ANA SƏHİFƏ » Qərarlar » 23.08.04 «SaipAzər Machine Companu» şirkətinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin İMDİÜMK-n 18/09/03 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
Azərbaycan Respublikası adından
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
«SaipAzər Machine Companu» şirkətinin şikayəti ilə əlaqədar
Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair
işlər üzrə məhkəmə kollegiyasının 18 sentyabr 2003-cü il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
 
 
23 avqust 2004-cü il                                                                                               Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F. Abdullayev (sədrlik edən), F. Babayev, B. Qəribov, R. Qvaladze (məruzəçi-hakim), İ. Nəcəfov və Ə. Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi - «SaipAzər Machine Companu» şirkətinin nümayəndəsi S.Babayevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «SaipAzər Machine Companu» şirkətinin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 18 sentyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabverən iclasa gəlmədiyindən konstitusiya işinə onun iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, konstitusiya məhkəmə icraatında ərizəçinin nümayəndəsi S. Babayevin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
«SaipAzər Machine Companu» şirkəti «Azər-Asiya» müştərək sığorta şirkəti ilə birlikdə «En Trans» şirkətinə qarşı 340 436 ABŞ dolları məbləğində borcun və 3 205 400 manat məbləğində sığorta ödənişinin qaytarılması tələbinin girov qoyulmuş əmlaka yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan sonra «Azər-Asiya» müştərək sığorta şirkəti əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Azər-Asiya» müştərək sığorta şirkəti ilə «SaipAzər Machine Companu» şirkəti arasında bağlanmış 24 aprel 2000-ci il tarixli, 31 saylı sığorta müqaviləsinin və «En Trans» şirkəti ilə bağlanmış 01 may 2000-ci il tarixli, 33 saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Öz növbəsində «SaipAzər Machine Companu» şirkəti birgə iddiadan imtina edərək mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosesə daxil olmaqla əsl olmayan cavabdehin - «En Trans» şirkətinin, əsl olan cavabdeh - «Azər-Asiya» müştərək sığorta şirkəti ilə dəyişdirilməsini və «Azər-Asiya» müştərək sığorta şirkətindən 550 080 ABŞ dolları məbləğində sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 7 aprel 2003-cü il tarixli qətnaməsi ilə:
«Azər-Asiya» müştərək sığorta şirkətinin «SaipAzər Machine Companu» şirkətinə və «En Trans» şirkətinə qarşı iddia tələbi rədd edilmiş;
«SaipAzər Machine Companu» şirkətinin «Azər-Asiya» müştərək sığorta şirkətinə qarşı iddia tələbi təmin edilmiş;
«Azər-Asiya» müştərək sığorta şirkətinin cavabdeh «En Trans» şirkətinə qarşı onun «SaipAzər Machine Companu» şirkətinə olan 340 436 ABŞ dolları məbləğində borcunun və «Azər-Asiya» müştərək sığorta şirkətinə olan 3 205 400 manat borcunun sonuncunun girovunda olan 30 ədəd «Zamyad» A 60.9 markalı mikroavtobusların hesabına ödənilməsi barədə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının (İMİÜMK) 18 senty         abr 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsi dəyişdirilmiş:
«Azər-Asiya» müştərək sığorta şirkəti ilə «SaipAzər Machine Companu» şirkəti arasında bağlanmış 24 aprel 2000-ci il tarixli, 31 saylı və «En Trans» şirkəti ilə bağlanmış 01 may 2000-ci il tarixli, 33 saylı sığorta müqavilələri qismən, yəni mikroavtobusların dəyəri 7000 ABŞ dollarından artıq olan 9 596 ABŞ dolları olmaqla 286 880 ABŞ dolları hissəsi etibarsız hesab edilmiş;
«SaipAzər Machine Companu» şirkətinin «Azər-Asiya» müştərək sığorta şirkətinə qarşı pul tələbinə dair iddiasının 100 655 ABŞ dollarına aid hissəsi baxılmadan saxlanılmış;
iddianın «Nihad Motors» şirkətinin balansına verilmiş 20 ədəd mikroavtobusların dəyərinin tutulmasına dair hissəsi və mikroavtobusların dəyərinin ödənilmiş 109 345 ABŞ dolları hissəsi rədd edilmişdir.
«SaipAzər Machine Companu» şirkətinin əlavə kassasiya qaydasında verilmiş şikayətinə cavab olaraq Ali Məhkəmənin sədri 24 may 2004-ci il tarixli məktubu ilə bildirmişdir ki, şikayətin dəlilləri MPM-nin 424-cü maddəsinə uyğun olmadığı üçün onun Ali Məhkəmənin Plenumunun müzakirəsinə verilməsi qeyri- mümkündür.
«SaipAzər Machine Companu» şirkəti Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə kassasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qətnaməsini qanunsuz və əsassız hesab edərək, onun Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edir.
Ərizəçinin qənaətinə görə Ali Məhkəmənin İMİÜMK-sı MPM-nin 416 və 417-ci maddələrinin tələblərini pozaraq səlahiyyət hədlərindən kənara çıxmış, işə mahiyyəti üzrə yenidən baxmış, nəticədə qanunsuz qərar qəbul etmişdir.
Bundan başqa ərizəçinin fikrincə, kassasiya instansiyası məhkəməsi tətbiq edilməli olmayan «Sığorta haqqında» Qanunun 29.1.6-cı maddəsini tətbiq etməklə, düzgün olmayan nəticələrə gəlmişdir.
Şikayətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Konstitusiyanın bu müddəasına əsaslanan MPM-nin 6-cı maddəsində göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəmələrə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
Belə qaydalar, o cümlədən məhkəmə instansiyalarında işlərə baxılması qaydaları MPM-də dəqiq müəyyənləşdirilmişdir.
 Bu qaydalara görə birinci instansiya məhkəməsi iştirak edən şəxsləri, onların nümayəndələrini, şahidləri, ekspertləri, mütəxəssisləri cəlb etməklə, məhkəmə hazırlığı, sübutların araşdırılması, məhkəmə çıxışları və qərarın çıxarılması mərhələlərinə tam riayət etməklə işlərə baxır.
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarına yenidən baxır. O, apellyasiya qaydasında məhkəmə aktının nəinki yalnız qanuniliyini və əsaslılığını yoxlayır, həmçinin müvafiq hallarda işə mahiyyəti üzrə yenidən baxır (MPM-nin 372-ci maddəsi).
Kassasiya baxışının predmetini isə qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işə mahiyyəti üzrə baxılmır, işin halları araşdırılmır, yeni sübutlar qəbul olunmur və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən aktların hüquqi baxımdan qanuniliyi, yəni maddi və prosessual normalara riayət edilib-edilməməsi yoxlanılır. (MPM-nin 416-cı maddəsi)
Mübahisə olunan iş üzrə kassasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq işin faktiki hallarına, işdə olan sübutlara qiymət vermişdir.
Ali Məhkəmənin İMİÜMK-sı qərarında göstərmişdir: «İş üzrə toplanmış sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək Ali Məhkəmənin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası hesab edir ki…». Belə araşdırmanın və dinləmənin nəticəsi kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən mötəbər hesab edilən sübutların bir qismini qəbul etməmiş, digərlərini isə saxta hesab etmişdir. Ümumiyyətlə, Ali Məhkəmənin kollegiyası MPM-nin 416-cı maddəsinin tələblərini kobud surətdə pozaraq tam hüquqlu məhkəmə kimi işin hallarını araşdırmaqla və mövcud sübutlara hüquqi qiymət verməklə faktiki olaraq işə mahiyyəti üzrə yenidən baxmışdır.
Kassasiya instansiyası məhkəməsi həmçinin MPM-nin 417-ci maddəsinin tələblərini də pozmuşdur. Göstərilən maddədə kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri dəqiq müəyyən edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməsi (MPM-nin 417.0.2-ci maddəsi) işin mahiyyəti ilə əlaqədar olmayan halları əhatə edir. Yeni sübutlar qəbul etməklə, mövcud sübutlara hüquqi qiymət verməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qətnamənin dəyişdirilməsi kassasiya icraatının mahiyyətinə uyğun deyildir.
Kassasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmadığı, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığı üçün məhkəmə aktını tamamilə və ya qismən ləğv etdikdə, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, iş üzrə yeni qərar qəbul etmir, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir. (MPM-nin 417.0.3-cü maddəsi).
Kassasiya instansiyası məhkəməsi isə göstərilən normaların tələblərini pozaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinadla həmin qətnamənin dəyişdirilməsi adı ilə yeni qərar qəbul etmişdir.
Bundan başqa, Ali Məhkəmənin İMİÜMK-sı iş üzrə özü tərəfindən müəyyən edilən faktiki hallara maddi normaları tətbiq etməklə də səlahiyyət hədlərindən kənara çıxmışdır.
Belə ki, məhkəmə kollegiyası «Azər-Asiya» müştərək sığorta şirkətinin iddiasını təmin edib sığorta riskinin 7000 ABŞ dollarından artıq olan hissəsi üzrə sığorta müqaviləsini etibarsız hesab edərək əmlakın sığortalanması münasibətlərini tənzim edən «Sığorta haqqında» Qanunun 29.1.6-cı maddəsinə istinad etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri isə qətnamələri mülki məsuliyyətin sığortalanması müqavilələrinə əsasən qəbul etmişlər.
 Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarı hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verən Konstitusiyanın 60-cı maddəsinə də uyğun deyil. Konstitusiyanın göstərilən normasının müddəalarına əsasən şəxsin məhkəmə müdafiəsi hüququ hər hansı bir çərçivə ilə məhdudlaşdırıla bilməz və bütün məhkəmə instansiyalarına aiddir.
Beynəlxalq huquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur.
Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq aktların tələblərinə görə məhkəmə müdafiəsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Yanlış məhkəmə qərarı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.
Bu baxımdan «SaipAzər Machine Companu» şirkəti tərəfindən mübahisələndirilən kassasiya instansiyası məhkəməsinin qərarı Konstitusiyanın 60-cı maddəsinin tələbləri ilə də ziddiyyət təşkil edir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsi hesab edir ki, «Azər-Asiya» müştərək sığorta şirkətinin «SaipAzər Machine Companu» və «En Trans» şirkətlərinə qarşı müqavilələrin bağlandığı andan etibarsız sayılmasına, «SaipAzər Machine Companu» şirkətinin «Azər-Asiya» müştərək sığorta şirkətinə qarşı sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddiaları üzrə çıxarılmış Ali Məhkəmənin İMİÜMK-nın 18 sentyabr 2003-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin, MPM-nin 416, 417.0.2 və 417.0.3-cü maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. «Azər-Asiya» müştərək sığorta şirkətinin «SaipAzər Machine Companu» və «En Trans» şirkətlərinə qarşı müqavilələrin bağlandığı andan etibarsız sayılmasına, «SaipAzər Machine Companu» şirkətinin «Azər-Asiya» müştərək sığorta şirkətinə qarşı sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddiaları üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 18 sentyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.2 və 417.0.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                        Fərhad Abdullayev