ANA SƏHİFƏ » Qərarlar » 17.06.04 G.A.Mustafayevanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
QƏRARI
 
G.A.Mustafayevanın  şikayəti  üzrə  məhkəmə
aktlarının  Azərbaycan  Respublikasının  Konstitusiyasına
və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına  dair
 
 
17 iyun 2004-cü il                                                                            Bakı şəhəri
            
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Güllü Adil qızı Mustafayevanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında G.Mustafayevanın şikayətinə əsasən  məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına  uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə  baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 03 iyun 2004-cü il tarixli, 8m-19/04 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxıldı.
İş üzrə  hakim S.Salmanovanın məruzəsini, ərizəçi G.Mustafayevanın  çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
  
MÜƏYYƏN  ETDİ:
 
G.Mustafayeva şikayətində Mustafayev Fərrux Elman oğlu ilə 11 mart 2000-ci il tarixdə rəsmi nigaha daxil olduğunu, Bakı şəhəri, H.Aslanov qəsəbəsi, 5/9-cu Dairə küçəsi, 126 saylı mübahisəli evə  gəlin köçdüyünü, birgə nigahdan 12 iyul 2001-ci il tarixdə uşağının anadan  olduğunu, 28 avqust 2002-ci il tarixdə aralarında olan nigahın pozulduğunu, Xətai rayon məhkəməsinin 25 dekabr 2002-ci il tarixli qətnaməsi ilə həmin evə köçürülməsinə dair iddiasının təmin olunduğunu, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 09 iyun 2003-cü tarixli qətnaməsi ilə yuxarıda adı çəkilən qətnamənin dəyişdirilərək, ona 2000 (iki min) ABŞ dolları (manatın məzənnəsi ilə) məbləğində kompensasiya verilməsinin müəyyən edildiyini  göstərmişdir.          
Ərizəçi daha sonra Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya qaydasında şikayət verdiyini, lakin onun şikayətinə baxılmadan yalnız cavabdeh tərəfin kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında işə baxılaraq qətnamənin dəyişdirilmədən saxlanıldığını, ondan sonra əlavə kassasiya şikayəti verməsinə baxmayaraq Ali Məhkəmənin Plenumunda baxılması üçün əsas olmaması barədə cavab aldığını göstərmişdir.
Ərizəçi mübahisəli evin geniş həyətyanı sahəsi, qeydiyyata alınmayan əlavə yaşayış otaqları olduğunu göstərərək məhkəmə qətnaməsi ilə verilən kompensasiya ilə razı olmadığını, eləcədə məhkəmə tərəfindən «Azərbaycan Respublikası  Mülki Məcəlləsinin  228-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin I hissəsinin şərh olunmasına  dair»  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının  tələblərinə əməl olunmadığını, konstitusiya hüquqlarının pozulduğunu qeyd edərək məhkəmə aktlarına yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə görə  heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra  beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında  Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil  və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin  ədalətli və açıq araşdırılması hüququna malikdir.
İnsan hüququları haqqında Ümumi Bəyannamənin 25-ci maddəsinə əsasən  hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq və yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. 
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə görə bu Paktda iştirak edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı-dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımı tədbirlər görəcəklər.
Bakı şəhəri Xətai rayon məhkəməsi 25 dekabr 2002-ci il tarixli qətnaməsi ilə ərizəçi G.Mustafayevanın F.Mustafayev və qeyrilərinə  qarşı azyaşlı uşağı ilə birlikdə evə köçürülmə tələbini təmin edərkən Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsaslanmışdır.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi 09 iyun 2003-cü il tarixli qətnaməsilə isə Mülki Məcəllənin 228.2-ci maddəsini əsas götürərək Xətai rayon məhkəməsinin yuxarıda göstərilən qətnaməsini dəyişdirmiş, F.Müstafayev və qeyrilərindən 2000 (iki min) ABŞ dollarının (manatın məzənnəsi ilə) alınıb G.Mustafayevaya  kompensasiya verilməklə onun yaşayış hüququna xitam vermişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 oktyabr 2003-cü il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.                
İş üzrə qəbul olunmuş məhkəmə aktlarından məlum olur ki, ərizəçi ilə F.Mustafayev arasında rəsmi nigah 11 mart 2000-ci il tarixdə qeydiyyata alınmış və o həmin gündən mübahisəli evə ailə üzvü kimi köçərək, bu evdə yaşayış hüququ əldə etmişdir.
Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən əvvəl yaranmışdır.
Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının  tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa  mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
 «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin  228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Bakı şəhəri Xətai rayon məhkəməsi  işin faktiki hallarını, qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarının şərhini nəzərə alaraq G.Mustafayevanın mübahisəli evə köçürulməsinə dair yuxarıda göstərilən  qətnaməni qəbul etmişdir.
Apellyasiya Məhkəməsi isə G.Mustafayevanın 2000-ci ilin mart ayından mübahisəli evdə yaşamasını inkar etməyərək, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olan Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına zidd olaraq, iş üzrə tətbiq edilməlı olan  Mənzil Məcəlləsinin 123-cü maddəsini tətbiq etməmiş, əvəzində tətbiq edilməli olmayan Mülki  Məcəllənin 228.2-ci maddəsini tətbiq etmiş, nəticədə  ərizəçinin Konstitusiyada təsbit olunmuş mənzil hüququnu pozmuşdur.
Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlamalı olduğu halda, qanunun bu tələbini yerinə yetirməmiş, yuxarıda göstərildiyi kimi Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
Halbuki həmin Məcəllənin 418-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının  03 oktyabr 2003-cü il tarixli qərarı Konstitusiyanın 43-cü maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416, 418.1-ci maddələrinə  uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməli və bu işə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X  hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67  və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
QƏRARA   ALDI:
 
1.     Mustafayeva Güllü Adil qızının Mustafayev Fərrux Elman oğlu və qeyrilərinə qarşı mənzilə köçurülmə tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının  03 oktyabr 2003-cü il tarixli  qərarı Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə  uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. Bu işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
        
2.     Qərar dərc  olunduğu  gündən qüvvəyə minir.
 
3.      Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
 
4. Qərar qətidir, heç bir orqan və ya  şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
 
Sədrlik edən                                                      Fərhad Abdullayev