ANA SƏHİFƏ » Qərarlar » 25.03.04 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI  PLENUMUNUN
 
QƏRARI
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
254.1.4-cü maddəsinin şərh edilməsinə dair
 
 
25 mart 2004-cü il                                                                         Bakı şəhəri
  
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), B.Qəribov, F.Babayev, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin  nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Mirzəliyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı İ.Babayevin,
ekspert  Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi M.Əliyevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi barədə  Azərbaycan Respublikası Ali Məhkəməsinin 2004-cü il 16 fevral tarixli, 8-1/2004 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri Ə.Mirzəliyev və İ.Babayevin çıxışlarını, ekspert M.Əliyevin rəyini dinləyib müzakirə edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN  ETDİ:
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət  və ya inzibati qaydada baxılan başqa  bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda göstərilir ki,  Mülki Prosessual Məcəllənin həmin  maddəsinin tətbiqində fikir ayrılığı mövcuddur. Məhkəmələrin bir qismi mülki işlərin icraatlarını dayandırarkən həmin işlərlə əlaqəsi olan yalnız məhkəmələrdə baxılan, digər qismi isə ibtidai istintaqda olan cinayət işlərinə də istinad edirlər. Bu halın vahid məhkəmə təcrübəsinin yaranmasına mane olduğuna əsaslanaraq Ali Məhkəmə həmin maddənin şərh olunmasını xahiş edir.  
İşin materiallarında  Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 254, 255, 256-cı maddələrinin  rəsmi mətnləri vardır.
Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı  aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Məhkəmə müdafiəsi hüququ beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır.
Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsinə əsasən bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir. Həmin Bəyannamənin 10-cu maddəsinə əsasən, hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və  ədalətin bütün  tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.
Bu müddəa həmçinin Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də təsbit olunmuşdur.  
Mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan  davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur.
Belə ki,  məhkəmə prosesii zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına  mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların  meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane  olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat   dayandırılır.  
Qanunverici Mulki Prosessual Məcəllədə  məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə  belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi  hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin  icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki,  mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.
İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.
İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan  sübut kimi qəbul olunmalıdır.
 Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir  və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb  olan  faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair  iddia üzrə məhkəmə qərarının çıxarılması üçün  də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.
 Mülki Prosessual Məcəllənin 82.2-ci maddəsinə əsasən  məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir.
Həmin Məcəllənin 82.3-cü maddəsinə görə  bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə  müəyyən olunan faktlar   həmin şəxslərin iştirak etdiyi  başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir.
Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən isə  cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə  baxan məhkəmə və ya hakim üçün məcburidir.
Mülki  Prosessual  Məcəllənin  256-cı  maddəsi   icraatın dayandırma müddətlərini nəzərdə tutur. Həmin Məcəllənin 256.0.3-cü  maddəsinə əsasən      bu Məcəllənin  254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda  məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qanuni qüvvəyə minənə qədər, yaxud  inzibati qaydada baxılan iş üzrə  qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır.
Göründüyü kimi qanunverici  məhkəmənin icraatında olan mülki iş üzrə  yalnız qanuni qüvvəyə minmiş  məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir.
İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial  əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan  başqa  bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni  qüvvəyə  minməsini  ehtiva  edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65, 66, 67  və 69-cu maddələrini rəhbər tutaraq
 
QƏRARA  ALDI:
 
1. Azərbaycan Respublikası  Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü  maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa»  müddəası  məhkəmə  tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. 
2.  Qərar dərc  olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
 
Sədrlik edən                                                      Fərhad Abdullayev