ANA SƏHİFƏ » Qərarlar » 29.12.03 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 – ci maddəsinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLIKASI
KONSTITUSIYA  MƏHKƏMƏSININ
 
Q Ə R A R I
 
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 – ci maddəsinin
şərh edilməsinə dair
 
 
29 dekabr 2003 – cü il                                                                                             Bakı şəhəri
 
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F.Abdullayev (Sədr), hakimlər F.Babayev, R.Qvaladze, B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi hakim) ibarət tərkibdə,
İ.İsmayılovun katibliyi ilə,
maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Kərimovun,
ekspertlər  Bakı Dövlət Universiteti filologiya fakültəsi – türkologiya  kafedrasının professoru, filologiya elmləri doktoru E.Əzizovun, Hüquq fakültəsi – cinayət hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi R.Şəmsizadənin, Elmi – Tədqiqat  Məhkəmə Ekspertizası,  Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun nümayəndəsi C.Əhmədovun   iştiraki ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130 - cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 – ci maddəsinin müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003 –cü il 01 dekabr tarixli, 8 – 7/03 saylı sorğusu ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim Ə.Sultanovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri M.Ağazadə və S.Kərimovun çıxışlarını, ekspertlər – E.Əzizov, R.Şəmsizadə və C.Əhmədovun  rəylərini  dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
  
M Ü Ə Y Y Ə N   E T D İ :
  
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 – ci maddəsinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində yaranmış qeyri – müəyyənliyin aradan qaldırılması məqsədi ilə həmin maddənin şərh olunmasını xahiş edir.
Sorğuya görə, Cinayət Məcəlləsinin 228 – ci maddəsinin adında soyuq silah barədə heç bir müddəa olmadığı halda, bu maddənin tərkib hissəsi olan 228.4. – cü maddədə “soyuq silah” termini işlədilmişdir. Bundan başqa  “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda belə termin olmadığı halda  göstərilən 228.4. – cü maddədə “tullayıcı silah” termininə istinad edilmiş  soyuq, pnevmatik və sair silahın həmin terminə aid olub - olmaması isə açıqlanmamışdır.
İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2 – ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 – ci maddəsinin rəsmi mətnləri vardır.
Sorğu ilə bağlı Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.
Cinayət Məcəlləsinin 228 – ci maddəsi “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurqular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” adlanır.
Bu normanın tərkib hissəsi olan 228.4. – cü maddədə isə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə , satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Odlu silahla soyuq silahı eyniləşdirmək olmaz, onlar öz konstruksiyasına, təyinatına, iş prinsipinə və istifadə edilmə qaydasına görə bir – birindən xeyli fərqlidir.
Odlu silah soyuq silahdan təkcə hazırlanma, təyinat və istifadə edilmə qaydası ilə deyil, həm də cəmiyyət üçün son dərəcədə təhlükəliliyi ilə fərqlənir.
Cinayət Məcəllənin 228 – ci maddəsinin mahiyyətindən göründüyü kimi, bu maddənin tərkibində həm odlu,  həm də soyuq silahın qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə olan halda maddənin adında yalnız odlu silahın göstərilməsi məntiqi baxımdan anlaşılmazdır.
Bu baxımdan silahın hazırlanmasına görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 229 –cu maddəsi qanunvericilik texnikası və məntiqi nöqdeyi - nəzərdən daha aydın yazılmışdır. Həmin maddə “Qanunsuz olaraq silah hazırlama” adlanır və bu maddədə həm odlu, həm də soyuq silahın hazırlanmasına  görə cinayət məsuliyyətinin nəzərdə tutulması heç bir anlaşılmamazlıq yaratmır.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 228 –ci maddəsinin adı və onun dispozisiyası uyğunlaşdırılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 94 – cü maddəsinin I hissəsinin 17 – ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsinə dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
“Xidməti və mülki silah haqqında” Qanunda ”soyuq atıcı silah” termini işlədildiyi halda Cinayət Məcəlləsində qanunsuz dövriyyəsinə görə məsuliyyətə səbəb olan “tullayıcı silah” terminindən istifadə olunması  istintaq və məhkəmə təcrübəsində həmin maddənin tətbiqi zamanı qeyri – müəyyənlik  yaradır .
Qeyd etmək lazımdır ki, qanunvericilik aktlarının, o cümlədən Cinayət Məcəlləsinin müddəalarının birmənalı və düzgün müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki,hüquq normalarının müəyyənliyi, aydınlığı, ikimənalı olmaması hüquqtətbiq edən orqanlar tərəfindən törədilmiş cinayətlərin düzgün tövsif edilməsinə xidmət edir və həmin orqanların fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsinə imkan yaradır. 
Ekspertlərin rəyindən məlum olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4. – cü maddəsində “tullayıcı silah” termini linqvistik mənasına görə ”Xidməti və mülki silah haqqında” Qanunun 2 – ci maddəsindəki “soyuq atıcı silah” termini ilə eyniyyət təşkil edir. Həm ”tullayıcı silah”, həm də “atıcı silah” terminləri altında eyni bir anlayış, yəni Qanunun 2 – ci maddəsində göstərildiyi kimi, insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətləndirilmiş hərəkət əldə edən əşyalarla məsafədən hədəfi zədələmək təyinatına malik olan silah nəzərdə tutulur. Cinayət Məcəlləsinin 228.4. – cü maddəsindəki “tullayıcı silah” termini Qanunun 2 – ci maddəsindəki ”soyuq atıcı silah” termininin qarşılığı kimi işlədilə bilər. ,,Xidməti və mülki silah haqqında” Qanun spesifik məsələləri tənzimlədiyindən, bu Qanunda işlədilən soyuq atıcı silah termini daha doğrudur.
Qanunverici Cinayət Məcəlləsinin 228 – ci maddəsində “tullayıcı silah” termini altında məhz Məcəllədən əvvəl qəbul edilmiş “Xidməti və mülki silah haqqında” Qanunda anlayışı verilmiş “soyuq atıcı silah” nəzərdə tutmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Cinayət Məccəlləsinin  228.4. –cü maddəsində nəzərdə tutulan “tullayıcı  silah” termini altında ”soyuq atıcı silah” başa düşülməlidir.
Pnevmatik silahın soyuq silahların tərkibinə daxil olub – olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsi qeyd edir ki, pnevmatik silahın anlayışı “Xidməti və mülki silah haqqında” Qanunun 2- ci maddəsində verilmişdir.
Ekspertlərin rəylərindən məlum olduğu  kimi, pnevmatik silah soyuq atıcı silahlara aid deyildir.
Qüvvədə olan qanunvericiklə pnevmatik silahın qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130 – cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 65,66,75,76,78,81,83 və 85 – ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
  
Q Ə R A R A   A L D I :
 
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 - ci maddəsinin adı və onun dispozisiyası (228.4. – cü maddə) arasında olan uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4. – cü maddəsində nəzərdə tutulan “tullayıcı silah” termini  “Xidməti və mülki silah haqqında” Qanunda göstərilən“soyuq atıcı silah” termini mənasında tətbiq olunmalıdır.
3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı” nda dərc olunsun.
5. Qərar qətidir, heç bir orqan və ya vəzifli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
  
        
Sədrlik edən                                            Fərhad Abdullayev