ANA SƏHİFƏ » Qərarlar » 23.07.04 T.N.Rəfiyevin şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-n 05 noyabr 2003-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
T.N.Rəfiyevin şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə
Məhkəmə Kollegiyasının 05 noyabr 2003-cü il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
 
 
23 iyul 2004-cü il                                                                                                         Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov (məruzəçi-hakim), S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Tofiq Nəcəfqulu oğlu Rəfiyevin, ekspertlər - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq şöbəsinin rəisi R.Ramazanov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hüquq şöbəsinin rəisi S.Muxtarov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdiri N.Əliyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Pensiya təminatı departamentinin direktoru Ü.Mürşüdov və Dövlət Sosial Müdafiə Fondunun baş iqtisadçısı T.Məmmədovun  iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında
Tofiq Nəcəfqulu oğlu Rəfiyevin  şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 noyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 08 iyul 2004-cü il tarixli, 6K saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, ərizəçinin çıxışını və ekspertlər - R.Ramazanov, S.Muxtarov, N.Əliyev, Ü.Mürşüdov, T.Məmmədovun rəylərini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 19 avqust 2003-cü il tarixli qətnaməsi ilə T.Rəfiyevin Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinə qarşı pensiyanın ödənilməsinə dair iddiasını rədd edən Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 may 2003-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
İddiaçının  kassasiya şikayətinə əsasən 05 noyabr 2003-cü il tarixdə işə baxan Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 09 mart 2004-cü il tarixli  məktubu ilə T.Rəfiyevə onun əlavə kassasiya şikayətinə baxılması üçün əsaslar olmadığı bildirilmişdir.
T.N.Rəfiyev Konstitusiya Məhkəməsinə göndərdiyi şikayətində göstərmişdir ki, məhkəmələrin qərar və qətnamələri normativ hüquqi aktların düzgün olmayan şərhinə əsaslanmış və bununla da, onun Konstitusiya və digər qanunlar ilə təsbit olunmuş sosial təminat hüququ pozulmuşdur.
Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, T.N.Rəfiyev 12 fevral 1965-ci ildən 12 dekabr 1991-ci il tarixədək, yəni 26 il ərzində Dövlət Təhlükəsizlik orqanlarında dövlət qulluğunda olmuşdur. 12 dekabr 1991-ci ildə xidmət illərinə görə pensiyaya çıxmış və o vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» 28 aprel 1990-cı il tarixli SSRİ Qanununun 1-ci maddəsinin birinci hissəsinə əsasən ona ömürlük pensiya təyin edilmişdir. 29 aprel 1992-ci il tarixdə qəbul edilmiş «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsi bu kateqoriyadan olan şəxslərin, o cümlədən T.N.Rəfiyevin ömürlük pensiya almaq hüququnu təsbit etmişdir.
T.N.Rəfiyev pensiyaya çıxdıqdan sonra, 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikası Gömrük Komitəsində işə qəbul olunmuş və hazırda orada növbətçi hissənin rəisi vəzifəsində işləyir. 1991-ci ildən 2000-ci ilin dekabr ayınadək ona təyin edilmiş pensiyanı və iş yerindən verilən əmək haqqını almışdır. O, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 18 aprel 2000-ci il tarixli, 17/10 saylı əmrilə ehtiyatda olmanın son yaş həddinə çatmaqla əlaqədar, hərbi ehtiyat uçotundan çıxarılmış və polkovnik-leytenant rütbəsində istefaya buraxılmışdır.
2000-ci ilin dekabr ayından T.N.Rəfiyev pensiyasını əmanət kassasında toplamağa başlamışdır. 2001-ci ilin may ayında altı aylıq pensiyasını almaq üçün əmanət kassasına gəldikdə ona bildirilmişdir ki, MTN-nin Maliyyə İdarəsi pensiyanın ödənilməsinin dayandırılması, 2000-ci ilin dekabr ayından 2001-ci ilin may ayınadək ödənilmiş pensiyanın qaytarılması barədə sərəncam qəbul edərək, həmin dövr üçün əmanət kassasında yığılmış əmanəti götürmüşdür. Bu, onunla izah olunmuşdur ki, iddiaçı T.N.Rəfiyev pensiyaya çıxdıqdan sonra gömrük orqanlarına xidmətə qəbul edilmişdir.
Məhkəmələr öz qərarlarında hesab etmişlər ki, iddiaçı T.N.Rəfiyevin gömrük  orqanlarında işləməsi ona hərbi qulluqçu kimi müəyyən edilən pensiyanın ödənilməsinə əsas vermir.
Belə ki, 07 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu müddəa məhkəmələr tərəfindən T.N.Rəfiyevin yenidən hərbi qulluğa qayıtması kimi qiymətləndirilmiş və hesab edilmişdir ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 2-ci maddəsinin birinci hissəsinə və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularına və onların ailə üzvlərinə pensiya və müavinətlərın təyin edilməsi qaydaları haqqında» Təlimatın 133-cü maddəsinə əsasən ona pensiyanın ödənilməməsinə əsas verir.
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya işi üzrə mübahisə olunan məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması baxımından hərbi qulluqçu statusu və bu statusla əlaqədar pensiya ödənişlərinə hər hansı məhdudiyyətlər qoyulub-qoyulmamasını müəyyən etmək üçün qüvvədə olan qanunlar və digər normativ-hüquqi aktlar əsasında təhlil aparılmasını zəruri hesab edir.
İlk növbədə qeyd edilməlidir ki, «Hərbi xidmət haqqında» 3 noyabr 1992-ci il tarixli Qanunun 2-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.
Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü bəndinə görə həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda hərbi xidmətdə olan vətəndaşlar isə hərbi vəzifəlilər adlanırlar. «Hərbi xidmət haqqında» Qanunun 16-cı maddəsində göstərilir ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılmalıdırlar.
«Hərbi xidmət  haqqında» Qanunun 18-ci maddəsinə və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda hərbi qulluqçular Silahlı Qüvvələrin ehtiyatına buraxılırlar. «Hərbi xidmət haqqında» Qanunun 19-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatdıqda isə hərbi qulluqçular istefaya buraxılırlar. Polkovnik-leytenant  rütbəli hərbi qulluqçular üçün üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddi 55 yaş müəyyən edilmişdir. «Hərbi xidmət  haqqında» Qanunun 25-ci maddəsinə əsasən isə üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatmış hərbi vəzifəlilər hərbi uçotdan çıxarılıb istefaya keçirilirlər.
Qeyd edilən Qanunun müddəaları hərbi uçotdan çıxarılaraq istefaya keçirilmiş şəxslərin yenidən hərbi xidmətə qayıtmasını istisna edir.
Bundan başqa, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir.
Həmin Qanunun 2-ci maddəsinin birinci bəndində göstərilir ki, hərbi qulluqçu  statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Qanunun 3-cü maddəsinə əsasən isə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusunu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
«Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası  Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası  Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi) başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası  Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi) sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş  müddət ərzində  hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.
Göründüyü kimi, qüvvədə olan qanunvericiliklə gömrük orqanları işçiləri hərbi qulluqçu statusuna malik olan dövlət orqanları sırasına daxil edilmədiyi üçün  gömrük orqanlarında xidmət də hərbi xidmət hesab edilə bilməz. Gömrük Məcəlləsinin 7-ci maddəsinin birinci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında gömrük işi hüquq-mühafizə orqanları olub, vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata keçirilir. 
 «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edərək, gömrük orqanlarında xidməti – Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət xidmətinin xüsusi növü kimi nəzərdə tutur. Əsasnamənin gömrük orqanlarında xidmətin şərtlərini müəyyən edən 6-cı fəslində gömrük orqanlarının vəzifəli şəxslərinin əmək şəraitini, iş və istirahət vaxtlarını, ödənişli, qismən ödənişli, sosial və digər məzuniyyətlərin verilməsi qaydalarını, müvəqqəti əvəzetməyə görə əlavə əmək haqqının ödənilməsi və s. məsələlərin hərbi qulluqçulardan fərqli olaraq, əmək qanunvericiliyi ilə tənzim edilməli olması göstərilir.
Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən hesab edir ki, T.N.Rəfiyevin Gömrük Komitəsində işlədiyi növbətçi hissənin rəisi vəzifəsi hərbi qulluq kimi deyil, mülki vəzifə kimi qiymətləndirilməlidir. Məhkəmələr isə qərarlarında gömrük orqanlarında xidmətkeçmənin hərbi xidmət olduğu nəticəsinə gələrkən bunu təsbit edən hər hansı qanun normasına istinad etməmişlər.
Konstitusiyanın 60-cı maddəsinin birinci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsində göstərilir ki, məhkəmənin  qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən isə  qətnamənin əsaslandırıcı hissəsində habelə məhkəmənin qətnamə çıxarılarkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
Konstitusiya Məhkəməsinin  Plenumu hesab edir ki, gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatının «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunla tənzim edilməsi gömrük orqanlarında xidmətin hərbi xidmətlə eyniləşdirilməsinə əsas vermir. Həmin norma göndərici norma olmaqla, yalnız gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiyalarının hesablanması qaydasının və ödənilməsi şərtlərinin «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunla tənzimlənməli olmasını nəzərdə tutur. Bununla qanunvericilik hərbi xidmətlə gömrük orqanlarında xidməti eyniləşdirməyərək, hərbi qulluqçuların yalnız pensiya imtiyazlarını gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərə və onların ailə üzvlərinə şamil etmişdir.
       Bütün bunlar isə məhkəmələrdə qərar çıxarılarkən pensiya təminatının şərtlərini nizamlayan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 2-ci maddəsinə edilmiş istinadın yanlış olmasını təsdiq edir.
«Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 48-ci maddəsində göstərilir ki, həmin qanuna müvafiq surətdə təyin edilmiş pensiyalar pensiyaçının əmək haqqının və ya digər gəlirinin olmasından asılı olmayaraq tam ödənilir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, bu Qanunda istefada olan hərbi qulluqçulara pensiyanın ödənişinin dayandırılmasının əsaslarını müəyyən edən müddəa nəzərdə tutulmamışdır. Beləliklə, qüvvədə olan qanunvericilikdə pensiyanın ömürlük verilməsi nəzərdə tutulduğundan və pensiyanın dayandırılmasının hər hansı digər əsası müəyyən edilmədiyindən, T.Rəfiyevə verilən pensiyanın dayandırılmasının hüquqi əsası olmamışdır.
 Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, pensiyanın verilməsi və dayandırılmasının əsasını müstəsna olaraq, qanun müəyyən etdiyindən, qanunda nəzərdə tutulmuş əsas olmadan pensiya ödənişinin dayandırılması yolverilməzdir.
Mülki Prosessual Məcəllənin 13.2-ci maddəsində göstərilir ki, məhkəmə işə baxarkən normativ-hüquqi aktlar arasında ziddiyyət aşkar edərsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul etməlidir. Məhkəmələr isə mübahisəni həll edərkən onların arasında aşkar ziddiyyət olduğunu da nəzərə alaraq qeyd edilən Təlimatı deyil, ondan daha yüksək hüquqi qüvvəyə malik olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunu rəhbər tutmalı idilər. Həmin Qanunda isə 38-ci maddədə nəzərdə tutulan hal istisna olmaqla, təyin edilmiş pensiyanın ödənməsinin hər hansı formada dayandırılmasının əsasları müəyyən edilməmişdir.
Ali Məhkəmənin MİÜMK-sı isə həm Səbail rayon məhkəməsi, həm də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan Apellyasiya Məhkəməsinin MİÜMK-sı tərəfindən «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 113-cü maddəsinin və «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 2-ci maddəsinin düzgün şərh edilmədiyini müəyyən etməmiş və əsassız olaraq, gömrük orqanlarındakı xidməti hərbi xidmət kimi qiymətləndirərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Halbuki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi) və maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını ləğv edir (MPM-nin 418.1-ci maddəsi).
Nəticədə isə mübahisəli mülki iş üzrə tətbiq edilməli olan normativ hüquqi akt tətbiq edilməmiş və ərizəçinin sosial təminat konstitusiya hüququnun pozulmasına səbəb olan məhkəmə aktı çıxarılmışdır.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 05 noyabr 2003-cü il tarixli qərarı Konstitusiyanın 38-ci və MPM-nin 416, 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməli və bu işə prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi  haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
  
Q Ə R A R A     A L D I:
 
1. Tofiq Nəcəfqulu oğlu Rəfiyevin Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinə qarşı pensiyasının ödənilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 noyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                                   F.Abdullayev