsini müəyyən edir. (MM-nin 425.2-ci maddəsi)
Qanunverici birgə öhdəliklərin anlayışını və yaranması əsaslarını müəyyən edərək öhdəliyin borclulardan birinin icra etməsinin mümkünlüyünü və nəticələrini (MM-nin 503-cü maddəsi), həmçinin öhdəliyin III şəxs tərəfindən icra edilməsinin mümkünlüyünü və şərtlərini nəzərdə tutmuşdur. (MM-nin 431.1-ci maddəsi)
Bundan başqa, MM-nin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər.
Bununla belə, maraqları borclunun maraqları ilə üst-üstə düşmədikdə qanun üçüncü şəxslərin hüquqlarının müdafiəsinə təminat verir.
Beləliklə, «Trastbank» KB-nın başa çatmamış tikintiyə tutmanın yönəldilməsi barədə tələbi «Rafzan» KM-nin sonuncuya hüquqlarını itirməsi təhlükəsi yaratdığından bilavasitə borclu olmasa da, yuxarıda göstərilən normalara müvafiq olaraq «Zirvə» MTK-nin öhdəliyini icra etməyə haqlı olmuşdur.
MM-nin 299.1-ci maddəsi borclu və üçüncü şəxs olan girov qoyana girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququ verir.
MM-nin 518.0.3-cü maddəsinə əsasən, borclunun öhdəliyinin həmin öhdəlik üzrə borclu olmayan girovqoyan tərəfindən icra edilməsı nəticəsində kreditorun öhdəlik üzrə tələbləri qanun əsasında girov qoyana güzəşt edilir.
Bu norma imperativ norma kimi, üçüncü şəxsin, xüsusən girov qoyanın kreditordan təklif edilən icranı qəbul etməyi tələb etmək öhdəliyini nəzərdə tutur, yəni üçüncü şəxs (girov qoyan) və kreditor arasında hüquq münasibəti yaradır.
Şikayətin dəlillərindən göründüyü kimi, məhkəmə qətnaməsi çıxarılanadək «Rafzan» KM dəfələrlə hər iki kredit müqaviləsi üzrə öhdəliyin icrasını təklif etsə də, borclunun etirazı ilə əlaqədar, kreditor icranı qəbul etməkdən imtina etmişdir. Halbuki, Mülki Məcəllənin 513.2-ci maddəsinə müvafiq olaraq kreditorun tələblərinin güzəşti üçün borclunun razılığı tələb olunmur. Belə ki, ilkin kreditorun bütün tələbləri yeni kreditora hüququn keçdiyi anda mövcud olmuş şərtlərlə və həcmdə keçir (MM-nin 515-ci maddəsi).
Mülki qanunvericiliyin göstərilən normaları üçüncü şəxslərə sadalanan hüquqları verərək müdafiə edilməsi məhkəmənin vəzifəsi olan konstitusiya mülkiyyət hüququnun həyata keçirilməsinə təminat verir.
Konstitusiyanın 71-ci maddəsinə müvafiq olaraq, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz.
Məhkəmənin üzərinə vətəndaşın konstitusiya hüquq və azadlıqlarını bərpa etmək vəzifəsini qoyan qanunverici Mülki Məcəllədə kreditor icranın qəbul edilməsini gecikdirdikdə və ya onun olduğu yer məlum olmadıqda borclu tərəfindən öhdəliyin icrasınının mümkünlüyünü müəyyən edən konkret normalar nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin göstərilən normaları həmin Məcəllənin 431.3-cü maddəsinə müvafiq olaraq, üçüncü şəxsin borclunun əvəzinə öhdəliyi icra etmək arzusunu bəyan etdiyi və kreditorun icradan imtina etdiyi halda da tətbiq edilməlidir.
Məhkəmənin, MM-nin 27-ci fəslinin 2§-na müvafiq olaraq «Rafzan» KM-dən borc məbləğini depozitə qəbul etmək və bu barədə «Trastbank» KB-na məlumat verərək icranı qəbul etməyi tələb etmək hüququ olmuşdur. Lakin MM-nin göstərilən normaları məhkəmə tərəfindən tətbiq edilməmiş, bu da tərəflərin hüquqlarının və vəzifələrinin effektiv bərpasına imkan verməmişdir.
5. Hazırki mübahisəni 1 saylı Yerli iqtisad məhkəməsinin ümumi xarakter daşıyan yeganə normaya (Mülki Məcəllənin 385.1-ci maddəsinə) istinad edərək həll edən qətnaməsi ilə Mülki Prosessual Məcəllənin, Mülki Məcəllənin və digər qanunların tətbiq olunmalı olan yuxarıda göstərilmiş normaları tətbiq edilməmiş və ya pozulmuşdur.
Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə MPM-nin 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti və hüquq üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. MPM-nin 416-cı maddəsi ilə isə kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaq səlahiyyəti verilmişdir. MPM-nin 418-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.
Adı çəkilən Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-nin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsi əsaslarını nəzərdə tutan 418.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
Beləliklə, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən maddi və prosessual hüquq normalarına riayət edilməməsinə baxmayaraq, kassasiya instansiyası məhkəməsi mövcud olan qanun pozuntularının aradan qaldırılması üçün tədbir görməmişdir.
Bu baxımdan «Trastbank» KB, «Zirvə» MTK və «Rafzan» KM arasında yaranmış mübahisə üzrə qeyd edilən qanunvericilik normalarına riayət edilməməsi Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş hüququn pozulmasına da səbəb olmuşdur.
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, «Zirvə» MTK-nə qarşı kredit üzrə borcun tutulması barədə «Trastbank» KB-nın iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 28.02.02-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, MPM-nin 416-cı maddəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI :
 
1. «Trastbank» Kommersiya Bankının «Zirvə» Mənzil Tikinti Kooperativinə və «Rafzan» Kiçik Müəsissəsinə qarşı kredit üzrə borcun ödənilməsi barədə iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 28 fevral 2002-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən:                                                                          Fərhad Abdullayev