ANA SƏHİFƏ » Qərarlar » 28.04.04 M.A.Muradovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN  RESPUBLIKASI  ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ  PLENUMUNUN
 
Q Ə R A R I
 
M.A.Muradovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının
Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
28 aprel   2004-cü il                                                                                 Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi M.Muradovun, onun nümayəndələri Ə.Kərimov və R.Əhmədovun,
şahid T.İsayevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında  Məhərrəm Abdüləziz oğlu Muradovun şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsinə dair  Y.Məhəməliyevin iddiası üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin yoxlanılması  haqqında  şikayətinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 02 aprel tarixli, 8m-9/03 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçi M.Muradovun və onun nümayəndələri Ə.Kərimov və R.Əhmədovun çıxışlarını, şahid T.İsayevin ifadəsini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN  ETDİ:
        
M.A.Muradov ərizəsində göstərir ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 03 noyabr tarixli 232 saylı sərancamı ilə qardaşının təsisçisi olduğu və özünün də  təsisçilikdə  iştirak etdiyi «Supersan» özəl şirkətinə yanacaq doldurma məntəqəsinin tikilməsi üçün Balakən şəhərində ayrılmış   0,20 ha torpaq sahəsində dövlət və tikinti smeta xərclərini ödədikdən sonra  onun inşasına başlamışdır.
Lakin Balakən şəhər sakini Yusif Məhəməliyev tikintinin aparılmasına imkan verməmiş və ona ayrılmış torpaq sahəsindən «İpək yolunun» keçməsi bəhanəsilə, əsassız olaraq 1998-ci il 03 noyabr tarixli 232 saylı sərəncam ləğv olunmuşdur. Torpaq sahəsi geri alınarkən  mövcud qanunvericiliyin tələblərinə zidd olaraq ona başqa torpaq sahəsi ayrılmamış, apardığı tikinti işlərinin xərclərinin əvəzi ödənilməmişdir. Y.Məhəməliyevin qardaşı Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra isə həmin torpaq sahəsi Y.Məhəməliyevin istifadəsinə  verilmişdir.
O, şikayətində bildirir ki, Bakı şəhərində ambulator müalicədə olduğu vaxt Rayon İcra Hakimiyyəti başçısının təzyiqi ilə işlədiyi Balakən rayon mərkəzi xəstəxanasının baş həkiminin 2000-ci il 12 oktyabr tarixli əmrinə əsasən   qanunsuz olaraq  cərrahiyyə şöbəsinin müdiri  vəzifəsindən azad edilərək başqa işə keçirilmişdir. Əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası məhkəmə instansiyaları tərəfindən təmin olunmamışdır.       
M.Muradov daha sonra göstərir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün  «AVN-MED» kiçik müəssisəsini təsis etmişdir. Əczaçılıq fəaliyyətini həyata keçirmək məqsədilə  Səhiyyə Nazirliyindən  lisenziya(xüsusi razılıq)  almasına və onun özəl tibb fəaliyyətilə məşğul olmasına icazə verilməsinə baxmayaraq  sahibkarlıq fəaliyyətini  həyata  keçirməsinə  imkan verilməmişdir.
 Rayon İcra Hakimiyyətinin başçısı və  qardaşı Y.Məhəməliyevin ona qarşı olan qanunsuz hərəkətlərindən müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə, o cümlədən rəsmi dövlət qəzeti olan «Azərbaycan» qəzetinin redaksiyasına  ərizə ilə müraciət etmişdir.
 «Azad Azərbaycan» qəzetinin 2001- ci il 15 iyun tarixli  sayında «Balakəndə hal qalmadı» (müəllifi Vəli) və «Azərbaycan» qəzetinin 2001-ci il 05 avqust tarixli  sayında «Bir şikayətin izi ilə»  (müəllif T.İsayev) məqalələri dərc olunmuşdur.
Ərizəçi bildirir ki, bu məqalələr  dərc edildikdən sonra  şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar Y.Məhəməliyevin  Balakən rayon məhkəməsində qaldırdığı iddia  icraata  qəbul edilməyərək aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə  göndərilmişdir. Bu məhkəmə  isə iddia üzrə işə cavabdeh kimi «Azad Azərbaycan» və «Azərbaycan» qəzetlərinin redaksiyalarının və  həmin məqalələrin müəlliflərinin əvəzinə, onu cəlb edərək  Y.Məhəməliyevdən  üzr istəyib təkzib yazmağı və vurulmuş mənəvi ziyana görə 30(otuz) milyon manat pul ödəməyi qət etmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyası (MİÜMK) yalnız  mənəvi ziyana görə ödənilməli məbləğ azaldaraq 2(iki) milyon manat həcmində müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyası (MİÜMK) Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsini dəyişdirilmədən saxlamışdır.  Əlavə kassasiya qaydasında  verdiyi şikayətinə Ali Məhkəmə sədrinin məktubu ilə onun təmin olunmamasına dair  cavab verilmişdir.
Ərizəçi hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq barəsində edilən qanunsuz hərəkətlərin qarşısının alınması, Azərbaycan Respublikası vətəndaşı kimi Konstitusiya  hüquq və azadlıqlarının bərpa edilməsi üçün dövlət orqanlarına yazdığı şikayət ərizələri məhkəmələr tərəfindən  şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması kimi qiymətləndirilmiş, cavabdeh olmadığı halda onu cavabdeh qismində tanımışlar.
M.Muradov habelə qeyd edir ki, yazıların müəlliflərinin göstərdikləri faktların onun tərəfindən təkzib edilməsi üçün redaksiyaların üzərinə heç bir öhdəliyin qoyulmaması və onun təkzibin dərc edilməsini redaksiyadan tələb etmək səlahiyyətinə malik olmaması qətnamənin icrasını qeyri-mümkün etmişdir.Buna baxmayaraq Balakən  rayon məhkəməsinin 2004-cü il 06 dekabr tarixli  xüsusi qərardadına əsasən rayon prokurorluğu onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlamış və istintaq aparılması üçün işi Azərbaycan Respublikası  Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndərmişdir.
M.Muradov şikayətində  məhkəmə  aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və mülki  qanunvericiliyinə  uyğunluğunun yoxlanılmasını xahiş edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  Palatası 2004-cü il 11 fevral tarixli qərardadı  ilə  M.A.Muradovun şikayətinin şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsilə  bağlı Y.Məhəməliyevin iddiası üzrə çıxarılmış məhkəmə aktlarına  dair  hissəsini  icraata qəbul  etmişdir.
İş materiallarından görünür ki, Y.Məhəməliyev «Azad Azərbaycan» qəzetinin 2001-ci il 15 iyun tarixli 46 (188)-cı sayında «Balakəndə hal qalmadı» və «Azərbaycan» qəzetinin 2001-ci il 05 avqust tarixli 176 (2889)-cı sayında «Bir şikayətin izi ilə» başlıqları altında dərc edilmiş məqalələrin əsasını M.A.Muradovun uzun müddət yazdığı şikayət ərizələrinin təşkil etdiyini göstərərək,  şərəf və ləyaqətini ləkələyən məlumatların M.Muradov tərəfindən təkzib olunması və vurulmuş mənəvi zərərə görə ondan 50 (əlli) milyon  manat tutularaq Balakən rayon Əlillər Fondunun hesabına köçürülməsi barədə 2001-ci il 24 avqust  tarixli ərizə ilə Balakən rayon məhkəməsinə müraciət etmişdir.
Bu məhkəmə  «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cü il 14 may  tarixli 7 saylı qərarının 9-cu bəndini, həmçinin «Azərbaycan» və «Azad Azərbaycan» qəzetlərinin redaksiyalarının  və yazıların müəlliflərinin cavabdeh kimi işə cəlb edilməli olduğunu əsas götürərək  2001-ci il 05 sentyabr tarixdə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməməsi  və aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməsinə dair qərardad çıxarmışdır.
Yasamal rayon məhkəməsinin 2001-ci il 10 dekabr tarixli qətnaməsindən görünür ki, işdə M.Muradov cavabdeh, «Azad Azərbaycan» və «Azərbaycan» qəzetlərinin redaksiyaları isə maraqlı  şəxs qismində iştirak etmişlər .
Bu qətnamə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) məhkəmə qətnaməsinə dair müddəaların nəzərdə tutulduğu 16-cı fəslinin maddələri əvəzinə 316-337-ci maddələri rəhbər tutularaq  Y.Məhəməliyevin iddiası qismən təmin olunmaqla M.Muradovun üzərinə  «Azad Azərbaycan», «Azərbaycan» qəzetlərinin redaksiyalarına, Azərbaycan Respublikasının Prezidentinə, Prezident Aparatına, Yeni Azərbaycan Partiyasının rəhbər işçilərinə, Vergilər Nazirliyinə və digər təşkilatlara göndərdiyi ərizələrində  Y.Məhəməliyevə dair  məlumatların həqiqətə uyğun olmadığından təkzib olunması, təkzib ərizəsinin mətni müəyyənləşdirilməklə «Azad Azərbaycan» və «Azərbaycan» qəzetlərinin redaksiyalarına müraciət etməsi və mənəvi zərərin əvəzi olaraq 30 (otuz) milyon manat tutularaq Y.Məhəməliyevin tələbi üzrə  Balakən rayon Əlillər Fondunun hesabına köçürülməsi qət edilmişdir.
M.Muradovun şikayətinə əsasən Apellyasiya Məhkəməsi MİÜMK-nın 2002-ci il 27 may tarixli qətnaməsi ilə  Bakı şəhəri Yasamal rayon məhkəməsinin bu iş üzrə qətnaməsinin vurulmuş mənəvi ziyana görə 30 (otuz) milyon manat məbləğində pulun tutulması hissəsinin  dəyişdirilərək   2 (iki) milyon manata endirilməsi,  qalan hissələrinin isə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
2002-ci il 06 sentyabr tarixdə cavabdehin kassasiya şikayətinə baxaraq Ali Məhkəmənin   MİÜMK-sı, Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinın təmin edilməməsini qərara almışdır.
M.Muradovun əlavə kassasiya qaydasında verdiyi şikayətlə əlaqədar Ali Məhkəmə sədrinin  2003-cü il 23 aprel tarixli 8m-9/03 saylı məktubu ilə  onun təmin olunmaması bildirilmişdir.
Təqdim edilmiş sənədlərdən həmçinin məlum olur ki, Apellyasiya Məhkəməsi MİÜMK-nın  2002-ci il 27 may tarixli qanuni qüvvəyə minmiş qətnaməsini M.Muradov  icra etməmiş və Balakən rayon məhkəməsinin  2003-cü il 24 sentyabr tarixli qərarına əsasən  Azərbaycan Respublikası  İnzibatı Xətalar  Məcəlləsinin 313.1.1-ci maddəsi ilə şərti maliyyə vahidinin  30 misli miqdarında cərimə olunmuşdur. Bundan sonra  Balakən rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları(MN vəMİ) qrupu tərəfindən müəyyən edilmiş müddət ərzində qətnaməni icra etmədiyinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair  rayon məhkəməsinə 2003-cü il 30 dekabr tarixli təqdimat göndərilmişdir. Məhkəmə  təqdimatı təmin etməklə M.Muradovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin başlanması  məsələsinin həll edilməsi üçün materialların Balakən rayon prokurorluğuna göndərilməsinə dair 2004-cü il 06 yanvar tarixdə xüsusi qərardad çıxarmışdır.
M.Muradovun şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Demokratik cəmiyyətin və hüquqi dövlətin möhkəmlənməsi və inkişafına təkan verən əsas  hüquqlar sırasında müraciət etmək hüququ xüsusi yer tutur. Həmin hüququn təmin olunması hər kəsin sosial, siyasi, iqtisadi hüquq və azadlıqlarının, o cümlədən təhlükəsizliyinin qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, onların daha dolğun həyata keçirilməsinə zəmin yaradır .
Azərbacan Respublikası vətəndaşlarının  dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv  yazılı müraciətlər göndərmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində müəyyənləşdirilmişdir. Bu hüququn tənzimlənməsini  nəzərdə tutan «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin 1-ci abzasına əsasən dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər.
Mübahisə yaranan zaman qüvvədə olan «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 1-ci bəndinə əsasən informasiya axtarmaq, toplamaq, hazırlamaq, istehsal etmək və yaymaq jurnalistin hüquqları sırasında göstərilmişdir. Jurnalistin vəzifələrini nəzərdə tutan həmin Qanunun 47-ci maddəsinin 2,4,5-ci bəndlərində isə ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq, hazırladığı xəbər və materialların yayılması ilə əlaqədar irəli  sürülə biləcək iradlar və qanunla nəzərdə tutulmuş digər tələblər barədə baş redaktora (redaktora)  məlumat vermək, öz imzası, imzasız və ya təxəllüslə doğru-dürüstlüyü təsdiq olunmamış, yaxud böhtan və təhqir xarakterli informasiya və materiallar yaymamağa dair vəzifələr də müəyyənləşdirilmişdir. («Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanunundan 46 və 47-ci  maddələr  Azərbaycan Respublikasının 2001-ci il 28 dekabr tarixli Qanunu ilə çıxarılmışdır). İş materiallarından məlum olur ki, M.Muradovun «Azərbaycan» qəzetinin redaksiyasına göndərdiyi şikayət ərizəsindəki  faktların araşdırılması üçün  qəzetin hüquqi islahatlar və sosial ədalət şöbəsinin redaktoru Tacir İsayev «Azərbaycan» qəzetinin redaksiyası üzrə 2001-ci il 11 iyul tarixli 6/E saylı əmrlə 2001-ci il iyul ayının  16-dan etibarən 3 gün müddətinə Balakən rayonuna ezam olunmuş,  müxtəlif adamlarla görüşmüş, məlumatlar almışdır.Məhz bundan sonra «Bir şikayətin izi ilə» başlıqlı məqalə 2001-ci il 05 avqust tarixdə «Azərbaycan» qəzetində dərc olunmuşdur.
Göründüyü kimi Y.Məhəməliyevin M.Muradova qarşı şərəf və ləyaqəti ləkələyən məlumatların  təkzib edilməsi ilə əlaqədar  iddia tələbi ilə bağlı  münasibətlər « Kütləvi informasiya vasitələri haqqında»  Azərbaycan Respublikası Qanununun 46 və 47-ci maddələrı qüvvədə olan zaman  yaranmışdır.
Azərbaycan Respublikası Mulki Məcəlləsinin 2.4-cü maddəsində qeyd olunur ki, insanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri - maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsilə bağlı münasibətlər, əgər bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
 «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixli 7 saylı qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, kütləvi informasiya vasitəsinin redaksiyası və yazının müəllifi cavabdeh kimi işə cəlb edilməlidir. Redaksiya hüquqi şəxs olmadıqda isə kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh kimi tanınmalıdır. Müəllifin və yaxud redaksiyanın üçüncü şəxs kimi işə cəlb edilməsi qanuna uyğun hesab edilmir.
Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda  baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-nin  35.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.
Qeyd edildiyi kimi Y.Məhəməliyevin iddia ərizəsi Balakən rayon məhkəməsinin qərardadı ilə «Azad Azərbaycan» və «Azərbaycan» qəzetlərinin redaksiyalarının yerləşdikləri ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilmişdir.
Yasamal rayon məhkəməsi  iş üzrə prosesə M.Muradovu cavabdeh, «Azad Azərbaycan» və «Azərbaycan» qəzetlərini isə vəkalətli nümayəndələri vasitəsilə maraqlı şəxs qismində cəlb etmişdir. Apellyasiya Məhkəməsi MİÜMK-nın  qətnaməsindən və Ali Məhkəməsi  MİÜMK-nın  qərarından da görünür ki, cavabdeh «Azad Azərbaycan» və «Azərbaycan» qəzetləri redaksiyaları və dərc olunmuş məqalələrin müəllifləri deyil, məhz M.Muradov olmuşdur.
Bu hal isə MPM-nin 54-cü maddəsinin tələblərinə  uyğun deyildir. Belə ki,  Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən  verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə  məhkəmə iddiaçının razılığı ilə işə xitam vermədən ilk iddiaçını  və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.3-cü maddəsinə görə isə iddiaçı cavadehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi ikinci cavabdeh  kimi  işə cəlb edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bütün məhkəmə instansiyalarında işlərin maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. 
Bu baxımdan məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə  MPM-in 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti və hüquq üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində  göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, bu qayda kassasiya məhkəmə icraatında da müəyyənləşdirilmişdir. Belə ki, MPM-in  416-cı maddəsi kassasiya instansiyası məhkəməsinə  apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının düzgün tədbiq edilməsini yoxlamaq səlahiyyəti verir.  Məcəllənin 418.1-ci maddəsinə görə isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin  qətnamə və qərardadının kassasiya  instansiyası məhkəməsi tərəfindən ləğv edilməsinə səbəb olur.
İşə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi  Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını əks etdirir. Məhkəmə müdafiə hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, İnsan hüquqlarının  və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının  6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Bu baxımdan Y.Məhəməliyevlə M.Muradov arasında yaranmış mübahisə üzrə  qeyd edilən maddi və prosessual qanunvericilik  normalarına riayət edilməməsi Konstitusiyanın 60-cı maddəsilə nəzərdə  tutulmuş  hüququn pozulmasına  səbəb olmuşdur.
Yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Y.Məhəməliyevin M.Muradova qarşı şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib olunması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2002-ci il 06 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418-ci  maddələrinə uyğun olmadığı üçün quvvədən düşmüş hesab edilməlidir. Bu işlə bağlı çıxarılmış  məhkəmə aktları icra olunmamalı və  işə qanunvericilikdə müəyyən  edilmiş  qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X  hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu      
  
QƏRARA   ALDI:
 
1.  Y.Məhəməliyevin M.Muradova qarşı şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib olunması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2002-ci il 06 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418-ci  maddələrinə uyğun olmadığı üçün quvvədən düşmüş hesab edilsin. Bu  işlə  bağlı  çıxarılmış məhkəmə aktları   icra olunmasın və  işə qanunvericilikdə müəyyən  edilmiş  qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
 3.  Qərar  «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi»   qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.
 4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                      Fərhad Abdullayev