ANA SƏHİFƏ » Qərarlar » 26.07.04 R. Ə. Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 24 mart tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
R. Ə. Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 24 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
26 iyul  2004-cü il                                                                                            Bakı şəhəri
  
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Rüfət Əliyeviç Aslanovun, ərizəçinin nümayəndəsi Z.Məmmədovanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Abbasov Elxan Təyyar oğlunun Aslanov Rüfət Əliyeviçə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv olunmasına dair və Aslanov Rüfət Əliyeviçin Abbasov Elxan Təyyar oğluna və Yaqubova Səriyyə İsa qızına qarşı mənzilə hüququnun itirilməsi, mənzildən çıxarılması barədə   qarşılıqlı   iddiasına  dair   mülki    iş    üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 24 mart tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına  uyğunluğunun yoxlanılmasına dair  konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 25 iyun tarixli məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçinin nümayəndəsi Z.Məmmədovanın çıxışını dinləyib, iş materiallarını müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Bakı şəhəri Səbail rayon məhkəməsinin 2002-ci il 8 noyabr tarixli qətnaməsi ilə Abbasov Elxan Təyyar oğlu ilə Aslanov Rüfət Əliyeviç arasında bağlanmış mənzil alqı-satqı müqavilələri və qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, R.Aslanovun  E.Abbasov  və  S.Yaqubovaya qarşı mənzilə hüququn itirilməsi və mənzildən çıxarılmağa dair qarşılıqlı iddiası rədd edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (MİÜMK) 2003-cü il 03 mart tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin 2002-ci il 08 noyabr tarixli qətnaməsi ləğv edilərək  E.Abbasovun  R.Aslanova  qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunmasına dair iddiası təmin edilməmiş, R.Aslanovun qarşılıqlı iddiası  təmin olunmuşdur.
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2003-cü il 30 aprel tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün göndərilmişdir.
Azərbaycan Respublikası Apellyasiya məhkəməsi MİÜMK-nın 2003-cü il 6 avqust tarixli qətnaməsi ilə həmin iş üzrə  Səbail rayon məhkəməsinin 2002-ci il 08 noyabr tarixli qətnaməsi ləğv edilərək E. Abbasovun iddiası təmin edilməmiş, R. Aslanovun qarşılıqlı iddiası təmin edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2003-cü il 07 noyabr tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 2003-cü il 06 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 24 mart tarixli qərarı ilə həmin iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 2003-cü il 07 noyabr tarixli  qərarı və bununla əlaqədar Apellyasiya Məhkəməsi MİÜMK-nın 2003-cü il 06 avqust tarixli   qətnaməsi dəyişdirilmiş, E.Abbasovun iddiası təmin edilərək, onunla  R.Aslanov  arasında Bakı şəhəri H.Cavid prospekti 1 saylı evin 11 saylı mənzilinin və həmin prospektdəki 15 saylı evin 11 saylı mənzilinin alqı-satqısına dair 137733, 137734 saylı müqavilələr, həmin müqavilələrə əsasən R. Aslanovun adına verilən 2002-ci il 17 iyul tarixli qeydiyyat vəsiqələri etibarsız hesab edilərək  R.Aslanovun E.Abbasov və S.Yaqubovaya qarşı yaşayış hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzillərdən çıxarılmaları barədə qarşılıqlı iddiası təmin edilməmişdir.
R.Aslanov şikayətində Ali Məhkəmənin Plenumunun qərarını qanunsuz və əsassız hesab edərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin Plenumu həmin iş üzrə Mülki Prossesual Məcəllənin (MPM) 424-cü və 429-cu maddələrinin tələblərini pozaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürmüş, iş üzrə faktiki hallara qiymət verərək səlahiyyəti olmadığı halda, apellyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək yeni qərar qəbul etmişdir. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş məhkəmə müdafiəsi və mülkiyyət hüquqları pozulmuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu məsələyə dair aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunan təminatın əsas mahiyyəti həm də ondan ibarətdir ki, işə baxan məhkəmə yalnız qanunla nəzərdə tutulan səlahiyyət çərçivəsində hərəkət etməlidir. Bu tələb həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının  6-cı maddəsinin müddəalarından da irəli gəlir.
Qanunsuz və əsassız məhkəmə aktlarının qüvvədə qalmaması üçün Azərbaycan Respublikasının qanunvericiliyi  məhkəmə sistemi çərçivəsində zəruri olan hüquqi mexanizmi nəzərdə tutmaqla müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyənləşdirmişdir.
Qeyd edilməlidir ki, Konstitusiya və beynəlxalq aktlarla tanınan hüquqları özündə əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsi müvafiq olaraq mülki hüquqları tənzimləyir və bu hüquqların pozulması ilə əlaqədar ədalətli məhkəmə mühakiməsinin yerinə yetirilməsinə təminat verir.
Azərbaycan Respublikasının MPM-də nəzərdə tutulan üç mərhələli məhkəmə sistemi mülki mübahisələrin qərəzsiz, ədalətli, qanuni və əsaslı həll edilməsi üçün məhkəmə mexanizmidir. MPM-də hər bir məhkəmə instansiyasının səlahiyyət dairəsi konkret müəyyənləşdirilmişdir. Bu baxımdan Ali Məhkəmənin Plenumunun mülki iş üzrə səlahiyyətləri yalnız hüquqi məsələlərin düzgün həll edilib-edilmədiyini müəyyənləşdirməklə məhdudlaşdırılır.
«Aydın Həsənbala oğlu Zalovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 01 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 21 may tarixli qərarına görə, birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, kassasiya və əlavə kassasiya icraatı qaydasında işə mahiyyəti üzrə baxılmır, yəni yeni sübutlar qəbul edilmir, işin faktiki halları araşdırılmır, sübutlara hüquqi qiymət verilmir. Ümumiyyətlə, işə mahiyyəti üzrə  baxıb qərar çıxarmaq o halda mümkündür ki, iş üzrə əvvəlki məhkəmə instansiyalarında araşdırılmış faktlardan başqa digər faktlar da araşdırılsın. Belə səlahiyyət isə qanunvericilikdə yalnız birinci və apellyasiya məhkəmələrinə verilmişdir.  
Azərbaycan Respublikası MPM-nin 424-cü maddəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsaslarını əks etdirir. MPM–nin  424.1-ci  maddəsinə görə Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır. Məcəllənin 424.2-ci maddəsində isə kassasiya instansiya məhkəməsinin qərarlarının ləğv edilməsinin əsasları müəyyənləşdirilir.
Ali Məhkəmə Plenumunun MPM-nin 429-cu maddəsində nəzərdə tutulan səlahiyyətləri sırasında kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiya məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək hüququ təsbit olunmuşdur (MPM-429.0.3). Bu maddənin məzmunundan belə qənaətə gəlmək olur ki, Ali Məhkəmənin Plenumunun səlahiyyəti iş üzrə yalnız pozulmuş hüququ müəyyənləşdirməkdən və bu halın aradan qaldırılması üçün həmin maddədə nəzərdə tutulan qərarlardan birini qəbul etməkdən ibarətdir.
R.Aslanovun işi üzrə Ali Məhkəmə Plenumunun qərarından isə görünür ki, o kassasiya və apellyasiya instansiyası  məhkəmələrinin qətnamə və qərarını ləğv etmiş, işi apellyasiya məhkəməsində yenidən baxılmağa göndərməli olduğu halda MPM-nin 429.0.3.-cü maddəsinin tələbini pozaraq mahiyyəti üzrə yeni qərar çıxarmışdır.
Yuxarıdakılara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, göstərilən mülki iş üzrə Ali Məhkəmənin Plenumunun qərarı ilə MPM-nin 424.1 və 429-cu maddələrinin tələbləri, ərizəçi R. Aslanovun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunan hüquq və azadlıqların məhkəmədə müdafiəsi hüququ pozulmuşdur.
Qeyd olunanlarla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Ali Məhkəmə Plenumunun bu iş üzrə qəbul etdiyi 2004-cü il 24 mart tarixli qərarı qüvvədən düşmüş hesab edilməli, bu işə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V  və IX hissələrini «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52,62,63,65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1.  Abbasov Elxan Təyyar oğlunun Aslanov Rüfət Əliyeviçə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv olunmasına dair  və Aslanov Rüfət Əliyeviçin Abbasov Elxan Təyyar oğluna və Yaqubova Səriyyə İsa qızına qarşı mənzilə hüququnun itirilməsi, mənzildən çıxarılması barədə qarşılıqlı  iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 24 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 424.1 və 429-cu maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar  «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi»  qəzetlərində  və  «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.
4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
  
Sədrlik edən:                                                           Fərhad Abdullayev