ANA SƏHİFƏ » Qərarlar » 23.07.04 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

 
 
Azərbaycan Respublikası adından
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair
 
 
 
­23 iyul 2004-cü il                                                                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), B.Qəribov (məruzəçi-hakim), F.Babayev, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
konstitusiya məhkəmə icraatında tərəflərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə, Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı S.Kərimovun iştiraki ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin həmin Məcəllənin 41, 42-ci maddələrinə və Konstitusiyanın 63-cü maddəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2004-cü il tarixli 8-1/2004 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, konstitusiya məhkəmə icraatında tərəflərin nümayəndələri M.Ağazadə və S.Kərimovun çıxışlarını dinləyib, konstitusiya işinin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-cı maddəsində müəyyənləşdirilən qaydaya əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə əlavə cəzanın tətbiq olunması faktiki olaraq məhkəmə tərəfindən deyil, digər orqan vasitəsi ilə həyata keçirilir. Məhkəmənin funksiyası isə şəxsin belə cəza növünə məruz qalması üçün müvafiq dövlət orqanına təqdimat göndərilməsi ilə məhdudlaşır. Bu, cinayət cəzalarının yalnız məhkəmə hökmləri ilə təyin olunmasına dair Azərbaycan Respublikası Konstitusiyasının müddəaları və cinayət hüquq normaları ilə ziddiyyət təşkil edir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi həmçinin hesab edir ki, təqsirkar şəxs məhkəmədən kənar orqanın qərarı ilə xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edildikdə bu tədbir, cinayət törətmək üstündə tətbiq olunmuş cəza kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmənin hökmlə eyni vaxtda, yaxud hökm çıxarılandan sonra məhkum haqqında əlavə cəza tədbiri görülməsi məqsədi ilə hər hansı orqana təqdimat verməsi cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Məcəlləsinin 48-ci maddəsinin həmin Məcəllənin 41, 42-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddələsinə uyğun olub olmamasının yoxlanılmasını xahiş edir.
İşin materiallarında düzgünlüyü Azərbaycan Respublikasının Milli Məclisi Aparatında təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi) 41, 42 və 48-ci maddələrinin rəsmi mətnləri vardır.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Bu baxımdan cinayət qanunvericiliyi ilə qorunan ictimai münasibətlərin pozulmasına görə, neqativ davranışın nəticəsi kimi nəzərdə tutulan məsuliyyət, məhrumiyyət və məhdudiyətlərin ağırlığı özünü daha qabarıq şəkildə biruzə verir.
Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.
Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.
CM-in 41.1-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Qeyd edilməlidir ki, törədilmiş cinayət əməlinə görə tətbiq edilməli olan cəzanın ədalətliliyi, mütənasibliyi və fərdiləşdirilməsinin mümkünlüyü qanunverici tərəfindən müəyyənləşdirilmiş cəza sistemi daxilindəki cəza növlərinin (CM-in 42-ci maddəsi) dairəsi ilə əlaqəlidir.
Tətbiq edilməsi, çəkilməsi qaydalarından və şərtlərindən, habelə təsir etmə xüsusiyətləri və hüquqi təbiətindən asılı olaraq cinayət qanunvericiliyində cəzalar əsas, əsas və əlavə, əlavə cəzalar kimi fərqləndirilmişdir.
CM-in 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.
Həmin Məcəllənin əsas və əlavə cəzalardan bəhs edən 43-cü maddəsində isə bu cəza növü yalnız əlavə cəza kimi tətbiq edilən cəza növləri sırasında göstərilmişdir (CM-in 43.3-cü maddəsi).
Cinayət qanunvericiliyində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzasının yalnız əlavə cəza kimi tətbiq edilməsinin nəzərdə tutulması ilk növbədə onun məhkum olunmuş şəxsə mənəvi cəhətdən mənfi təsir göstərmək, törədilmiş əmələ görə peşimançılıq hissinin güclənməsinə təkan vermək məqsədi daşıyır. Bu cəza məhkumun sosial nüfuzuna zərər vurmaqla yanaşı onu belə kateqoriyadan olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan maddi üstünlük, imtiyaz və güzəştlərdən məhrum edir. Həmin cəza növünün əsas mahiyyətindən biri də bir şəxsin müxtəlif xarakterli davranışlarına görə cəmiyyət tərəfindən verilən qiymətlər arasındakı rəqabətin aradan qaldırılmasına xidmət göstərməsidir. Belə cəza növü bir sıra ölkələrin cinayət qanunvericiliyində də öz əksini tapmışdır (Rusiya, Ukrayna, Belarusiya, Qazaxstan və s.).
Qeyd olunmalıdır ki, qanunverici bu cəza növünün tətbiqi qaydasına digər cəza növlərinin tətbiqi qaydası ilə müqayisədə fərqli yanaşmışdır.
CM-in 48-ci maddəsinin məzmunundan aydın olur ki, məhkəmə həmin cəza növünün tətbiqinin zəruriliyi nəticəsinə gəldikdə müvafiq orqana təqdimat göndərir. Yalnız bu cəza növü birbaşa məhkəmə hökmü ilə tətbiq edilmir.
Azərbaycan Respublikasının Konstitusiyası hər bir hakimiyyət qolunun səlahiyyət və funksional imkanlarının müstəqilliyini tanımaqla yanaşı onların cəmiyyət və dövlət qarşında meydana çıxan məsələlərin həll edilməsi zamanı qarşılıqlı fəaliyyətini inkar etmir (Konstitusiyanın 7-ci maddəsi).
Konstitusiyasının 109-cu maddəsinə görə dövlət təltifləri ilə təltif etmək, ali hərbi və ali xüsusi rütbələr vermək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri sırasındadır (109-cu maddənin 23, 24-cü bəndləri).
Bu konstitusiya qaydası xüsusi və ya hərbi rütbələr, fəxri adlar və dövlət təltifləri ilə əlaqədar münasibətlərin tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində də öz əksini tapmışdır.
Belə ki, Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycanın Milli Qəhrəmanı adı haqqında» Əsasnamənin 2-ci, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının fəxri adları haqqında» Əsasnamənin (Azərbaycan Respublikasının fəxri adları Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq təsis olunmuşdur) 5-ci bəndlərinə, ««Azərbaycan Respublikasının Azadlıq uğrunda mübariz», fəxri adının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu adların verilməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilir.
«Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən müəyyənləşdirilən dövlət mükafatları ilə təltif edilmə səlahiyyəti də Konstitusiyasının 109-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə məsubdur.
Müvafiq qanunvericilikdə xüsusi və ya hərbi rütbələrin verilməsi və onlardan məhrum olunma qaydalarını təmzimləyən normaların («Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu, Azərbaycan Respublikasının 1993-cü il 06 dekabr tarixli qanunu ilə təsdiq edilmiş «Ədliyyə işçilərinin rütbə dərəcələri haqqında» Əsasnamənin 6, 11-ci, «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 11-ci, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 19, 29-cu maddələri və s.) təhlilindən də görünür ki, ali hərbi və ya ali xüsusi rutbələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.
Qeyd edilməlidir ki, dövlət təltifləri və fəxri adlar şəxsin cəmiyyət və dövlət qarşısındakı xidmətlərinin tanınması və qiymətləndirilməsi ilə əlaqədar münasibəti əks etdirir və qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada üstünlük, imtiyaz və güzəştlər yaratmaqla yanaşı cəmiyyətdə keyfiyyətcə belə davranışa həvəsləndirmə xüsusiyyətinə malikdir. Mövcud qanunvericiliyə görə hərbi və ya xüsusi rütbələrin verilməsini nəzərdə tutan bəzi hallar da belə münasibəti əks etdirir.
Dövlət təltiflərinin, fəxri adların, ali hərbi və ya ali xüsusi rütbələrin verilməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən onun aktları (fərman və sərancam) vasitəsilə həyata keçirilir (Konstitusiyanın 113-cü maddəsi).
Konstitusiya müddəalarıından və mövcud qanunvericiliyin təhlilindən görünür ki, fərman və sərəncamların qəbul edilməsi, dəyişdirilməsi və ləğv olunması Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Həmin aktların Konstitusiya və ya qanunlara uyğunluğuna dair məsələlər isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən həll olunur.
Göründüyü kimi ümumi yürisdiksiyalı məhkəmələr Azərbacan Respublikası Prezidentinin aktları ilə əlaqədar məsələləri birbaşa həll etmək hüququna malik deyildirlər. Bu baxımdan fəxri adlardan, dövlət təltiflərindən, ali hərbi və ya ali xüsusi rütbələrdən məhrum edilmə ilə bağlı CM-in 48-ci maddəsində nəzərdə tutulan cəzanın tətbiq edilməsi qaydası konstitusiya normalarından irəli gəlir və cəzaların yalnız məhkəmə hökmləri ilə təyin olunmasına dair digər konstitusiya normalarının pozulması kimi qiymətləndirilə bilməz (Konstitusiyanın 63 və 125-ci maddələri).
Əks halda bu dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil olunduğunu təsbit edən Konstitusiya normasını inkar etməklə bir hakimiyyət qolu tərəfindən digərinin, həmçinin daxil olduğu hakimiyyət qolundakı başqa orqanın səlahiyyətlərinə qanunsuz olaraq müdaxilə etməsinə gətirib çıxarardı.
Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, Azərbaycan Respublikasının hərbi və xüsusi rütbələrlə bağlı münasibətləri tənzimləyən qanunvericiliyində ali xüsusi və ali hərbi rütbələr istisna olmaqla digər xüsusi və hərbi rutbələrin verilməsi müvafiq dövlət orqanlarına həvalə edilmişdir («Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 19-cu, «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 9.2.-ci, Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli Qanunu ilə qəbul olunmuş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 52, 56, 59 və 64-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli fərmanı ilə qəbul edilmiş «Dövlət orqanlarında dövlət quluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları»nın 5.2-ci bəndi və s.).
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin V hissəsinə əsasən məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 125-ci maddəsinin I hissəsində isə məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələrin həyata keçirdiyi müəyyənləşdirilmişdir.
CM-in 48-ci maddəsinin təhlili isə belə nəticəyə gəlməyə əsas verir ki, həmin maddədə nəzərdə tutulan müddəa hərbi və xüsusi rütbələr vermək səlahiyyətinə malik olan subyektlərin konstitusiya statusunu, səlahiyyət dairəsini, o cümlədən, belə rütbələrin verilməsi qaydasını fərqləndirməməklə hərbi və xüsusi rütbələrdən (həm ali hərbi, ali xüsusi, həm də digər hərbi və xüsusi rütbələr) məhrum etmə cəzasının tətbiq edilməsilə bağlı eyni qayda müəyyənləşdirir.
Bu baxımdan həmin maddənin müddəalarının əlavə cəza kimi digər səlahiyyətli orqanlar tərəfindən verilmiş xüsusi və ya hərbi rütbələrdən məhrum edilmə hallarına da şamil olunması onun Konstitusiyanın 63-cü və 125-ci maddələrinin təsir dairəsindən kənarda qalması kimi qiymətləndirilməlidir.
Belə vəziyyətin mövcudluğu həmcinin CM-in 41.1-ci maddəsinin cəzanın məhkəmə hökmü ilə təyin edilməsinə dair müddəası ilə də uyğunluq təşkil etmir.
Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin (CPM) 507.6-cı maddəsində məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum edilməsi ilə əlaqədar hakimin görməli olduğu tədbir müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən məhrum edilməsi, fəxri addan, yaxud məhkumun dövlət təltifindən məhrum edilməsi haqqında məsələnin qoyulmasının zəruriliyi nəzərdə tutulduğu halda hakim müvafiq təqdimatı və məhkəmə hökmünün surətini məhkuma xüsusi və ya hərbi rutbə vermiş, fəxri ad, yaxud dövlət təltifi ilə təltif etmiş orqana göndərir. Göründüyü kimi CPM-in bu maddəsi CM-in 48-ci maddəsinin tətbiq olunması ilə əlaqədar hakimin vəzifəsini nəzərdə tutur.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə görə cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar sırasındadır. Konstitusiyanın 149-cu maddəsinin III hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Bu baxımdan Konstitusiyada təsbit edilən prinsip və ideyaların qanunlarda lazımınca nəzərə alınmaması, yaxud inkar olunması onların Konstitusiyaya uyğunsuzluğu ilə nəticələnir.
Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23, 24, 32-ci bəndlərini və 113-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 48-ci maddəsinin müddəaları yalnız ali hərbi və ya ali xüsusi rütbəyə, fəxri ada və dövlət təltifinə şamil edildiyi halda Konstitusiyanın 63 və 125-ci maddələrinə uyğun hesab edilməlidir.
Konstitusiya Məhkəməsinin bu qərardakı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində digər hərbi və ya xüsusi rütbədən əlavə cəza kimi məhkəmənin məhrum etməsi qaydasının müəyyənləşdirilməsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həll olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65, 66, 67 və 69-cu maddələrini rəhbər tuturaq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi:
 
QƏRARA ALDI:
 
1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23, 24, 32-ci bəndlərini və 113-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin müddəaları yalnız ali hərbi və ya ali xüsusi rütbəyə, fəxri ada və dövlət təltifinə şamil edildiyi halda Konstitusiyanın 63 və 125-ci maddələrinə uyğun hesab edilsin.
2. Konstitusiya Məhkəməsinin bu qərardakı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məhkəmə tərəfindən əlavə cəza kimi digər hərbi və ya xüsusi rütbədən məhrum etmə qaydasının müəyyən olunması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                   F. Abdullayev